Qida Təhlükəsizliyi İnstitutu ilə Bilik Fondu Arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
4 Yanvar 2019 00:00
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Anlaşma memorandumunda əhalinin qida təhlükəsizliyi sahəsində birgə tədris proqramları və tədris materiallarının hazırlanması, mütəxəssislərlə bağlı məlumat bankının yaradılması, birgə konfrans və seminarların, “dəyirmi masa” və təqdimatların, mühazirə və təlimlərin təşkili, sosioloji sorğuların aparılması, intellektual müsabiqələrin və bilik yarışlarının keçirilməsi, sosial yönümlü video-çarxların, qısametrajlı sənədli filmlərin hazırlanması və ölkə ərazisində nümayişi, tədqiqat proqramlarının və layihələrin tərtib edilməsi, istehsalçılar və istehlakçıların maraqlarının müdafiəsi ilə bağlı tədbirlərin təşkili, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi, müvafiq məlumat bankının yaradılması ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi kimi istiqamətlər nəzərdə tutulub.
Qida Təhlükəsizliyi İnstitutu İdarə Heyətinin sədri Sadiq Məmmədov tədbiri açaraq, qonaqları salamlayıb və tərəflərin fəaliyyətində eynilik təşkil edən məqamlardan söz açıb. Hər iki qurumun strategiyasının əsasında maarifləndirmə siyasətinin prioritet olduğunu xatırladan sədr təhlükəsiz qidalardan düzgün istifadə etmə qaydaları, belə qidaların növləri, tərkibi barədə məlumatların əhaliyə düzgün və dolğun çatdırılmasında, əhalinin dövlətin bu sahədə həyata keçirdiyi islahatların mahiyyəti ilə bağlı maarifləndirilməsində birgə fəaliyyətə ehtiyac olduğunu diqqətə çatdırıb, belə bir əməkdaşlığın rəsmi təməlinin qoyulması hadisəsindən məmnun olduqlarını söyləyib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında yeni ildə ilk əməkdaşlıq sazişinin Qida Təhlükəsizliyi İnstitutu ilə imzalandığını diqqətə çatdıraraq, uğurlu başlanğıcın səmərəli nəticələr verəcəyinə əminliyini vurğulayıb.
Fondun gördüyü işlər barədə ümumi məlumat verən Oktay Səmədov bu günə qədər 50-dən çox müəssisə və təşkilatla əməkdaşlıq sazişi imzaladıqlarını,10 bölgədə Bilik evlərinin, 76 şəhər və rayonda Fond nümayəndələrinin fəaliyyət göstərdiyini qeyd edib, Qida Təhlükəsizliyi İnstitutunun bölgələrdəki laboratoriyaları ilə Bilik evlərinin yerli əhalinin maarifləndirilməsi istiqamətində birgə və ahəngdar fəaliyyətinin faydalı olacağına əmin olduğunu bildirib.
İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sağlam qidalanmasına böyük önəm verdiyini, bu istiqamətdə görülən işlərə xüsusi diqqət göstərdiyini, qida təhlükəsizliyinin milli təhlükəsizliyin tərkib hissəsi kimi dəyərləndirdiyini vurğulayıb. Gələcəkdə gerçəkləşəcək birgə layihələrin mahiyyəti məhz bu amillərə əsaslanmalı, hər bir fərdin sağlam qidalanmasında maarifçilik hərəkatının üzərinə böyük məsuliyyət düşdüyünü unutmamalıyıq. Oktay Səmədov fəaliyyət planında əksini tapa biləcək müddəlardan söz açıb, bir neçə təkliflər səsləndirib.
Tərəflər arasında Anlaşma memorandumu imzalandıqdan sonra İnstitutun İdarə Heyətinin sədri Sadiq Məmmədov tərəfdaş qurumun rəhbərinin görüşdə səsləndirdiyi fikirlərlə tam razı olduğunu, fəaliyyətin konkret plan üzərində qurulmasının müsbət nəticələr verəcəyinə, əhalinin birgə layihələrdən yüksək səviyyədə faydalanacağına inandığını qeyd edib.
Görüş tərəflərin fikir mübadiləsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən balıqçılıq subyektlərində infeksion və invazion xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi, xəstəliklərin erkən aşkarlanması və yayılma risklərinin müəyyənləşdirilməsi məqsədilə monitorinq aparılacaq. 5–9 oktyabr tarixlərində keçiriləcək tədbirlər balıqçılıq və akvakultura məhsullarının istehsalı, yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan, həmçinin beynəlxalq ticarətdə iştirak edən və ya belə imkanlara malik 26 təsərrüfatı əhatə edəcək. Monitorinq çərçivəsində balıqların həssas olduğu xəstəliklər üzrə klinik və epizootoloji müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Təsərrüfatlarda baytarlıq norma və tələblərinə əməl olunması vəziyyəti də nəzərdən keçiriləcək, sahibkarlıq subyektləri üçün maarifləndirici tədbirlər təşkil olunacaq. Epizootoloji vəziyyətə dair müvafiq məlumatlar təhlil ediləcək. Tədbirlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssisləri iştirak edəcəklər. Qeyd edək ki, balıq xəstəlikləri üzrə epizootoloji vəziyyətin mütəmadi öyrənilməsi balıqçılıq və akvakultura məhsullarının beynəlxalq ticarəti baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən müvafiq hesabatlarda əks olunur.
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Giriş