“Süfrə” jurnalının növbəti sayı işıq üzü görüb
21 Yanvar 2020 16:35
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi və sağlam qidalanmanın təşviqi ilə bağlı istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Cəmiyyətimizdə gedən inkişaf, yeni tendensiyalar, qida təhlükəsizliyi ilə bağlı ciddi dəyişiklikləri qaçılmaz edir. Bu işdə ən vacib məqamlardan biri də istehsalçıların və istehlakçıların maarifləndirilməsidir.
Qida təhlükəsizliyi və qida sektoru ilə bağlı ən aktual məlumatları özündə əks etdirən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mətbu orqanı olan “Süfrə” elmi-kütləvi jurnalın növbəti nömrəsi çapdan çıxıb.
Nəfis tərtibatda və yüksək keyfiyyətlə çapdan çıxan “Süfrə” jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Jurnalın təsis edilməsində əsas məqsəd əhalinin sağlam qidalanma, qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, həmçinin Azərbaycan əhalisinin təhlükəsiz qida ilə təmin olunması, bu istiqamətdə dövlət miqyasında həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasıdır. Jurnal bir-birindən maraqlı rubrikalarla oxucuların görüşünə gəlib.
Belə ki, “Süfrə” jurnalının bu sayında qida mövzusunda müxtəlif oxucu kateqoriyası üçün maraqlı olan məlumatlar, qida təhlükəsizliyi ilə bağlı ölkəmizdə aparılan elmi araşdırmalar, qida məhsulları alarkən diqqət etməli olduğumuz məqamlarla bağlı maarifləndirici yazılar yer alıb.
Jurnalın əvvəlki nömrələrində olduğu kimi bu sayında da bir-birindən maraqlı müsahibələr yer alıb.
"Həkim sözü” rubrikasında peşəkar həkim-pediatr Nigar Sədiyevanın uşaqların düzgün qidalanması ilə bağlı geniş oxucu auditoriyası üçün maraqlı olacaq müsahibəsi dərc edilib. Eyni zamanda “Persona” rubrikasında Xalq artisti, tanınmış muğam ustası Mənsum İbrahimov sağlam qidalanma ilə bağlı sirlərini bölüşüb.
Bundan başqa jurnalın “Bələdçi” rubrikasında xəbərlər, yeniliklər, trendlər, eləcə də “Qida Akademiyası” rubrikasında “Palma yağı zərərlidirmi?”, “Quru meyvələri alarkən bunlara diqqət!”, “Brusellyoz təhlükəsi”, “Yediyimiz qidalarda antibiotik təhlükəsi”, “Genetik modifikasiya olunmuş orqanizmlər” başlıqlı məqalələr dərc olunub. Eyni zamanda “Gigiyena” rubrikasında “Xəngəlin qida normaları”, “Lifehack” rubrikasında “Artıq qidanın saxlanma qaydaları”, “Faydalı” rubrikasında “Dərdə dərman abqora”, “Tarixdən” rubrikasında “Samovarda bişən yemək”, “Qədim mətbəx” rubrikasında isə “Əsl Şəki pitisi” ilə bağlı maraqlı məqalələr yer alıb.
“Süfrə” jurnalını əldə etmək üçün 012-565-12-72 (daxili nömrə 553) telefon nömrəsi əlaqə saxlaya bilərsiniz.
Oxşar xəbərlər
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Giriş