Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Bərdədə heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Bərdədə heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib

Ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun olaraq identikləşdirilməsinin təmin edilməsi və bu məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi, heyvanların identifikasiyası və qeydiyyat sisteminin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi üzrə Dövlət Proqramından irəli gələn digər məsələlərin qısa müddət ərzində həlli ilə bağlı növbəti müşavirə Bərdə rayonunda keçirilib. Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Bərdə Rayon İcra Hakimiyyətinin, KTN yanında Aqrar Xidmətlər Agentliyinin, Aqrar Sığorta Fondunun və Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri iştirak edib. Müşavirədə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə görüş iştirakçılarına  geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”na əsasən, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması məcburidir. İdentikləşdirmə işlərinin aparılması üçün heyvanlar fərdi qaydada birkalanmalı (nişanlanmalı) və bunun üçün AQTA tərəfindən müəyyən edilmiş xüsusi tanınma nömrəsindən istifadə olunmalıdır. Eyni zamanda vurğulanıb ki, Qaydalara əsasən, heyvanların identikləşdirilməsi Agentlik tərəfindən AQTİS vasitəsilə həyata keçirilir. Bu sistem vasitəsilə heyvanın sahibi, heyvandarlıq təsərrüfatları, habelə hər bir heyvana dair fərdi məlumatların formalaşdırılaraq idarə edilməsi mümkündür. AQTİS heyvanların ölkəyə idxal edilməsi, daşınması, həmçinin heyvanlar üzərində aparılan baytarlıq tədbirlərinin, laboratoriya müayinələrinin və xüsusi təhlükəli xəstəliklərə görə qoyulan karantin tədbirlərinin və digər prosedurların idarə olunmasının elektron platforma üzərindən həyata keçirilməsinə imkan verir.

AQTİ HAK tərəfindən akkreditasiya olunub
AQTİ HAK tərəfindən akkreditasiya olunub

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub. Bununla da, İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahib olub. Akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında həyata keçirilib. “HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam hüququna uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir. AQTİ tərəfindən uyğunluq sertifikatının təqdim olunması prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə müştəri tərəfindən www.afsi.gov.az veb səhifəsində göstərilən müraciət forması və ərizə dolduraraq halal@afsi.gov.az elektron poçt ünvanına göndərilir. Sonra İnstitutda daxil olan müraciət yoxlanılır, müştəriyə qiymət təklifi və müqavilə göndərilir. Ardınca müştərinin obyektinin halal qaydalara uyğunluğu və həmin müəssisənin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Sonda qiymətləndirmə prosseslərinin nəticəsinə əsasən, obyekt tələblərə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsi tərəfindən etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Stara Zaqora vilayətində xırdabuynuzlu heyvanların çiçək, Çin Xalq Respublikasının Daxili Monqolustan muxtar regionunda dabaq, Macarıstanın Feyer bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Stara Zaqora vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına, Daxili Monqolustan muxtar regionunda xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Feyer bölgəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Nəsimi rayonunda nöqsanlar aşkarlanan iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb
Nəsimi rayonunda nöqsanlar aşkarlanan iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb

Qida Təhlükəsizliyi Agentliyi istehlak bazarına nəzarət məqsədilə qida obyektlərində müntəzəm olaraq monitorinqlər həyata keçirir. Monitorinq zamanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və 28 May küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Əliyeva Zenfira Əmir Əli qızına məxsus “Sarı Sünbül” iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və bir sıra nöqsanlar məlum olub. Belə ki, iaşə obyektində qida məhsullarının saxlanma rejiminə riayət edilmədiyi, təmizlik vasitələrinin emal sahəsində saxlandığı, soyuducu və dondurucu avadanlığın nasaz vəziyyətdə olduğu, soba və tavaların paslandığı və uzun müddət ərzində təmizlənmədiyi, qida məhsulları, avadanlıqlar və əllərin yuyulması prosesinin antisanitar vəziyyətdə olan birgözlü yuma çanağında həyata keçirildiyi, xəmirqarışdıran qurğunun və bişirmə sobalarının korroziyaya uğradığı, səthlərin asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi, ağzıaçıq tullantı qabından istifadə edildiyi, kanalizasiya xətlərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin fərdi mühafizə vasitələri və xüsusi iş geyimindən istifadə etmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı və sair nöqsanlar müəyyən edilib, soyuducu və dondurucu avadanlıqlarda bir sıra mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, İngiltərənin Şimal-Qərbi İngiltərə regionunda və Niderland Krallığının Utrext əyalətində blutanq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Şimal-Qərbi İngiltərə regionunda, habelə Utrext əyalətində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTİ təlimləri davam etdirir
AQTİ təlimləri davam etdirir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir. AQTİ-nin Təlim Mərkəzi tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub. Təlimdə iştirakçılara “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər barədə ətraflı məlumat verilib. Onlar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb. İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib. Qeyd edək ki, “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq keçirilib. Təlim qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.

AQTA nümayəndə heyətinin Rusiyaya səfəri davam edir
AQTA nümayəndə heyətinin Rusiyaya səfəri davam edir

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti bu gün Moskva şəhərində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümum-Rusiya Dövlət Mərkəzində olub. Onlar Mərkəzin fəaliyyəti ilə bağlı təqdimata baxıb,  laboratoriyalarına baş çəkiblər. Daha sonra Mərkəzin tabeliyindəki Eksperimental Bioloji Laboratoriyanın (vivarium) fəaliyyəti, o cümlədən infrastrukturu və maddi-texniki bazası, orada saxlanılan heyvanların növü və sayı, baytarlıq-sanitariya tələbləri, işçi heyəti və digər məsələlərlə tanış olublar.  Ötən gün isə nümayəndə heyəti “Qida məhsullarının təhlükəsizliyi və keyfiyyət risklərinin qiymətləndirilməsi” mövzusunda Moskvada keçirilən Rusiya-Azərbaycan birgə dəyirmi masasında iştirak edib. Eyni zamanda F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzində olub, laboratoriya və vivariuma baxış keçirib.  Qeyd edək ki, səfər zamanı nümayəndə heyətinin keçirdiyi görüşlərdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən qida məhsullarının idxal-ixrac əməliyyatlarına dair müzakirələr aparılıb.

Video
Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir