Yüksək patogen quş qripinin alovlanma dövri ilə bağlı nəzarət tədbirləri gücləndirilib
4 Fevral 2022 14:05
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, dünyanın müxtəlif ölkələrində yüksək patogen quş qripi (YPQQ) xəstəliyinin yayılma arealı genişlənməkdədir. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması üçün Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi tərəfindən “Yüksək patogen quş qripi virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə respublikaya 1 (bir) günlük cücələr istisna olmaqla, diri toyuqların idxalının müvəqqəti qadağan olunması haqqında” Qərar qəbul olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə respublikamıza gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qeyd edək ki, yüksək patogen quş qripi virusu miqrasiya edən çöl quşlar ilə yanaşı, ölkələr arasında daşınan diri quşlar vasitəsilə də yayılır. Bu baxımdan müxtəlif məhsuldarlıq istiqaməti üzrə fərqli yaş qrupuna aid quşlar yüksək epizootoloji risk daşıyır.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyə Respublikasının Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”inə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb
Quş qripi xəstəliyinə qarşı cari ilin 7-11 aprel tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, 62 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 40 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 400 baş, habelə 21 rayonun (şəhər) 243 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 742 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib. Monitorinq müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili zamanı quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil edilib.

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.