Unun zənginləşdirilməsi ilə bağlı regional seminar keçirilib
9 Sentyabr 2019 10:26
Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminar keçirilib. Tədbir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tərəfdaşlığı ilə, UNİCEF və Qida Məhsullarının Zənginləşdirilməsi Təşəbbüsü (FFI) tərəfindən təşkil edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri, cənab Qoşqar Təhməzli bildirib ki, bu gün dünya əhalisinin üçdə bir hissəsini əhatə edən mikronutriyent çatışmazlıqlarına dəmir, vitamin A və yod çatışmazlığı səbəb olur. Bunlardan ən geniş yayılmışı isə dəmir çatışmazlığıdır. Statistikaya nəzər salsaq görərik ki, hazırda dünyada 2 milyard insan anemiyadan əziyyər çəkir. Dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun- qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqlarının immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir. Hazırda ölkəmizdə bu problemlemin aradan qaldırılması böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə addımlar atılır.
Əhali arasında geniş yayılmış vitamin və mineralların çatışmazlığının aradan qaldırılmasının effektiv üsulu qida məhsullarının zənginləşdirilməsidir (fortifikasiya).
Agentlik sədrinin sözlərinə görə, təmsil etdiyi qurum fəaliyyətə başlayandan sonra müvafiq qurumlarla birgə unun zənginləşdirilməsinə dair qanun layihəsi üzərində işlər aparılıb. Hazırda bu prosses davam edir. Bugünkü tədbirin də əsas məqsədlərindən biri bu sahədə beynəlxalq təcrübəni öyrənmək, mövcud qanunvericilik bazasını təkmilləşdirmək, problemin həlli istiqamətində ictimaiyyəti lazımi səviyyədə məlumatlandırmaqdır.
UNİCEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin seminarın əlverişli vaxta təsadüf etdiyini qeyd edib. “Regionumuzda hər üç hamilə qadından biri qanazlığından əziyyət çəkir ki, bu da həm ananın, həm də körpənin sağlamlığına birbaşa təsir göstərir”, - deyə o qeyd edib. “Unun dəmir və digər mikronutriyentlərlə zənginləşdirilməsi qanazlığının rastgəlmə səviyyəsinin azaldılmasında özünü xərc baxımından ən səmərəli üsul kimi doğruldub”.
Təqribi hesablamalara görə, dəmir çatışmazlığı Avropa və Mərkəzi Asiya regionunda beş yaşadək uşaqların 40 faizə qədərinin sağlamlığına və rifahına mənfi təsir göstərir.
Qeyd edək ki, beş gün davam edəcək tədbir çərçivəsində “Unun səmərəli zənginləşdirilməsi üzrə Regional Potensialın Artırılması” sahəsində Mərkəzi Asiya və Avropa ölkələri üçün regional təlim keçiriləcək.
Oxşar xəbərlər
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Giriş