Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə riayət edilməlidir?
14 İyun 2024 15:25
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar ölkə ərazisində qanunsuz heyvan kəsiminin qarşısının alınması, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir kəsim məntəqələrinin yaradılması istiqamətində ardıcıl işlər görülməkdədir.
Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat şəkildə təşkili üçün heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir. Belə ki, heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə riayət olunmalı, fasiləsiz su təminatı qurulmalıdır. İşçi heyət vaxtaşırı tibbi müayinədən keçməli, xüsusi təmiz geyimdə (saç toru, xalat, kombinezon, önlük, rezin çəkmə, əlcək və s.) olmalı, iş geyimində kəsim məntəqəsindən kənara çıxmamalıdır. Həmçinin fərdi mühafizə geyimi çirkləndiyi halda mütəmadi təzələnməlidir. Əraziyə zərərvericilərin və digər heyvanların (it, pişik) daxil olmasının qarşısı alınmalıdır. Tullantılar sanitariya-gigiyena qaydalarına uyğun toplanaraq vaxtaşırı kənarlaşdırılmalıdır. Bundan başqa, alət və ləvazimatlar mütəmadi təmizlənib dezinfeksiya edilməlidir. Heyvan kəsimi məntəqəsində fəaliyyət göstərən qəssab istifadə edilən ləvazimatların təmizliyini təmin etməli, heyvanların rifahı qorunmaqla kəsimini həyata keçirməlidir. Kəsim zamanı sanitar-gigiyenik tələblərə əməl olunmalı, kəsilmiş heyvanın emalı müvafiq ardıcıllıqla aparılmalı və təmizliyə riayət edilməlidir. Heyvan nəqliyyat vasitəsindən zədələnmədən boşaldılmalıdır. Heyvanlar kəsimədək qənaətbəxş şəraitdə saxlanılmalı, kifayət qədər içməli su ilə təmin edilməlidir. Heyvanların kəsimə hazırlanması onlarda qorxu və stres yaratmamalıdır. Kəsim digər heyvanların gözü önündə aparılmamalıdır. Kəsim heyvana əziyyət vermədən, cəld icra edilməlidir. Zədəli heyvanlar gecikdirilmədən təcili kəsilməlidir.
Qurbanlıq heyvanların cəmdəklərinin satışı həyata keçirilən satış şəbəkələri soyuducu avadanlıqlarla kifayət qədər təchiz edilməli, eyni zamanda soyuq qida zəncirinin tələblərinə əməl olunmalıdır. Satış şəbəkələri xidmət göstərdiyi ərazidə yaşayan əhaliyə qurbanlıq heyvan sifarişini baytarlıq-sanitariya, sanitariya-gigiyena qaydalarına uyğun təmin etmək üçün müvafiq infrastruktura malik olmalıdır. Sifarişi götürülən heyvanların kəsimi yalnız qeydiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirilməlidir. Bu satış şəbəkələrində diri heyvanların satışı və kəsiminin həyata keçirilməsi qətiyyən yolverilməzdir. Həmin satış məntəqələrində mövcud soyuducu kameraların imkanlarından artıq sifarişlər qəbul olunmamalıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanları ilə birlikdə cari ilin 5 ayı ərzində 4500-dən artıq monitorinq keçirib. Monitorinqlər zamanı qanunsuz hallara qarşı müvafiq tədbirlər görülüb və icrası məcburi göstərişlər verilib.
Vətəndaşlardan bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştirak etmələri, qanunsuz fəaliyyət göstərən və qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan qanunsuz heyvan kəsimi məntəqələri ilə bağlı müvafiq qurumlara və Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb
Quş qripi xəstəliyinə qarşı cari ilin 7-11 aprel tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, 62 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 40 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 400 baş, habelə 21 rayonun (şəhər) 243 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 742 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib. Monitorinq müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili zamanı quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil edilib.

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.

Dabaq və quş qripi xəstəliyi ilə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub
Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An, Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məlumatlar daxil olub. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.