Yüksək patogen quş qripinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
17 May 2023 00:00

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.
Cari ilin 1-15 may tarixlərində keçirilmiş epizootoloji monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, habelə ərazi üzrə ovçuluq təsərrüfatı və milli parklarının əməkdaşları və mütəxəssisləri iştirak ediblər.
Monitorinqlər zamanı Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə vəhşi quşlara ümumi baxış keçirilib. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 29 baş müxtəlif növ vəhşi quşun patoloji materialları götürülüb. Bu müddətdə Bakı şəhərindəki, Abşeron, Lənkəran, Hacıqabul, Cəlilabad və Şabran rayonlarındakı 7 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsindən 70 baş quşdan, Bakı şəhəri, Abşeron, Xızı, Astara, Ağcabədi, Xaçmaz, Şabran, Salyan, Biləsuvar və Lənkəran rayonlarındakı, ümumilikdə 179 ailə təsərrüfatlarından isə müxtəlif növ 537 baş ev quşundan laborator müayinə üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.
Çöl və ev quşlarından götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.
Əlavə olaraq monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında müşahidələr aparılıb və xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.
Oxşar xəbərlər

Dabaq və quş qripi xəstəliyi ilə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub
Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An, Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məlumatlar daxil olub. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Koreya Respublikasının Collabuk-do, Qyeonqsanqbuk-Do, Ceollanam-Do, Qyeonqqi-Do əyalətlərində, Danimarka Krallığının Paytaxt, Cənubi Danimarka regionlarında, Çex Respublikasının Vısoçina, Moraviya–Sileziya, Ustetsk, Kraloveqradetsk, Zlin, Pardubitsk diyarlarında, Moldova Respublikasının Soroka, Floreşti, Ştefan-Voda, Drokiya, Rezina, Șoldaneștı, Rışkanı, Dubısаri, Edinet, Qlоdеni, Straşeni, Kахul, Оrхеy rayonlarında, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında, Mozambik Respublikasının İnyambane əyalətində, Almaniya Federativ Respublikasının Brandenburq, Hessen vilayətlərində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Montana, Miçiqan, Delaver, Florida, Şimali Karolina, Virciniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA ilə İranın Baytarlıq Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İran Baytarlıq Təşkilatı arasında “Transsərhəd heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın Baş nazirinin müavini (hökumətlərarası komissiyanın həmsədri) Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) Fərzanə Sadiq imzalayıblar. Memoranduma əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və İran İslam Respublikasının Baytarlıq Təşkilatı dövlət sərhədlərinə bitişik ərazilərdə transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üzrə birgə fəaliyyət göstərəcək, regionda yoluxucu heyvan xəstəliklərinin törətdiyi epizootoloji gərginliyin artması fonunda hər iki dövlətin əhalisinin və ətraf mühitinin bioloji təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər icra edəcəklər. Anlaşma Memorandumu çərçivəsində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinə bitişik ərazilərdə epizootiya əleyhinə, o cümlədən nəzarət, peyvəndləmə, monitorinq və sair birgə tədbirlərin təşkili təmin ediləcək. Həmçinin sərhəddə baytarlıq nəzarəti tədbirlərinin həyata keçirilməsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Memorandumda bundan başqa, qeyd edilən sahələr üzrə AQTA ilə İranın Baytarlıq Təşkilatı nümayəndələrindən və ekspertlərdən ibarət işçi qrupların yaradılması, birgə tədqiqatların aparılması, heyvan xəstəliklərinin laboratoriya diaqnostikası üzrə birgə təlim və məşqlərin keçirilməsi, məlumat mübadiləsinin aparılması, görüşlərin təşkili kimi məsələlər öz əksini tapıb.