“Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası” təsdiq edilib
5 Mart 2024 16:03

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2024-cü il tarixli 111 nömrəli Qərarına əsasən, “Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası” təsdiq edilib.
Sözügedən qaydalar məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida obyektlərində qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması qaydalarını müəyyən edir. Qaydalar qida və yem məhsullarına, qida ilə təmasda olam material və məmulatlara, habelə qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi, qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı mərhələlərinə şamil edilir.
Qaydalara əsasən, həyata keçiriləcək dövlət nəzarəti tədbirlərinin məqsədi insanların və heyvanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına təhlükə yarada biləcək qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların ilkin istehsalının, istehsalının, emalının və dövriyyəsinin qarşısının alınmasını, azaldılması və aradan qaldırılması, istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsini, yerli qida və yem məhsullarının rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, təhlükəsiz və keyfiyyətli qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların ilkin istehsalına, emalına və dövriyyəsinə əlverişli şəraitin yaradılmasıdır.
Qaydalarda qida obyektlərinin risk qruplarının müəyyən edilməsi üçün sabit və dəyişkən risk meyarları, həmin meyarlar üzrə risk balları, nəzarət tədbirlərinin növləri, illik dövlət nəzarət planlarının hazırlanması, nümunələrin götürülməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Qeyd edək ki, dövlət nəzarəti tədbirləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.
Agentlik bildirir ki, sözügedən qərarın tətbiqi nəzarət tədbirlərinə cəlb olunan resursların səmərəli istifadəsinə, həmçinin qida obyektlərinin risk səviyyəsi nəzərə alınmaqla, aparılan nəzarət tədbirlərinin effektivliyinin artırılmasına şərait yaradacaqdır.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.