Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Kərə yağları ilə bağlı nəzarət tədbirləri davam etdirilir
Kərə yağları ilə bağlı nəzarət tədbirləri davam etdirilir

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Cəfərov Əli Telman oğlunun istehsal etdiyi kərə yağlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarında bitki sterinləri (Kampesterin, Stiqmasterin, Beta-sitosterin), eyni zamanda normativ sənədlə bu növ məhsulun tərkibində istifadəsinə icazə verilməyən qida əlavələri (Sorbin və Benzoy turşuları) aşkarlanıb. Faktla bağlı Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilərək qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Qeyd edək ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edildiyi halda, faktiki tərkibində bitki yağının aşkarlanması istehsalçı tərəfindən istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Həmçinin tərkibində Sorbin (E200) və Benzoy (E210) turşuları olan məhsulların həddindən artıq istehlakı insanlarda allergik reaksiyaların yaranmasına səbəb ola bilər ki, qüvvədə olan normativ sənədə uyğun olaraq bəzi məhsullarda həmin qida əlavələrinin istifadəsi qadağandır. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır: № Məhsulun adı Məhsulun istehsal və son istifadə tarixləri Aşkarlanan uyğunsuzluq 1. "Westfood" əmtəə nişanlı 82.5% yağlılıqda qaymaqdan təbii kərə yağı 07.02.2025-07.02.2026 Kampesterin, Stiqmasterin, Beta-sitosterin, Sorbin (E200) turşusu, Benzoy (E210) turşusu 2. "Beloruskiy Kray" əmtəə nişanlı 82.5% yağlılıqda təbii kərə yağı 05.03.2025-05.03.2026 Kampesterin, Beta-sitosterin

AQTA "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" layihəsinə start verir
AQTA "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" layihəsinə start verir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sağlam qidalanmanın əhəmiyyətini daha geniş kütləyə çatdırmaq və əhalini bu sahədə maarifləndirmək məqsədilə yeni bir təşəbbüsə başlayır. "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihə çərçivəsində müxtəlif silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Layihə istehlakçılara sağlam qidalanma vərdişlərini aşılayacaq. Həmçinin bu təşəbbüsün ölkəmizdə sağlam həyat tərzinə töhfə verməsi hədəflənir. Kampaniya AQTA, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə reallaşdırılacaq. Bu layihə çərçivəsində müxtəlif maarifləndirici tədbirlər təşkil ediləcək, ictimai yerlərdə təşviqat xarakterli kampaniyalar keçiriləcək. Həmçinin sosial mediada sağlam qidalanma ilə bağlı maraqlı informasiyalar yayımlanacaq, mütəxəssislərin iştirakı ilə diskussiyalar aparılacaq. "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" layihəsi hər kəsi sağlam qidalanma haqqında düşünməyə və qida israfını azaltmaq üçün praktik addımlar atmağa çağırır. Layihədən yararlanan hər kəs bu hərəkatın fəal iştirakçısına çevrilə bilər. "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" layihəsi çərçivəsində sağlam qidalanma sahəsində əhəmiyyətli irəlləyişə nail olmaq planlaşdırılır.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər tətbiq olunub
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər tətbiq olunub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Çin Xalq Respublikasının Sincan Uyğur muxtar regionunda xırdabuynuzlu heyvanların taun, Andorra Knyazlığının Ordino inzibati ərazi vahidində blutanq, Tunis Respublikasının Aryana, Ben-Arous, Beca, Qafsa, Cenduba, Mahdiya, Manuba, Sfax, Silyana, Susa, Zaqvan, Kebili, Medenin vilayətlərində, Koreya Respublikasının Collanam-do əyalətində, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında isə dabaq xəstəliyi aşkarlanıb. Bundan başqa, Polşa Respublikasının Podkarpatsk, Malopolsk inzibati ərazilərində, Şimali Makedoniya Respublikasının Poloq regionunda Nyukasl, Kamboca Krallığının Kamponq Çnanq, Prea Sianuk əyalətlərində, Şotlandiyanın Haylənd inzibati ərazi vahidində, Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında, Polşa Respublikasının Sventokşisk inzibati ərazisində, Nigeriya Federativ Respublikasının Kaduna, Zamfara ştatlarında, Toqo Respublikasının Mərkəz, Maritaym vilayətlərində, Banqladeş Xalq Respublikasının Kxulna vilayətində, Hindistan Respublikasının Karnataka ştatında, Toqo Respublikasının Maritaym vilayətində, İngiltərənin Şimal-Şərqi İngiltərə regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, diri iri və xırdabuynuzlu heyvanların, onlara aid məhsulların, habelə diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Video
Quş qripi ilə bağlı diqqət edilməli qaydalar – Videoçarx

Quş qripi ilə bağlı diqqət edilməli qaydalar – Videoçarx