Şəmkirdə mənşəyi məlum olmayan ətin satışının qarşısı alınıb
17 Oktyabr 2019 11:20
















Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Növbəti belə tədbir AQTA əməkdaşları tərəfindən Şəmkir rayonunda keçirilib.
Monitorinq zamanı Şəmkir rayonu Çinarlı qəsəbəsində yol kənarında Göygöl rayon sakini Məmmədov Azər Cümşüd oğlunun baytarlıq-sanitariya ekspertizasından keçməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən təxmini çəkisi 58 kq mənşəyi məlum olmayan ət və ət məhsullarının satışını həyata keçirdiyi məlum olub. İstehlaka yararsız ətin satışının qarşısı alınıb. Ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələrin nəticəsinə əsasən ətin köhnəliyi və ölmüş heyvan əti olduğu, eyni zamanda baktereoloji çirklənməyə məruz qaldığı təsdiqlənib.
Agentlik tərəfindən bundan sonra da bu istiqamətdə sağlamlaşdırıcı tədbirlər davam etdiriləcək.
Oxşar xəbərlər

Qurban bayramı ilə bağlı hazırlıq işləri davam edir
6-7 iyun tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində aparılan tədbirlərin miqyasını genişləndirib.

Təhlükəli zoonoz xəstəlik — Qarayara
Qarayara — heyvanlardan insanlara keçə bilən zoonoz xəstəliklərdəndir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Heyvanlar bu infeksiyaya xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxur. Xəstəliyin əsas əlamətləri isə bunlardır: heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. İnsanlar xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat məhsulların istehlakı və digər ətraf mühit amilləri ilə bu xəstəliyə yoluxa bilər. Bu zaman yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaqdır.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Danimarka Krallığının Şimali Yutlandiya regionunda, Türkiyə Respublikasının Kayseri vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
