“Təlim saatı”nda ölkə üzrə iribuynuzlu heyvanların fərdi məlumatlarının qeydə alınması qaydalarından danışılacaq
13 Dekabr 2022 17:55
14 dekabr 2022-ci il tarixində saat 12:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Təlim saatı” adlı onlayn verilişinin növbəti buraxılışı "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.
“Təlim saat”ı onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi, eyni zamanda qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsini təmin etməkdir.
Budəfəki buraxılışda ölkə üzrə iribuynuzlu heyvanların fərdi məlumatlarının qeydə alınması qaydalarından bəhs olunacaq. Heyvanların qeydiyyatı və identifikasiyası sistemindən istifadə qaydalarından, bu sistemin funksional imkanlarından, fərdi təsərrüfatlarda mövcud olan, o cümlədən respublikamıza xarici ölkələrdən gətirilən hər bir iribuynuzlu heyvanla bağlı məlumatların sistemə daxil edilməsindən, həmçinin qeydə alınmış heyvanlara dair fərdi məlumatların izlənilməsi prosesindən danışılacaq.
Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Heyvanların identifikasiya mərkəzi departamentinin Heyvanların identifikasiyası işinin təşkili şöbəsinin böyük mütəxəssisi Sədi Şahverdiyevə ünvanlaya bilərsiniz.
Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.
Oxşar xəbərlər

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.