Tibb Universitetinin tələbələri AQTİ-də istehsalat təcrübəsi keçəcək
18 Fevral 2021 10:17




Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qida təhlükəsizliyi sahəsində mütəxəssislərin formalaşdırılması və peşəkar kadrların seçilərək AQTİ və onun tabeliyində fəaliyyət göstərən laboratoriyalarda işə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bacarıqlı və potensiallı kadrların seçilərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və onun tabeliyində fəaliyyət göstərən laboratoriyalarda işə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə AQTİ-də Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş keçirilib.
Görüş zamanı AQTİ-nin bir sıra departament rəhbərləri ölkəmizdə yeni qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində görülən işlər, qurumun fəaliyyəti və təcrübə keçəcək tələbələrə görəcəyi işlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, təcrübə müddətində onlara nəzəri biliklərini əyani şəkildə tətbiq etmək üçün geniş imkanlar yaradılacaq. Bununla yanaşı, tələbələrin təcrübə proqramına cəlb edilmələrinin onların peşəkar kadr kimi yetişmələrində mühüm rol oynayacağı vurğulanıb.
Görüşdə tələbələrin peşəkar kadr kimi yetişmələrində köməklik göstərmək məqsədilə Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin tələbələrinin 3 ay müddətində AQTİ-nin struktur bölmələrində istehsalat təcrübəsi keçmələri qərara alınıb.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.
