Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA sədri Sumqayıtda vətəndaşları qəbul edəcək
AQTA sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2024-cü ilin noyabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli noyabrın 1-i saat 10:00-da Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Abşeron, Qubadlı, Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq oktyabrın 31-dək qəbula yazıla bilərlər. Eyni zamanda AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.

Keytrinq şirkətləri və otellərin əməkdaşları AQTİ-də təlimlərə cəlb olunub
Keytrinq şirkətləri və otellərin əməkdaşları AQTİ-də təlimlərə cəlb olunub

Vətəndaşların təhlükəsiz qida məhsulları ilə təmin olunması, istehlakçıların hüquqlarının müdafiəsi, kütləvi tədbirlər zamanı qidalanmanın təşkili, həmçinin COP29 ərəfəsində ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin normalara uyğun həyata keçirilməsinə diqqətin daha da artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzi tərəfindən Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq şirkətləri və otellərin əməkdaşları üçün maarifləndirici təlim keçirilib.  Təlim zamanı iştirakçılara qidalanmanın təşkili zamanı təhlükəsiz xidmətlərin göstərilməsinin təmin edilməsi üçün həyata keçirilməsi zəruri olan işlər barədə ətraflı məlumat verilib. Həmçinin onlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər haqqında məlumatlandırılıb. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də qida blokunda çirklənmə riskini yaradan amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib. Bildirilb ki, müəssisədə sanitar-gigiyenik normalar gözlənilməli, iş prosesini əhatə edən bloklar təmiz və texniki işlək vəziyyətdə saxlanılmalıdır.

AQTA dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlayıb
AQTA dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb. Sənədin hazırlanmasında məqsəd tərkibindəki inqrediyentlər baxımından yüksək riskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi və gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunmasının təmin edilməsi, bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Hüquqi akt layihəsində dönərin hazırlanmasını həyata keçirən qida subyekt və obyektlərinə, eyni zamanda çiy dönərin emalına, dönərin təhlükəsizliyinə və minimum keyfiyyətinə, eləcə də termiki emalına və dövriyyəsinə dair tələblər əks olunub. Həmçinin akt layihəsinə 1 nömrəli əlavədə çiy dönərin fiziki-kimyəvi göstəriciləri qeyd edilib. Beynəlxalq təcrübə, o cümlədən Kodeks Alimentarius Komissiyası, Avropa Parlamenti və Avropa İttifaqı Şurasının müvafiq qərarları əsasında hazırlanan layihə dönər emalı və dövriyyəsi zamanı təhlükəsizlik və minimum keyfiyyət  tələblərini müəyyən edir. Layihəyə görə, dönər emalına və dövriyyəsinə müvafiq tələblərə əməl olunduğu halda yol verilir. Dönərin emalını və satışını həyata keçirən qida zənciri obyektləri (subyektləri) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, AQTA tərəfindən verilən Qida Təhlükəsizliyi Reyestrindən Çıxarışa malik olmalıdır. Sənədə əsasən, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai-iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölməsində həyata keçirilməlidir. Çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalıdır.  Eləcə də həmin ət baytarlıq-sanitariya ekspertizasından keçirildiyini təsdiqləyən sənədlə (ekspertiza aktı) müşayiət edilməlidir. İctimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması sahəsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər sahələrində istifadə olunmasına yol verilməməlidir. Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda isə ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir.

AQTA sədri Qusarda vətəndaşları qəbul edib
AQTA sədri Qusarda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli oktyabrın 21-də Qusar Rayon Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Video
Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir