“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri Goranboy və Xaçmazda keçirilib
30 Aprel 2019 19:30










Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti görüşlər Goranboy rayonu M. Dosiyev adına Qızılhacılı qəsəbə 2 nömrəli orta məktəb və Şabran şəhəri 4 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.
Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, gündəlik qida rasionun təşkili, fast food-un zərərləri, süd və süd məhsullarının faydaları, energetic içkilərin ziyanları barədə ətraflı məlumat verilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.. AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.
