
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səhiyyə Nazirliyinin birgə layihəsi çərçivəsində Bakı Slavyan Universitetində elektron siqaretlərin (veyplərin) sağlamlığa təsirləri barədə maarifləndirici görüş keçirilib. Tədbirdə universitetin tələbələri və müəllim heyəti iştirak ediblər. Görüş zamanı çıxış edən mütəxəssislər veyplərin insan orqanizminə vurduğu zərərlər, onların tərkibi və yaratdığı asılılıq barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, parlaq rənglər, şirin meyvə dadları və sosial mediada yayılan cəlbedici görüntülər elektron siqaretlərin gənclər arasında popularlaşmasına səbəb olub. Vurğulanıb ki, veyplərin tərkibində nikotin, ağır metallar və digər toksik maddələr mövcuddur. Bu maddələr ürək-damar, tənəffüs və sinir sistemi üçün ciddi təhlükə yaradır. Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb və sağlam həyat tərzinə üstünlük vermələri tövsiyə olunub.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında aprelin 17-si saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Qax rayonu, Almalı kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Səxavət Rəcəb oğluna məxsus quşçuluq təsərrüfatında yoxlama keçirib. Baxış zamanı quşçuluq təsərrüfatında sanitariya norma və qaydalarının, gigiyena tələblərinin pozulduğu, həmçinin baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmadığı aşkarlanıb. Belə ki, müvafiq təmizlik işlərinin aparılmadığı, quşların planlı şəkildə kliniki və laborator müayinələrdən keçirilmədiyi, baytarlıq nəzarəti tədbirlərinin görülmədiyi, havalandırma sisteminin qurulmadığı, istifadə edilən alət və avadanlıqlar üçün yuma sahələrinin olmadığı, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi geyimdən istifadə etmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Moldova Respublikasının Milli Qida Təhlükəsizliyi Agentliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. AQTA sədri Qoşqar Təhməzli və Moldova Respublikası Baş Nazirinin müavini, Regional İnkişaf və İnfrastruktur naziri Vladimir Boleanın imzaladığı Memorandumda baytarlıq sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. İclasın sonunda Azərbaycan-Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının yekunlarına dair protokolu təsdiqlənib. Sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, elmi-texniki və humanitar, sosial, səhiyyə, mədəniyyət, əqli mülkiyyət, ətraf mühit, idman və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması ilə bağlı layihəni davam etdirir. Layihədə iştirak etmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən 10 ümumi təhsil müəssisəsi seçilib. Layihəyə cəlb olunan 2400-ə yaxın ibtidai sinif şagirdinə həftədə bir dəfə olmaqla qablaşdırılmış paketlərdə kişmiş paylanacaq. Layihənin əsas məqsədi şagirdlərə sağlam qəlyanaltı vərdişləri qazandırmaqdır. Layihə çərçivəsində kişmişin seçilməsi isə təsadüfi deyil. Kişmiş tərkibindəki dəmir sayəsində beyin funksiyalarını yaxşılaşdıran, sümük və sinir hüceyrələrini, ürək döyüntüsünü tənzimləyən, yüksək enerji qaynağı olmaqla yanaşı qanartırıcı xüsusiyyətə malik olan qida məhsuludur. Uşaqlarda anemiyanın qarşısının alınmasına kömək edir. Bu səbəbdən kişmişin tərkibindəki dəmir uşaqların zehni inkişafını əhəmiyyətli dərəcədə dəstəkləyən və müvəffəqiyyət nisbətini artıran qida məhsulu hesab edilir. Əlavə olaraq layihə çərçivəsində məktəblərdə sağlam, yetərli və balanslı qidalanma mövzusunda maarifləndirmə tədbirləri həyata keçiriləcək. Şagirdlərə sağlam qəlyanaltı vərdişlərinin qazandırılması və onların qəlyanaltıda təbii, sağlam qidalara üstünlük verməsi layihənin əsas gözləntisi hesab edilir. Qeyd edək ki, layihə Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyinin iştirakı ilə həyata keçirilir.

Nəzarət tədbirləri çərçivəsində "Vertex Commerce" MMC-nin İtaliyadan idxal etdiyi “İtalkali” şirkətinin istehsalı olan 144 kq “Italkali Sale Sicilia Fino Kg1” əmtəə nişanlı xörək duzu və “Fiuggi” şirkətinin istehsalı olan 151.2 kq “Fiuggi Acqua Nat.Lt1” əmtəə nişanlı qazsız təbii sudan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində məhsullarda uyğunsuzluq aşkar edilib. Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.

“Stavropolskiy Broyler” MMC-nin “Nevinnomissk Myasoptitsekombinat” filialına məxsus dondurulmuş toyuq filesində aşkarlanan uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxala qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, Rusiya Federasiyası Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizootoloji monitorinqlərlə bağlı Agentliyə ətraflı məlumat verilib. Baytarlıq norma və qaydalarına, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsini nəzərə alaraq, sözügedən istehsalçıdan respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Agentliyin qərarı ilə bağlı “Rosselxoznadzor”a müvafiq məlumat verilib.

"Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihə çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) həkim nutrisioloq, diyetoloq, qida mühəndisi və influenserlərin iştirakı ilə info-tur təşkil olunub. İnfo-turda AQTİ-nin fəaliyyəti və laboratoriyaları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı və regionlarda 17 laboratoriyası fəaliyyət göstərir. Ölkəmizdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunmasında mühüm rol oynayan bu laboratoriyalar müasir standartlara uyğun qurulub. İştirakçılar əvvəlcə Nümunələrlə iş şöbəsi ilə yaxından tanış olublar. Burada laborator müayinələrə göndərilən nümunələr qəbul olunur. Əsas məqamlardan biri nümunənin sənədlərlə birlikdə təqdim edilməsi və laborator analizlər üçün yararlı olub-olmamasıdır. Məxfiliyin qorunması məqsədi ilə nümunə qəbul edildikdən sonra qablaşmanın üzərinə barkod vurulur. Barkodda yalnız nümunənin identifikasiya kodu, laboratoriyanın və nümunənin adı, nümunənin götürülmə və istehsal tarixi məlumatları qeyd olunur. Sonra isə nümunələr analiz üçün müvafiq laboratoriyalara təhvil verilir. Sonra qonaqlar Mərkəzi Fitosanitar Laboratoriyası, Kompleks Tədqiqatlar Laboratoriyası, Milli Referans Laboratoriyası ilə yaxından tanış olublar. Vurğulanıb ki, bu laboratoriyalarda ixtisaslı mütəxəssislər tərəfindən müasir standartlara uyğun analiz və müayinələr həyata keçirilir. Dünyanın qabaqcıl ölkələrinin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər və digər yüksək peşəkarlığa malik mütəxəssislər əhalinin, bitki və heyvan sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayır. Ekspertlərə laboratoriya əməkdaşlarının beynəlxalq səriştəlilik sınaqlarında qazandığı uğurlu nəticələr haqqında məlumat verilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları ilə tanışlıq zamanı qeyd olunub ki, burada mobillik və çeviklik ön plandadır. Səyyar laboratoriyalar dövlət əhəmiyyətli tədbirlər zamanı su və qida məhsullarının müayinələri üçün əlverişlidir. Bu laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq bir çox fiziki-kimyəvi, mikrobioloji və PZR sınaqların aparılması üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub. AQTİ-nin fəaliyyəti ilə tanışlıqdan sonra ekspertlər İnstitutun işini yüksək qiymətləndirib, uğurlar arzu ediblər. Qeyd edək ki, "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə reallaşdırılır.

Nəzarət tədbirləri çərçivəsində "Gourmeat" MMC-nin Rusiyadan idxal etdiyi "Bryansk Meat Company" şirkətinin istehsalı olan 21000 kq “Miratorq” əmtəə nişanlı mal piyindən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında donuz DNT-si aşkarlanıb. Faktla bağlı məhsul partiyası barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NUDİA) birgə olaraq, sağlam qidalanmanın təşviqi məqsədilə "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" adlı yeni bir layihəyə başlayıb. Bu layihə cəmiyyətdə sağlam həyat tərzinin təşviqini və düzgün qidalanma vərdişlərinin inkişafını hədəfləyir. Layihənin ilk mövzusu körpənin həyatında mühüm yer tutan və ilk qida olaraq qəbul etdiyi ana südüdür. Ana südü körpənin sağlam böyüməsi və inkişafı üçün ən təbii və faydalı qidadır. Həyatının ilk altı ayında körpənin bütün qida ehtiyaclarını qarşılayaraq onun sağlamlığını təmin etmək üçün ideal qida mənbəyidir. Ana südü körpənin fiziki inkişafını dəstəkləyir, onun immun sistemini gücləndirərək infeksiyalara qarşı qoruyur. Ana südü körpənin psixoloji və emosional inkişafı üçün də çox önəmlidir. Təbii və zəngin tərkibi sayəsində ana südü başqa heç bir qida ilə müqayisə oluna bilməz. Ümumdünya Səhiyyə Təşkilatı ana südünün körpənin ilk 6 ayında yeganə qida mənbəyi olmasını tövsiyə edir. Bu dövr ərzində ana südü ilə qidalanan körpələr daha sağlam olur, həmçinin müxtəlif xəstəliklərə qarşı daha yaxşı müdafiə olunur. Ana südünün körpəyə verdiyi faydalar bununla bitmir. Ana südü ananın sağlamlığını da qoruyur, zahılıq dövründə orqanizmin sürətli bərpa olunmasına kömək edir və ananı süd verən dövrdə xəstələnməkdən qoruyur.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Moldova Respublikasının Kənd Təsərrüfatı üzrə İntervensiya və Ödənişlər Agentliyinin səlahiyyətli nümayəndələri arasında görüş keçirilib. Görüşdə AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva iki ölkə arasında baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sahələri üzrə əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib. Qonaqların diqqətinə çatdırılıb ki, ölkəmizdə heyvanların identifikasiyası və qeydiyyatı sistemi müasir üsullarla həyata keçirilir. Vizual qulaq birkaları və mikroçip kimi identifikasiya üsullarından geniş istifadə olunur. Bu mexanizm heyvan xəstəliklərinin izlənilməsi, diaqnostikası, xüsusilə də tətbiq edilmiş peyvənd, antibiotik və ya digər baytarlıq preparatları, həmçinin heyvana təyin edilmiş diaqnoz barədə məlumatların detallı şəkildə elektron məlumat bazasında toplanmasına imkan yaradır. Qeyd olunub ki, identifikasiya sahəsində beynəlxalq standartlar tətbiq edilir. Görüş zamanı Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) və Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) üzrə Moldova ilə təcrübə mübadiləsi, sertifikatların qarşılıqlı tanınması və digər istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən, Süleymanov Sərxan Qurbanəli oğluna məxsus “Ay Store” marketdə yoxlama keçirib. Baxış zamanı iaşə obyektində 8 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik və 8 ədəd 0.5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və saxta spirtli içkilərin satışa çıxarılmasının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.