Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb
21 İyun 2025 17:28
Cari ilin 19-23 may tarixlərində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb.
Monitorinq zamanı 65 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 230 baş, habelə 14 rayonun (şəhər) 116 ailə təsərrüfatında ümumilikdə müxtəlif növ 364 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Laboratoriyalarda aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.
Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb.
Oxşar xəbərlər
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş