
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Sloveniya Respublikasının Koroşka, Savinska regionlarında blutanq, İsrail Dövlətinin Şimal dairəsində dabaq, Hindistan Respublikasının Çhattisqarh ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, çütdırnaqlı heyvanların, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümumrusiya Dövlət Mərkəzinin (FGBU VGNKİ) direktor müavini Aleksey Tretyakov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda olub. AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyevlə görüşən qonaq Mərkəzin direktoru Antonov Yevgeni Vyaçeslavoviçin salamlarını çatdırıb. Görüş zamanı Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümumrusiya Dövlət Mərkəzinin gördüyü işlərlə bağlı geniş təqdimat olub. Qeyd olunub ki, FGBU "VGNKİ" Rusiya ərazisində heyvanlar üçün yem, baytarlıq və sanitariya məhsullarının təhlükəsizliyini təmin etməklə, heyvan sağlamlığının qorunmasında dövlət siyasətini həyata keçirir. AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev Azərbaycanda heyvan sağlamlığı sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmizdə heyvan xəstəlikləri ilə mübarizə sahəsində həyata keçirilən irimiqyaslı tədbirlər öz bəhrəsini verir. Bu baxımdan hər iki qurum arasında faydalı əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. Görüşdə maraq doğuran bir-sıra məsələlər barədə fikir mübadiləsi aparılıb. Baytarlıq preparatlarının, yemlərin, yem əlavələrinin, vaksinlərin keyfiyyətinin yoxlanılmasında beynəlxalq üsulların tətbiqi məsələləri müzakirə olunub. Bu sahədə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub. Həmçinin "VGNKİ" tərəfindən həyata keçirilən laboratoriyalararası sınaqlarda iştirak etməklə, təcrübə mübadiləsinin aparılmasının vacibliyi qeyd olunub. Sonra Aleksey Tretyakov AQTİ-nin laboratoriyalarına baxış keçirib, burada müasir standartlara uyğun həyata keçirilən müayinələrlə yaxından tanış olub.

Agentlik əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Yaşıl bazarda fəaliyyət göstərən fiziki şəxslər − Səmədzadə Emina Sabir qızı, Novruzov İlkin Feyruz oğlu və Süleymanov Elçin Qənimət oğluna məxsus 3 balıq satışı məntəqəsində istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu müəyyən olunub. Belə ki, ümumi çəkisi 73 kq olan müxtəlif çəkili böyük qablaşdırmalarda Çin və Rusiyadan idxal edilmiş kürülərin kustar üsulla 100-150 qramlıq qablarda qablaşdırılmaqla qanunazidd olaraq "Azerbaijan Caviar" adı ilə etiketlənib satışının həyata keçirildiyi məlum olub. Yoxlama zamanı 655 ədəd "Azerbaijan Caviar" yazılı qutular və etiketlər də aşkarlanıb. Məhsullarda qida təhlükəsizliyi baxımından hər hansı uyğunsuzluq aşkarlanmasa da, mənşəyi barədə yanlış təsəvvür yaratmaqla istehlakçının aldadılması ilə bağlı sahibkarlar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülüb, saxtalaşdırma yolu ilə satışa çıxarılan məhsullar dövriyyədən çıxarılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Son illər aparılan tədqiqatlar göstərir ki, bəzi ölkələrdə elektron siqaretlərin istifadəsi böyüklərlə müqayisədə gənclər arasında daha yüksək səviyyəyə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyanın müxtəlif regionlarında 13-19 yaşlı yeniyetmə və gənclər arasında elektron siqaret istifadəsi 2017-2022-ci illər arasında 2-3 dəfə artıb. Bu tendensiya isə narahatlıq doğurur, çünki elmi tədqiqatlar veyp istifadəsinin tənəffüs sistemi, ürək-damar sağlamlığı, həzm sistemi və beyin inkişafına mənfi təsir etdiyini sübut edir. Videoya keçid üçün link: https://youtube.com/shorts/Jj5NlYl9H-k?si=4Xw03kboJD13KxfT

Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.

Zaqatala şəhəri, Ç.Atalov küçəsində fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Fəryad Fərhad oğluna məxsus “Fəryad” ictimai iaşə müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçirilir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə baş tutan monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, vəhşi quşlara baxış keçirilir. Həmçinin xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanır və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürülür. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilir. Sonda epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaq. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək. Eyni zamanda monitorinqlərin nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.

Daxil olan müraciət əsasında Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən, fiziki şəxs Aslanov Elxan Məhərrəm oğluna məxsus su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı nöqsanlar aşkarlanıb. Qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə texnoloji ardıcıllıq prinsipinin pozulduğu, çənlərin və su filtrlərinin mütəmadi olaraq təmizlənmədiyi, məhsulların etiketində istehsalçı, ünvan, istehsal və istifadə tarixləri barədə məlumatların qeyd edilmədiyi, eyni zamanda başqa istehsalçılara məxsus etiketlərdən istifadə olunduğu müəyyən edilib. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. 92 ədəd 19 litrlik qablaşdırılmış su və 181 ədəd 19 litrlik qablaşdırma materialı saxlanca qoyulub. Qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bosniya və Herseqovinanın Serb Respublikasında və Niger Respublikasının Niamey regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Serb Respublikasında və Niamey regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyası İngiltərənin “LGC Standards” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarında iştirak edib. Laboratoriyanın yüksək ixtisaslı mütəxəssisləri yemlərdə xam protein, yağ, sellüloza, xlorid turşusunda həll olmayan kül, xam kül və nəmliyin təyini və baytarlıq preparatlarında sterilliyin təyini üzrə aparılan səriştəlilik sınaqlarında uğurlu nəticələr göstərib. Kompleks Tədqiqatlar Laboratoriyası bundan əvvəl də Böyük Britaniyanın “Fapas” və ”LGC standards” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr nümayiş etdirib. Kompleks Tədqiqatlar Laboratoriyasında baytarlıq preparatlarının, bitkilər üçün pestisid və gübrələrin, eyni zamanda qida ilə təmasda olan bütün maddə və materialların tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələri aparılır. Laboratoriyada qabaqcıl texnologiyalar tətbiq olunur, kadrlar mütəmadi olaraq təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsində fəaliyyət göstərən “Asenat” MMC-yə məxsus su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi müəyyən olunub. Baxış zamanı digər istehsalçılara məxsus su bidonlarının doldurularaq satışa çıxarıldığı məlum olub. Həmçinin etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun olmayan 142 ədəd 19 litrlik su bidonu aşkarlanıb. Faktla bağlı müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib edilib. Sulardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.