Qida Təhlükəsizliyi İnstitutu təlimlərə start verdi
23 İyul 2018 00:00
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən müfəttişlərin bilik və bacarıqlarının artırılması istiqamətində nəzəri və praktiki təlimlərə başlanılıb. Keçirilən ilk təlimə Qida Təhlükəsizliyi Agentliyinin Bakı və Sumqayıt şəhərində fəaliyyət göstərən yerli struktur bölmələrin təftiş qrupunun nümayəndələri cəlb olunub.
İnteraktiv mühitində keçirilən təlim prosesində müfəttişlərə qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunması və risk əsaslı yoxlamalarla bağlı yeni qaydalar və standartlar izah edilib, qida məhsullarından nümunə götürülmə qaydaları əyani olaraq nümayiş etdirilib, həmçinin müfəttişlərin rəy və təklifləri dinlənilərək onları maraqlandıran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda təlimlər mütəmadi olaraq davam etdiriləcək və müsbət nəticə göstərərək fərqlənənlər sertifikatla təltif olunacaq.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər tətbiq olunub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Çin Xalq Respublikasının Sincan Uyğur muxtar regionunda xırdabuynuzlu heyvanların taun, Andorra Knyazlığının Ordino inzibati ərazi vahidində blutanq, Tunis Respublikasının Aryana, Ben-Arous, Beca, Qafsa, Cenduba, Mahdiya, Manuba, Sfax, Silyana, Susa, Zaqvan, Kebili, Medenin vilayətlərində, Koreya Respublikasının Collanam-do əyalətində, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında isə dabaq xəstəliyi aşkarlanıb. Bundan başqa, Polşa Respublikasının Podkarpatsk, Malopolsk inzibati ərazilərində, Şimali Makedoniya Respublikasının Poloq regionunda Nyukasl, Kamboca Krallığının Kamponq Çnanq, Prea Sianuk əyalətlərində, Şotlandiyanın Haylənd inzibati ərazi vahidində, Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında, Polşa Respublikasının Sventokşisk inzibati ərazisində, Nigeriya Federativ Respublikasının Kaduna, Zamfara ştatlarında, Toqo Respublikasının Mərkəz, Maritaym vilayətlərində, Banqladeş Xalq Respublikasının Kxulna vilayətində, Hindistan Respublikasının Karnataka ştatında, Toqo Respublikasının Maritaym vilayətində, İngiltərənin Şimal-Şərqi İngiltərə regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, diri iri və xırdabuynuzlu heyvanların, onlara aid məhsulların, habelə diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Başqırdıstan, Buryatiya, Tatarıstan respublikalarında, Zabaykalsk diyarında, Çelyabinsk vilayətində nodulyar dermatit, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda xırdabuynuzlu heyvanların çiçək, Macarıstanın Borşod-Abauy-Zemplen, Dyör-Moşon-Şopron inzibati ərazi vahidlərində, Amerika Birləşmiş Ştatlarının Aydaho, Alabama, Nebraska, Qərbi Virciniya, Corciya, Vaşinqton ştatlarında isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində quş qripi xəstəliyinə qarşı 7-11 aprel tarixlərində epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatları və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər əraziləri əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Həmçinin quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinq çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar beynəlxalq sistemə daxil ediləcək. Monitorinq Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları və mütəxəssisləri ilə birlikdə həyata keçiriləcək. Tədbir müddətində götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq.