
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi məqsədilə ölkədə emal olunan qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirlərini davam etdirir. Monitorinqlər zamanı ticarət obyektlərində satışı həyata keçirilən müxtəlif adda emal edilən qablaşdırılmış sulardan nümunələr götürülərək sınaqların aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilir. Sınaq nəticələri uyğun olan, qida sahəsində normativ sənədlərin tələblərinə cavab verən suların dövriyyəsinə icazə verilir. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi özünü qida mütəxəssisi və ya qida mühəndisi adlandıran “ekspertlər” əhali arasında çaşqınlıq yaradaraq içməli suların tərkibi ilə bağlı heç bir elmə əsaslanmayan reallıqdan uzaq məlumatlar yayırlar. Həmçinin bəzi suların əsasən mədə-bağırsaq, həzm problemi, qaraciyər xəstəlikləri, öd kisəsi və digər daxili orqanlar üçün zərərli, yaxud müalicəvi olması ilə bağlı yanlış məlumatlar verirlər. Bununla yanaşı, həmin “ekspertlər” 30 ildən sonra yenidən istehlakçılara təqdim edilən Kəlbəcər rayonunun “İstisu” mineral suyunun insan orqanizmində bəzi problemlər yarada biləcəyi və ya xəstəlik törətməsi ilə bağlı həqiqətdən uzaq məlumatlar tirajlamaqdan çəkinmirlər. Bu şəxslərin heç bir tibbi təhsili və qida sahəsində peşəkar fəaliyyəti olmadan adıçəkilən suyun bir sıra xəstəliklər yarada biləcəyinə, həmçinin bir çox xəstəliklərin müalicəsinə dair absurd fikirlər səsləndirirlər. Qeyd edək ki, təbii mineral suların qeydiyyatı prosesi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Rrespublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal və emal edilməmişdən, dövriyyəyə buraxılmamışdan əvvəl məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsi üçün Agentlik tərəfindən tədqiqi (sınağı) aparılır və məhsulların xüsusiyyətlərindən asılı olaraq bu Qanunun 25-ci maddəsinə uyğun olaraq qeydiyyata alınır. Bildiririk ki, “İstisu” mineral su zavodunun AQTA-ya müraciəti əsasında Qanuna müvafiq olaraq, 2024-cü il 30 avqust tarixində “İstisu” təbii mineral qazlı su kimi qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hidayətov Raman Qadağa oğluna məxsus “London Pub” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 2 ədəd 0.7 litrlik “Архангельская” əmtəə nişanlı, 1 ədəd 1 litrlik “Finlandia” əmtəə nişanlı, 1 ədəd 0.7 litrlik “Organic Line” əmtəə nişanlı, 1 ədəd 0.5 litrlik və 1 ədəd 0.7 litrlik “Nemiroff” əmtəə nişanlı spirtli içki məhsulunun satışının həyata keçirildiyi məlum olub.

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümüyəndələrinin Balakən rayonunda görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Balakən, Zaqatala, Qax və Şəki rayon icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak edib. Görüş zamanı Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkə ərazisində aparılan fitosanitar nəzarət tədbirləri çərçivəsində şimal-qərb və qərb regionlarında kütləvi şəkildə Qəhvəyi mərmər bağacığı aşkarlanıb. Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən zərərverici Zaqatala, Balakən və digər rayonların bir sıra yaşayış məntəqələrində müşahidə edilməkdədir. Buna görə də Qəhvəyi mərmər bağacığının təhlükəliliyini nəzərə alaraq, sahibkarlar cari mövsümdə feromon tələ və pestisid ehtiyatlarına malik olmalı, zərərvericinin kütləvi artımı baş verdiyi təqdirdə, ona qarşı mübarizə tədbirlərini həyata keçirməlidirlər.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Ağdam rayonu, Çullu kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Atalin Əvəz oğluna məxsus pendir istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı istehsal müəssisəsində qida təhlükəsizliyi və qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, havalandırma sisteminin qurulmadığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, döşəmə və divar səthlərinin təmirsiz olduğu, həmçinin dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, qida məhsulları ilə təmasda olan alət, avadanlıq və ləvazimatların təmiz saxlanılmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi aşkarlanıb.

Ölkə ərazisində həyata keçirilən fitosanitar nəzarət tədbirləri çərçivəsində şimal-qərb və qərb regionlarında kütləvi şəkildə Qəhvəyi mərmər bağacığı aşkarlanıb. Belə ki, Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən Qəhvəyi mərmər bağacığı Zaqatala, Balakən və sair rayonların bir sıra yaşayış məntəqələrində müşahidə edilməkdədir. Gürcüstan iqtisadiyyatına (fındıq bağları və meyvə-tərəvəz təsərrüfatına) külli miqdarda ziyan vuran zərərvericiyə Rusiyanın cənub bölgələri və Türkiyə ərazisində də rast gəlinir. Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanır. Yüksək risk altında olan bitkilərə fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor, badımcan, bibər, orta risk altında olan bitkilərə isə ərik, qaragilə, gilas, xiyar daxildir. Zərərvericinin qidalanması yazda başlayır və payızın sonuna qədər davam edir. Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri (nimfaları) yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və s. vasitəsilə yayılır. Yetkin fərdlərin təbii yolla (uçaraq) yayılması da məlumdur.

Qəhvəyi mərmər bağacığı nədir? - Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, rəngi qəhvəyi, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Bu zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qəhvəyi mərmər bağacığın yayılması: - Qəhvəyi mərmər bağacığın yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilirlər. Qəhvəyi mərmər bağacığı ilə mübarizə üsulları: - Payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılması məqsədilə qəhvəyi mərmər bağacığın gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilir. Yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanır.

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində "Healty Life" MMC-nin və "Caspi Pharm" MMC-nin Türkiyədən idxal etdiyi bioloji aktiv qida məhsulu partiyalarından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub. Qeyd olunan bioloji aktiv qida məhsulu partiyaları aşağıdakılardır: "Healty Life" MMC-nin idxal etdiyi “Pharmanor İlaç San.Tıc. Ltd.Ştı” müəssisəsinə məxsus 01.02.2024 - 01.02.2027-ci il istehsal və son istifadə tarixli, DNT07 partiya nömrəli ümumi sayı 4500 ədəd “Depovit New, daxilə qəbul üçün məhlul-damcı, 5 ml, flakonda №4” əmtəə nişanlı bioloji aktiv qida məhsulu; "Healty Life" MMC-nin idxal etdiyi “Pharma Standart İlaç Medikal Kozmetik Gıda Sanayi Ticaret Limited Şirketi” müəssisəsinə məxsus 01.12.2023-01.12.2026-cı il istehsal və son istifadə tarixli, ST03 partiya nömrəli ümumi sayı 4500 ədəd “Desol-D3+, daxilə qəbul üçün məhlul-damcı, 5 ml şüşə flakonda №4” əmtəə nişanlı bioloji aktiv qida məhsulu; "Caspi Pharm" MMC-nin idxal etdiyi “Unirex Healthcare Sağlık Sanayi ve Dış Ticaret Limited Şirketi” müəssisəsinə məxsus 01.01.2024-01.01.2027-ci il istehsal və son istifadə tarixli, TM240101 partiya nömrəli ümumi sayı 2000 ədəd “Tiger Man, tablet №10” əmtəə nişanlı bioloji aktiv qida məhsulu.

Bakıda ilk dəfə keçirilən “Azərbaycan Halal Biznes və Turizm Forumu” çərçivəsində təşkil edilən sərgidə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) stendi quraşdırılıb. Stenddə halal sertifikatlaşmaya dair İnstitut tərəfindən hazırlanan bukletlər və “HALAL” uyğunluq sertifikatının nümunələri nümayiş olunur. Həmçinin iştirakçılara halal sertifikatlaşma ilə bağlı ətraflı məlumat verilir. Bildirilir ki, ölkəmizdə halal sertifikatlaşma prosesi dörd kateqoriya üzrə aparılacaq. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, quşların kəsimi, süd və süd məhsulları, eyni zamanda emal edilmiş məhsullar üzrə təşkil olunacaq. Həmçinin innovativ həllərin tətbiqi ilə qida subyektlərinin daha asan və əlçatan formada müraciət etməsinə şərait yaradılacaq. Halal sertifikatlaşma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr də formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən ibarətdir. Bununla yanaşı, İnstitutun “HALAL” uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu müəyyənləşdirilmiş beynəlxalq standarta uyğun olaraq Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumuna müraciət edib. Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq müəssisələrdən birində “OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər” standartı üzrə sertifikatlaşma prosesi ilə bağlı audit həyata keçirilib. Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib.

Bakıda ilk dəfə olaraq “Azərbaycan Halal Biznes və Turizm Forumu” keçirilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ikigünlük Forum çərçivəsində təşkil olunan “Halal standartlaşma: problemlər və çətinliklər” adlı sessiyada çıxış edib. Q.Təhməzli bildirib ki, hazırda qlobal halal sənaye böyüməkdə davam edir. Respublikamızda da bu istiqamətdə mühüm işlər görülür. Artıq halal sertifikatlaşma prosesinin dörd kateqoriya üzrə aparılacağı müəyyənləşib. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, quşların kəsimi, süd və süd məhsulları, eyni zamanda emal olunmuş məhsullar üzrə təşkil ediləcək. Həmçinin müraciət prosesinin asanlaşdırılması məqsədilə də artıq müvafiq işlərə başlanıb. İnnovativ həllərin tətbiq olunması ilə qida subyektlərinin daha asan və əlçatan formada müraciət etməsinə şərait yaradılacaq. Eyni zamanda halal sertifikatlaşma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərindən ibarətdir. Bununla yanaşı, İnstitutun “HALAL” uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu müəyyənləşdirilmiş beynəlxalq standarta uyğun olaraq Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumuna müraciət edib. Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq müəssisələrdən birində müvafiq standart (“OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər”) üzrə sertifikatlaşdırma prosesi ilə bağlı audit həyata keçirilib. Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib

Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Əli Rəşad oğluna məxsus “Beer Loft” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 8 ədəd 0.5 litrlik, 6 ədəd 0.7 litrlik, 4 ədəd 1 litrlik "Nemiroff" əmtəə nişanlı delikat araq, 1 ədəd 1 litrlik "Nemiroff" əmtəə nişanlı original araq, 4 ədəd 1 litrlik, 4 ədəd 0.7 litrlik, 7 ədəd 0.5 litrlik "Zerno" əmtəə nişanlı araq, 11 ədəd 0.7 litrlik, 5 ədəd 0.5 litrlik "Verba" əmtəə nişanlı araq, 4 ədəd 0.5 litrlik "Finlandiya" əmtəə nişanlı araq, 1 ədəd 0.5 litrlik "President" əmtəə nişanlı araq məhsulunun satışının həyata keçirildiyi müəyyən edilib.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Siren Trading" MMC-nin Rusiyadan idxal etdiyi “OOO Raspak” müəssisəsinə məxsus 05.07.2024-04.01.2025-ci il istehsal və son istifadə tarixli, ümumi çəkisi 127.50 kq suxari məhsulu partiyasından götürülmüş nümunələrin müayinəsi nəticəsində kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu müəyyən edilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi ilə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Şəki rayonunda sahibkarlar üçün təlim təşkil edilib. Şəkidə və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların qatıldığı təlim “Anbar zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda keçirilib. Təlimdə İnstitutun mütəxəssisi Nəzakət Abbasova iştirakçılara anbarlarda müşahidə olunan və saxlanılan məhsula ən çox ziyan vura bilən zərərvericilər, eləcə də onların məhv edilməsi üsulları barədə ətraflı məlumat verib. Eyni zamanda bildirilib ki, anbarlarda zərəvericilərə qarşı vaxtında müvafiq mübarizə tədbirlərinin aparılmaması kifayət qədər məhsul itkisinə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Buna görə də anbarlarda zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin vaxtında və düzgün aparılması mühüm əhəmiyyət kəsb edir.