
Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Müəyyən olunan konkret faktlar üzrə AQTA tərəfindən qanunamüvafiq tədbirlər görülür. Həmçinin Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb. Qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri və bu sahədə fəaliyyət göstərən sahibkarlarla ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində müasir dövrdə kənd təsərrüfatı bitkilərində yaranan rezistentliyin aradan qaldırılması, torpaqda və bitkidə pestisid və aqrokimyəvi maddələrin qalıq miqdarının minimuma endirilməsi məqsədilə inteqrir mübarizə və digər alternativ daha təhlükəsiz mübarizə üsullarının ön planda olduğu xüsusi vurğulanıb. Ölkədə istehsal edilən bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması, ixrac bazarının genişləndirilməsi istiqamətində ilkin istehsalla məşğul olan bitkiçilik məhsullarının növlərinə görə ərazisi müvafiq orqan (qurum) tərəfindən müəyyən edilən həddən çox olan bitkiçilik obyektlərinin bitki sağlamlığına daxili nəzarət sisteminə, o cümlədən bitkiçilik subyektlərində onları bitki və bitkiçilik məhsulları, əkin və səpin materialları və digər karantin nəzarətində olan materiallarla təchiz edən və ya bitki və bitkiçilik məhsulları, əkin və səpin materialları və digər karantin nəzarətində olan materiallarla təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olması Qanun layihəsində qoyulan başlıca tələblərdəndir. “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Bəşir Quliyev Qanun layihəsinin hazırlanmasını yüksək qiymətləndirərək, müvafiq sahədə mövcud olan problemlərin aradan qaldırılmasında, praktikaya yönəlik hüquqi bazanın formalaşmasında xüsusi əhəmiyyət kəsb edəcəyini bildirib. Layihədə yer alan və beynəlxalq qanunvericiliyə və təcrübəyə əsaslanan yeni yanaşmaların (vahid Bitki Sağlamlığı Reyestrinin yaradılması, monitorinq, izləmə sisteminin formalaşdırılması, zərərli orqanizmlərdən azad istehsal yeri və ya sahələrinin yaradılması, elmi-tədqiqata və risklərin idarəedilməsinə əsaslanan yeni mexanizmlərin yaradılması, inteqrir, bioloji, biotexniki mübarizəyə təşviq və s.) bitkiçilik məhsullarının ilkin istehsalı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar tərəfindən xüsusilə müsbət qarşılandığı qeyd olunub. Görüşdə sahibkarların yeni Qanun layihəsi ilə bağlı təklifləri dinlənilib, müzakirələr aparılıb.

AQTA əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə 65 ünvanında fəaliyyət göstərən, Hüseynov Ağahüseyn Kamil oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində bir sıra tələblərin pozulması faktları aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, emal prosesi zamanı texnoloji ardıcıllıq prinsipinə, gigiyena qaydalarına riayət olunmadığı, qablarda kiflənmə əlamətlərinin müşahidə edildiyi, hazır məhsulların birbaşa döşəmə üzərində, ara məsafəsi gözlənilmədən saxlandığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilib. Bundan başqa, müəssisədə istehsal olunan məhsulların (şor, dovğa) etiket məlumatlarında istehsal tarixi və yararlılıq müddətinin saxtalaşdırıldığı aşkarlanıb. Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün laboratoriyaya təqdim olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 15/1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qaraqurbanlı Rəşad Xanlar oğluna məxsus “Pub 008” ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan 4 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik “Olmeca Tequila” əmtəə nişanlı tekila, 2 ədəd 1 litrlik, 4 ədəd 0.7 litrlik, 4 ədəd 0.5 litrlik “Chivas Regal 12” əmtəə nişanlı viski, 3 ədəd 0.7 litrlik, 4 ədəd 0.5 litrlik “Jack Daniel`s” əmtəə nişanlı viski aşkarlanıb. İçkilərin bir qismində qablaşdırılmada istifadə olunan başlığın kustar üsulla yapışdırıldığı, məhsulun qapağındakı və etiketlənmədəki “LOT” kodların fərqli olduğu və qapaq hissəsində qopmalar müəyyən edilib. Həmçinin qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərinə dair sənədlər yoxlamaya təqdim edilməyib. Faktla bağlı inzibati icraata başlanıb, həmin məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə qərar qəbul edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalatçıları və İdxalatçıları Assosiasiyasının üzvləri və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birlikdə ictimai müzakirəsi təşkil edilib. AQTA rəsmisi Elxan Mikayılov qeyd edib ki, yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsəd ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsidir. Layihəyə əsasən, ölkə üzrə Bitki Sağlamlığı Reyestrinin yaradılması və bitki mühafizə vasitələrinin, aqrokimyəvi maddələrin, həmçinin onların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan subyektlərin və onların obyektlərinin də həmin reyestrə daxil edilməsi nəzərdə tutulur. Bildirilib ki, Qanun layihəsində bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı, istehsalı, qablaşdırılması, etiketlənməsi, idxalı, ixracı, təkrar ixracı və dövriyyəsi ilə əlaqədar yeni müddəalar öz əksini tapıb, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istifadəsinə və qalıq miqdarına dövlət nəzarəti ilə bağlı xüsusi tələblər müəyyən edilib. Ümumilikdə, Qanun layihəsi çərçivəsində əhalinin sağlamlığının və ətraf mühitin qorunması istiqamətində zərərli orqanizmlərlə mübarizə zamanı kimyəvi mübarizəyə alternativ daha təhlükəsiz mübarizə üsullarının, xüsusilə də inteqrir mübarizənin tətbiqinə üstünlük verilməsi, bitki mühafizə vasitələrindən son həll yolu kimi istifadə edilməsi öz əksini tapıb. Görüşdə sahibkarların yeni Qanun layihəsi ilə bağlı təklifləri dinlənilib, sualları cavablandırılıb.

AQTA tərəfindən bitki mənşəli məhsul istehsalı sahələrinin və ailə təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam edir. Bitkiçilikdə qeydiyyat prosesinin həlli sahənin inkişafına təkan verəcək. Qeydiyyat təsərrüfatların fəaliyyətini qanuni şəkildə tənzimləmək məqsədi daşıyır. Belə ki, qanunvericiliyə əsasən, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyata alınmadan və yə təsdiq olunmadan fəaliyyət göstərməsi qadağandır. Bitki mənşəli məhsul istehsalı sahələrinin, o cümlədən ailə təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi olduqca sadə və sürətlidir. Belə ki, obyektlər hər hansı qiymətləndirmə aparılmadan qeydiyyata alınır. Eləcə də, bu qeydiyyat sahibkarlar qarşısında hansısa öhdəlik yaratmır. Prosesin əhəmiyyətli üstünlükləri də var: - qeydiyyat fermerlərə dəstək xarakterli olduğu üçün ödənişsizdir; - məhsulların xarici bazarlara çıxış imkanları artırılır; - əhalinin sağlam qida ilə təmin edilməsi məqsədilə təsərrüfatların sağlamlaşdırılması prosesində dövlət orqanının nəzarəti gücləndirilir; - torpaq resurslarından əhalinin tələbatına uyğun istifadə edilməsi məqsədilə dəqiq uçot aparılır. Qeydiyyat prosesi ilə bağlı hazırladığımız videoçarxla linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/shorts/lrj1HcN9oOM

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara yolunun 56-cı kilometrliyində fəaliyyət göstərən, fiziki şəxs Zamanov Tuqay Oktay oğluna məxsus “Muğan” restoranında yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin edilmədiyi, mətbəxdə qida məhsulları üçün əlavə yuma çanağının ayrılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və iaşə müəssisəsinin mətbəx sahəsində nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Danimarka Krallığının Şimali Yutlandiya regionunda, Türkiyə Respublikasının Kayseri vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən, fiziki şəxs İsmayılov Cavid Yədulla oğluna məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, sanitar-gigiyenik tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, sahibkar barəsində inzibati protokol tərtib edilib, istehsal müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

AQTA əməkdaşları tərəfindən Quba şəhəri, T.Əhmədov küçəsi 1 ünvanında fəaliyyət göstərən, Ramazanov Rəşid Nüsrət oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı bir sıra ciddi nöqsanlar aşkarlanıb. Belə ki, müəssisədə istehsal olunan kəsmə pendir və qaymaq məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji uyğunsuzluq müəyyən edilib. Həmçinin anbar sahəsində satışa hazırlanan “Quba Süd” əmtəə nişanlı 80 kq kəsmə pendir, 47 kq şor, 25 kq kərə yağı və 38 kq qaymaq məhsulunun üzərində etiket məlumatlarının, istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi aşkarlanıb. Bundan başqa, müəssisədə südün ilkin qəbulu və pendir məhsullarının emalı prosesi zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qablaşdırma vasitələrinin müşayiətedici sənədlərinin olmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi, eləcə də digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb. Uyğunsuzluq aşkarlanan məhsulların məhv edilməsi barədə qərar qəbul olunub.

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanıb və hazırda qanunun ictimai müzakirəsi həyata keçirilməkdədir. Bu çərçivədə aprelin 15-i Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyası, 16-sı isə Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə ictimai müzəkirələrin keçirilməsi planlaşdırılır. Məqsəd ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi ilə bağlı həyata keçirilən fitosanitar nəzarət və fitosanitar xidmət fəaliyyətlərinin təşkilinin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasındakı münasibətlərin tənzimlənməsi və qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır. Yeni qanun 10 fəsil 46 maddədən ibarətdir. Qanun layihəsi Azərbaycan Respublikasında ilkin istehsal, istehsal və ilkin emal edilən, ölkə ərazisinə idxal olunmuş bitki və bitkiçilik məhsullarına, əkin və səpin materiallarına, habelə onların ilkin istehsalı, istehsalı, ilkin emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrə, habelə onların istehsalı, emalı, saxlanması, daşınması, idxalı, ixracı, satışı, istifadəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil edilir. Layihədə bitki sağlamlığı sahəsində dövlət tənzimlənməsi, bitki mühafizəsinin və karantinin təşkili, bitkiçilik subyektlərinin hüquq və vəzifələri, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına (emalına), dövriyyəsinə, istifadəsinə dair tələblər, həmin məhsulların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan obyektlərin qeydiyyatı, fitosanitar xidmətlər və bitki sağlamlığı sahəsində maliyyələşdirmə ilə bağlı müddəalar nəzərdə tutulub. Layihəyə əsasən ölkə üzrə Bitki Sağlamlığı Reyestri yaradılacaq. Həmin reyestrə qeydiyyata alınmış bitkiçilik subyektləri və (və ya) onların obyektləri, bitki mühafizə vasitələrinin, aqrokimyəvi maddələrin, həmçinin onların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan subyektlər və onların obyektləri, qeyri-dövlət fitosanitar xidmətlərini həyata keçirən subyektlər daxil ediləcək. Qeydiyyata alınmış subyekt və (və ya) onların obyektlərinə Bitki Sağlamlığı Reyestrindən çıxarış veriləcək. Eyni zamanda bitki və bitkiçilik məhsullarına, əkin və səpin materiallarına daxili karantin aktı, əkin və səpin materiallarına idxal karantin rəyi, karantin nəzarətində olan materiallara, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrə idxal sağlamlıq aktının verilməsi ilə bağlı icazə sənədlərinin verilməsi nəzərdə tutulub. Bundan başqa, layihədə bitki, bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğun təsdiqi məqsədilə “zərərli orqanizmlərdən azad zona”, “zərərli orqanizmdən azad istehsal sahəsi” və ya “zərərli orqanizmdən azad istehsal yeri” ilə bağlı müddəalar daxil edilib.

Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 7-11 aprel tarixlərində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Cəlilabad, İmişli, Tovuz rayonlarında fəaliyyət göstərən 15 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır: