Quş qripi ilə bağlı monitorinqlər davam edir
12 Mart 2021 16:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı 9 mart tarixində başlanan epizootoloji monitorinqlər davam etdirilir.
Monitorinqlər çöl quşları arasında Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadası, Salyan Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarınının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edir. Eyni zamanda Xaçmaz, Şabran, Siyəzən, Ağcabədi, Qusar, Salyan və Lənkəran rayonlarında fəaliyyət göstərən sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində, o cümlədən ailə-kəndli təsərrüfatlarıdakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülüb və epizootoloji məlumatlar toplanaraq təhlil edilib.
Hazırda monitorinqlər Bakı şəhəri və Abşeron, Lənkəran, Cəlilabad, Zərdab, Xızı rayonları ərazilərində davam edir. Həmçinin ölkə üzrə ailə və fermer təsərrüfatlarının sahibləri arasında quşlarda xətəlik əlamətləri və ya tələfat haları barədə sorğu aparılmaqla, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, cari mövsümdə dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycan Respublikası ilə qonşu olan ölkələrdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Daxil olan məlumatların təhlili göstərir ki, xəstəliyə yoluxma əksər hallarda vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikanın ərazisindən keçməsi, habelə bu quşların müvəqqəti və daimi məskunlaşma yerlərinin olması ölkəmizdə də xəstəliyin yayılma riskini artırır.
Oxşar xəbərlər
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq 2024-cü ilin 16-20 dekabr tarixlərində həyata keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət qoruqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 60 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb. Bundan əlavə, 27 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 270 baş, 20 rayonun (şəhər) 223 ailə təsərrüfatında isə ümumilikdə müxtəlif növ 685 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Toplanmış epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar müvafiq proqrama daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Monqolustanın Xovd vilayətində xırdabuynuzlu heyvanların taun və keçilərin yoluxucu plevropnevmoniyası, Avstriya Respublikasının Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol, Zalsburq ştatlarında blutanq, Polşa Respublikasının Mazoviesk, Lyubelinsk inzibati ərazilərində Nyukasl, Fransa Respublikasının Normandiya regionunda, İsrail Dövlətinin Mərkəz dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Xovd vilayətində xırdabuynuzlu heyvanların taun xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların (virusun məhv edilməsini təmin edən termik emala məruz qalan məhsullar istisna olmaqla) idxalına, habelə qeyd olunan heyvanların Azərbaycan Respublikasının ərazisindən tranzitinə, eləcə də Xovd vilayətində keçilərin yoluxucu plevropnevmoniyası xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların idxalına, habelə Azərbaycan Respublikasının ərazisindən qeyd olunan heyvanların tranzitinə, Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol və Zalsburq ştatlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Mazoviesk və Lyubelinsk inzibati ərazilərində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, Normandiya regionunda və Mərkəz dairəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib
Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) İdarəetməyə Nəzarət Komitəsinin üzvü seçilib. Komitədə Azərbaycan, Çin, Avstraliya, Avstriya, Norveç, İrlandiya, Kanada, Çili də daxil olmaqla, ümumilikdə, 16 dövlət təmsil olunur. Bu il ÜHST-nin 91-ci Ali Baş Sessiyasında yaradılan komitənin məqsədi sözügedən təşkilatın normativ sənədlərinin yenilənməsi, maliyyə idarəçiliyi və dünyada sahə üzrə prioritet məsələlərin tənzimlənməsi vəziyyətinin monitorinqinin aparılması və təkmilləşdirilməsindən ibarətdir. Komitənin işi ÜHST-nin Baş Qərargahında yerləşən katiblik tərəfindən koordinasiya ediləcək. Üzv ölkələrin nümayəndələri arasında müxtəlif görüşlərin keçirilməsi, müvafiq sahələr üzrə məsləhətçi və ekspertlərin də iştirakı nəzərdə tutulur. Komitə tərəfindən “İnstitusional, texniki və maliyyə idarəçiliyi üzrə qiymətləndirilmənin nəticələrinə dair hesabat” hazırlanaraq ÜHST-nin rəhbərliyinə təqdim olunacaq. Ölkəmizi İdarəetməyə Nəzarət Komitəsində Azərbaycanın ÜHST-dəki nümayəndəsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edəcək. Qeyd edək ki, son illər AQTA tərəfindən ölkədə heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması, habelə ətraf mühitdə biotəhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə heyvan sağlamlığı sahəsində regional əməkdaşlığın gücləndirilməsi ÜHST tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz dabaq xəstəliyi üzrə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə məsləhət qrupuna sədr, həmçinin ÜHST-nin “Avropa heyvan rifahı platforması”nın rəhbər komitəsinə üzv seçilib. Cari ildə ölkəmizin xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib. Heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində icra edilən institusional islahatlar nəticəsində ölkəmizə yüksək etimad göstərilərək Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib.