Sumqayıt və Mingəçevirdə qanunsuz heyvan kəsiminin qarşısının alınması ilə əlaqədar reyd keçirilib
10 İyul 2019 14:50
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə növbəti nəzarət tədbirləri Sumqayıt və Mingəçevir şəhərlərində həyata keçirilib.
Reydlərdə AQTA əməkdaşları ilə yanaşı, yerli icra hakimiyyətlərinin və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Reyd zamanı bəzi kəsim məntəqələrində mənşəyi bilinməyən heyvan cəmdəyinin hissələri aşkarlanıb, bəzilərində isə ətlərin üzərində möhürlərin olmadığı müəyyən edilib. Qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinin sahiblərinə yalnız ixtisaslaşmış kəsim məntəqələrində kəsimin həyata keçirilməli olduğu, ət məhsullarının laborator analizdən sonra satışa təqdim edilməli olduğu bildirilib.
Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
AQTA qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır.
Oxşar xəbərlər
Ölkədə at xəstəlikləri üzrə epizootoloji monitorinqlər keçiriləcək
Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) mövcud olan atlar və digər təkdırnaqlı heyvanların xəstəlikləri üzrə epizootoloji vəziyyəti qiymətləndirmək üçün 2026-cı il 20-30 aprel tarixlərində monitorinqlər keçiriləcək. Monitorinqlər çərçivəsində sözügedən heyvanların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına riayət olunması məqsədilə maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqin nəticələri açıqlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 2-6 mart tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, habelə 16 rayonun (şəhər) ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib. Bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Vəhşi və ev quşlarından götürülmüş nümunələrin laborator müayinələri və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkar edilməyib.
Heyvanların identikləşdirilməsi baytarlıq nəzarətinin effektivliyini artırır
Heyvanların identifikasiyası və qeydiyyatı heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarətin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir və baytarlıq nəzarətinin əsasını təşkil edir. Heyvanların qeydiyyatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə aparılır. Sistem heyvanların fərdi qeydiyyatının aparılmasını, heyvanların sağlamlıq durumunun, aparılmış baytarlıq tədbirlərinin vahid məlumat bazasında toplanmasını, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsini təmin edir. Heyvanların identifikasiyası və qeydiyyatı aşağıdakı istiqamətlər üzrə mühüm əhəmiyyətə malikdir: Xəstəliklərin diaqnostikası və profilaktikası – erkən aşkarlama və yayılmanın qarşısının alınması; Heyvan sağlamlığına nəzarət – peyvəndləmə və müalicə məlumatlarının sistemli idarə olunması; Qida təhlükəsizliyi – “fermadan süfrəyə” prinsipi ilə izlənilmənin təmin olunması; Sahənin inkişafı – məhsuldarlığın artırılması və idarəetmənin təkmilləşdirilməsi; Ərzaq təhlükəsizliyi – heyvanların baş sayının dürüstləşdirilməsi; Hüquqi tənzimləmə – mülkiyyət hüquqlarının qorunması və itirilmiş heyvanların aşkar edilməsi. Nəticə etibarilə, bu sistem baytarlıq nəzarətinin effektivliyini artırır, heyvan sağlamlığını və qida təhlükəsizliyini təmin edir, həmçinin təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflığı gücləndirir və dövlət dəstəyi tədbirləri üçün etibarlı informasiya bazası yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş