Sahibkarlıq subyektlərin qeydiyyatı və nəzarət tədbirlərinin daha səmərəli təşkili müzakirə olunub
5 Noyabr 2021 15:17
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin əməkdaşları ilə videokonfrans formatında görüş keçirib.
Görüşdə qida sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, hər iki qurum tərəfindən müvafiq sahədə vahid yanaşmanın müəyyən edilməsi, dövlət nəzarətindən yayınan subyektlərə qarşı birgə mübarizə, qida məhsullarının idxalına və ixracına verilən sertifikat və icazələrlə bağlı məlumat mübadiləsi barədə müzakirələr aparılıb.
Sonda birgə yoxlamaların həyata keçirilməsi ilə bağlı təkliflər dinlənilib.
Oxşar xəbərlər
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fələstin Dövlətinin Beytləhm əyalətində dabaq, Yunanıstan Respublikasının Peloponnes, Qərbi Yunanıstan və İon adalarında, Bolqarıstan Respublikasının Sliven vilayətində xırdabuynuzlu heyvanların çiçək, Almaniya Federativ Respublikasının Baden-Vürtemberq, Bavariya, Brandenburq, Hamburq, Meklenburq-Ön Pomeraniya, Saarland, Saksoniya, Saksoniya-Anhalt, Şlezviq-Holşteyn, Türingiya, Bremen vilayətlərində, Liviya Dövlətinin Benqazi inzibati ərazi vahidində, Polşa Respublikasının Nijnesilezsk inzibati ərazisində, Portuqaliya Respublikasının Portaleqri dairəsində blutanq, Polşa Respublikasının Slask inzibati ərazisində, Yeni Zelandiyanın Kenterberi regionunda, Rumıniyanın Timiș inzibati ərazi vahidində, Amerika Birləşmiş Ştatlarının Montana, Minnesota ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Beytləhm əyalətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Peloponnes, Qərbi Yunanıstan və İon adalarında, həmçinin Sliven vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına, Baden-Vürtemberq, Bavariya, Brandenburq, Hamburq, Meklenburq-Ön Pomeraniya, Saarland, Saksoniya, Saksoniya-Anhalt, Şlezviq-Holşteyn, Türingiya, Bremen vilayətlərində, Benqazi, Nijnesilezsk inzibati ərazilərində və Portaleqri dairəsində xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Kenterberi regionunda, Slask, Timiș inzibati ərazilərində və Montana, Minnesota ştatlarında xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, səhiyyə naziri Teymur Musayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov iştirak edib. Həmçinin dəyirmi masaya bir sıra digər aidiyyəti qurumların, o cümlədən sahə üzrə elmi-tədqiqat mərkəzlərinin, universitetlərin, eləcə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ətraf Mühit Proqramının və Yerli Əhalinin Problemləri üzrə Daimi Forumunun nümayəndələri qatılıb. Tədbir çərçivəsində “Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması” və “Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması” mövzularında sessiyalar keçirilib. AQTA sədri Q.Təhməzli “Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması” mövzusunda təşkil olunan sessiyada çıxış edib. Q.Təhməzli bildirib ki, müasir dünyada iqlim və ətraf mühit amillərinin təsirindən cəmiyyətdə, o cümlədən sosial və iqtisadi sahələrdə yeni çağırışlar meydana çıxır. Bu məsələlərin aşkarlanmasında və idarə edilməsində isə birgə fəaliyyət olduqca vacibdir. Agentlik sədri bu baxımdan COP29-un xüsusi əhəmiyyətini qeyd edib və onu geniş imkanlara malik müzakirə platforması kimi qiymətləndirib. Q.Təhməzli vurğulayıb ki, hazırda dünyada insanların və digər canlıların sağlamlığına, habelə ətraf mühitə ciddi zərər vura bilən amillər qabarıq formada özünü büruzə verməkdədir. Eyni zamanda bu amillərin idarə olunması və onların zərərinin minimuma endirilməsi üçün beynəlxalq miqyasda müvafiq əlaqələndirilmiş fəaliyyət mexanizmləri yaradılmaqdadır. Bu istiqamətdə həyata keçirilən və planetin canlı aləminin qorunması üçün tətbiq edilən “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində ölkəmizdə də mühüm addımlar atılır. Respublikamızda bu istiqamətdə son illərdə aparılmış islahatların öz bəhrəsini verməkdə olduğunu bildirən AQTA sədri ölkəmizin əldə olunan təcrübəni digər dövlətlərlə bölüşməyə hazır olduğunu diqqətə çatdırıb. Q.Təhməzli deyib ki, beynəlxalq təcrübəyə uyğun olaraq respublikamızda zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün aidiyyəti qurumların birgə fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Bu çərçivədə zoonoz xəstəliklərdən irəli gələn problemlərin həll olunması məqsədilə “Azərbaycan Respublikasında “Vahid Sağlamlıq” konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya”nın layihəsi hazırlanaraq təqdim ediləcək. AQTA sədri vurğulayıb ki, mütərəqqi epidemioloji iş üçün istifadə ediləcək informasiya sisteminin qurulması, “Cəmiyyət-heyvanat aləmi - ətraf mühit” kontekstində vahid yanaşmanın tətbiq edilməsi, antimikrob rezistentliyi problemlərinin həlli, böhran vəziyyətlərinin idarə olunması və digər zəruri amillər Strategiyanın tərtib edilməsini aktuallaşdırıb. Strategiyanın icrası ilə zoonoz xəstəliklərin erkən aşkarlanması üçün çevik həll yollarına, davamlı müşahidə sisteminin və məlumat mübadiləsi üçün vahid platformanın tətbiqinə, həmçinin ölkə əhalisinin vaxtaşırı maarifləndirilməsi kimi məqsədlərə nail olunacaq.
COP29 çərçivəsində “Vahid Sağlamlıq Konfransı” keçirilib
Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Vahid Sağlamlıq Konfransı” keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, “Vahid Sağlamlıq” konsepsiyası ekosistemin bütün hissələrinin vəhdətinə əsaslanan, insanların, heyvanların və ətraf mühitin problemlərini ayrı-ayrılıqda deyil, birgə nəzərdən keçirərək, bu kompleksin sağlamlığını tarazlaşdırmaq və optimallaşdırmaq məqsədilə qaldırılan, inteqrasiya olunmuş vahid yanaşmadır. Konsepsiya xüsusilə qida və su təhlükəsizliyi, qidalanma, zoonoz xəstəliklərə nəzarət, çirklənmənin idarə edilməsi və antimikrob rezistentliklə mübarizə istiqamətlərində olduqca aktualdır. Bu konsepsiya cəmiyyətin müxtəlif sahələrində bir çox sektorları birgə işləməyə səfərbər edir. Konsepsiyanın istər milli, istərsə də beynəlxalq səviyyədə icrasını məhsuldar həyata keçirmək, qarşıya qoyulan məsələlərə çatmaq, problemlərin həlli, o cümlədən insan, heyvan və ətraf mühitdə qarşıya çıxa biləcək təhdidlərin öncədən görülməsi və qarşısının alınması üçün səhiyyə, ətraf mühit sağlamlığı, kənd təsərrüfatı və qida təhlükəsizliyi kimi müxtəlif sektorların qarşılıqlı fəaliyyət göstərməsi vacib şərtlərdəndir. Buna görə də ölkəmizdə ictimai sağlamlığın qorunması bu sahədə rolu olan hər bir təşkilatın vəzifəsi hesab edilir. Planetin canlı aləminin qorunması üçün tətbiq olunan “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində ölkəmizdə mühüm addımlar atılır.