Qida Təhlükəsizliyi Agentliyi tərəfindən şadlıq saraylarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. AQTA-nın Bakı Regional bölməsinin rəisi Elşad Cəbrayılov bildirib ki, şadlıq sarayları yüksək risk qrupuna aid qida obyektləridir. Bu səbəbdən obyekt rəhbərləri qida təhlükəsizliyi tələblərinə əməl olunmasını, xüsusilə mətbəxlərin sanitar-gigiyenik vəziyyətinin, işçilərin şəxsi gigiyenasının, qida məhsullarının daşınması, saxlanması və hazırlanması qaydalarının təmin edilməsini diqqətdə saxlamalıdırlar. Elşad Cəbrayılov kütləvi qidalanma xidmətləri göstərən obyektlərin rəhbərlərini qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb. Daha ətraflı:
Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. Məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib. Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Araşdırma yekunlaşanadək “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib. Araşdırmalar davam etdirilir.
Qida zəhərlənməsi hadisələrinin 65%-dən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Validə Sadıxova bildirib. Şöbə müdiri vurğulayıb ki, kütləvi tədbirlər zamanı qidaların hazırlanması prosesində çarpaz çirklənmə, qida hazırlayan şəxslərin sağlamlıq vəziyyəti, hazır yeməklərin uyğun olmayan temperaturda saxlanılması, eləcə də daşınma şəraiti əsas risk faktorlarıdır. Qida zəhərlənməsi hadisələrinin araşdırılmasında qalıq qida nümunələrinin saxlanılması və AQTA müfəttişlərinə təqdim edilməsi mühüm əhəmiyyət daşıyır. Bu, hadisənin səbəblərinin müəyyənləşdirilməsinə və epidemioloji araşdırmanın düzgün aparılmasına imkan verir. AQTA vətəndaşları kütləvi tədbirlər zamanı qidaların hazırlanması, saxlanılması və daşınması qaydalarına ciddi əməl etməyə, qida təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır. Ətraflı:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərən fiziki şəxs Mirzəyev Eltun Ceyhun oğluna məxsus “Qızıl Saray” şadlıq sarayında plandankənar yoxlama keçiriblər. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə istifadə olunan ətlərin müşayiətedici sənədlərinin olmadığı və istehlaka yararsız vəziyyətdə olduğu aşkarlanıb. Həmçinin digər nöqsanlar müəyyən olunub. Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. İstehlaka təqdim olunan ətlərdən nümunələr götürülərək müayinələrin aparılması məqsədilə laboratoriyaya təqdim olunub. Həmin məhsulların dövriyyəsi qadağan edilib, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Gəncə-Daşkəsən regional bölməsi tərəfindən Gəncə şəhəri, Əli Məmmədov küçəsi ev 1 ünvanında vətəndaş Mustafayev Telman Şükür oğluna məxsus fərdi yaşayış evində keçirilən yoxlama zamanı qanunsuz fəaliyyət göstərən toyuq emalı sexi aşkarlanıb. Obyektdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına riayət edilmədən toyuq ətlərinin sümükdən ayrıldığı və dönərxanalara satışının həyata keçirildiyi məlum olub. Həmçinin donmuş toyuqların açıq havada defrostasiya edildiyi (donun açılması), məhsulların baytarlıq ekspertizasından keçirilmədiyi, etiketləmə və markalanma aparılmadan dönərxanalara paylandığı müəyyən edilib. Daşınma prosesi isə şəxsi nəqliyyat vasitəsi ilə, temperatur rejiminə riayət edilmədən həyata keçirilib. Ətlərdən nümunələr götürülərək laborator müayinələrə göndərilib, 840 kq donmuş və 22 kq donu açılmış toyuq əti isə saxlanca qoyulub. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, obyektin fəaliyyəti dayandırılıb. Link:
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa yolunun üzərində yerləşən fiziki şəxs Kərimov Şıxəli Hacıağa oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama həyata keçirilib. Müəssisənin antisanitar şəraitdə, heç bir qida təhlükəsizliyi tələbləri gözlənilmədən fəaliyyət göstərdiyi, istifadə edilən ət və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Eyni zamanda, obyektdə mənşəyi məlum olmayan, açıq saxtalaşdırma əlamətləri olan alkoqollu içkilərin istehlaka təqdim edilməsi halları da aşkarlanıb. Nöqsanlarla bağlı inzibati xəta haqqında protokol tərtib olunub, istehlaka təqdim edilən ət və araq məhsullarından nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Alkoqollu içkilərin dövriyyəsi qadağan edilib, həmçinin müəssisədə nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Havaların soyuması ilə infeksiyalara yoluxma riski arta bilər. Bu dövrdə immun sistemini “möcüzəvi” vasitələrlə gücləndirməkdənsə, onun normal fəaliyyətini sağlam həyat tərzi ilə dəstəkləmək daha doğrudur. - Düzgün və balanslı qidalanmaya diqqət etmək vacibdir. Mövsümi meyvə-tərəvəz, zülal mənbələri və fermentləşdirilmiş qidalar gündəlik rasionda yer almalıdır. - Kifayət qədər maye qəbulu, keyfiyyətli yuxu və müntəzəm fiziki aktivlik immun sisteminin normal fəaliyyətini dəstəkləyir. - Soyuq aylarda Vitamin D səviyyəsinə də diqqət etmək lazımdır. Lakin vitamin və əlavələri, xüsusilə yüksək dozaları həkim məsləhəti olmadan qəbul etmək düzgün deyil. - Stressin idarə olunması da sağlamlığın vacib hissəsidir. Unutmayaq ki, antibiotik və immun sisteminə təsir edən preparatlar həkim məsləhəti olmadan qəbul edilməməlidir. Antibiotiklər viruslara qarşı təsir göstərmir. Əsas məqsəd immuniteti süni şəkildə “gücləndirmək” deyil, onun normal fəaliyyətini sağlam həyat tərzi ilə dəstəkləməkdir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına Dövlət İmtahan Mərkəzi tərəfindən “Kadrların seçilməsi” mövzusunda təlim keçirilib. Təlimdə iştirakçılara müasir insan resurslarının idarə olunması standartları, vakansiyalara uyğun namizədlərin düzgün qiymətləndirilməsi, kadr seçimi ilə işə qəbul (cəlbetmə) arasındakı fərqlər barədə geniş məlumat verilib. İnteraktiv formatda keçən təlimdə, müasir insan resurslarının idarə olunması standartları, vakansiyalara uyğun namizədlərin düzgün qiymətləndirilməsi, kadr seçimi ilə işə qəbul (cəlbetmə) arasındakı fərqlər, seçim prosesinin 12 mərhələsi və hər mərhələdəki risklər, vəzifə təhlilində düzgün meyar müəyyənləşdirməyin əhəmiyyəti, müsahibə zamanı STAR və probing metodlarının tətbiqi, AI-nin kadr seçimində imkan və riskləri və obyektiv seçim kriteriyalarının tətbiqi barədə ətraflı məlumat verilib. Sonda təlim iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Fransanın Paris şəhərində Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) Şurasının 76-cı sessiyası keçirilib. İclas çərçivəsində EPPO-nun 2026–2030-cu illər üzrə Strateji Planının icrası, növbəti dövr üçün prioritetlərin müəyyənləşdirilməsi, eləcə də təşkilatın əsas vəzifələri və fəaliyyət istiqamətləri müzakirə olunub. EPPO-ya üzv ölkələrin nümayəndələrinin iştirak etdiyi sessiyada bitki sağlamlığı sahəsində regional standartların hazırlanması və yenilənməsi, təşkilatın növbəti dövr üzrə fəaliyyət istiqamətləri və iş proqramı, büdcə və digər təşkilati məsələlər nəzərdən keçirilib, müvafiq qərarlar qəbul edilib. Sessiyanın yekununda təşkilatın 75 illik yubileyinə həsr olunmuş rəsmi tədbir keçirilib. Tədbirdə EPPO-nun regional bitki mühafizəsi və bitki sağlamlığı sahəsində üzv ölkələr arasında əməkdaşlığın inkişafına, elmi və texniki məlumat mübadiləsinə, fitosanitar tədbirlərin uyğunlaşdırılmasına və bitki sağlamlığının qorunmasına verdiyi töhfələr vurğulanıb. Şuranın iclasında Azərbaycanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi Elmar Allahverdiyev təmsil edib.
Giriş