Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qəhvəyi mərmər bağacığı ilə bağlı monitorinq və mübarizə tədbirləri elmi əsaslara uyğun şəkildə, zərərvericinin biologiyasına uyğun olaraq mərhələli şəkildə davam etdirilir. Payız mövsümündə qışlamaya üstünlük verdiyi üçün bu zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur. Məlumdur ki, qəhvəyi mərmər bağacığı Gürcüstan Respublikasının Azərbaycanla həmsərhəd bölgələrində geniş yayılıb və beynəlxalq mənbələrə əsasən, 2016-cı ildə həmin ölkədə fındıq istehsalına 53–69 milyon ABŞ dolları həcmində iqtisadi ziyan vurub. Gürcüstanda aparılan elmi müşahidələr və mübarizə tədbirləri göstərir ki, zərərverici sentyabr ayının sonlarından etibarən qışlama üçün sığınacaq axtarmağa başlayır ki, bu da onun Azərbaycan ərazilərinə doğru miqrasiyasını sürətləndirir. Son günlər ölkənin müxtəlif bölgələrindən ictimai-iaşə obyektlərində, yaşayış evlərində, təsərrüfat tikililərində, anbarlarda və digər qapalı məkanlarda bu zərərvericiyə daha tez-tez rast gəlinməsi də bununla bağlıdır. Qeyd olunmalıdır ki, qəhvəyi mərmər bağacığı payız dövründə fizioloji aktivliyini itirir, qidalanmır və bitkilər üçün birbaşa təhlükə yaratmır. Lakin qapalı məkanlarda çoxlu sayda toplanması onun populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına səbəb olur. Bu baxımdan, sahibkarların, fermerlərin və vətəndaşların öz evlərində və təsərrüfat sahələrində aktiv müşahidə aparmaları, zərərvericini fiziki üsullarla toplamaqla məhv etmələri xüsusilə vacibdir. Təkcə dövlət qurumlarının səyləri ilə bu zərərverici ilə mübarizəni tam nəzarətdə saxlamaq mümkün deyil. Cəmiyyətin iştirakı olmadan geniş yayılmanın qarşısını almaq çətinləşir, bu isə növbəti mövsümlərdə kənd təsərrüfatına ciddi ziyan vura bilər. Zərərvericinin qapalı məkanlarda çoxalmasının qarşısı vaxtında alınmazsa, onun təbiətə qayıtdıqdan sonra sürətlə çoxalması və məhsuldarlığa mənfi təsir göstərməsi qaçılmazdır. Bu səbəbdən, hər kəsin bu prosesə məsuliyyətlə yanaşması, sadə və effektiv tədbirlərlə (məsələn, toplayıb məhv etməklə) iştirak etməsi vacib hesab olunur. AQTA bu istiqamətdə monitorinq, elmi qiymətləndirmə və maarifləndirmə tədbirlərini mərhələli şəkildə davam etdirir və zərərvericinin yayılma arealına uyğun olaraq əlavə mübarizə mexanizmləri tətbiq edir.
Ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) heyvan xəstəliklərindən azad zonaların yaradılması, iri və xırdabuynuzlu heyvanların identikləşdirilməsinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə qarşıda duran vəzifələr, heyvandarlıq təsərrüfatı sahibləri tərəfindən görüləcək işlər, həmçinin proseslərin daha da sürətləndirilməsi ilə bağlı bu gün Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasında regional müşavirə keçirilib. Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Laçın Rayon İcra Hakimiyyətinin, KTN yanında Aqrar Xidmətlər Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin və yerli icra orqanlarının nümayəndələri və müvafiq sahədə fəaliyyət göstərən sahibkarlar iştirak edib. Müşavirədə bildirilib ki, 2024-cü ildə ölkəmiz Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən bir sıra heyvan xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda, əvvəlki illərdə əldə edilmiş bəzi heyvan xəstəliyindən azad ölkə statusları qorunub saxlanılır. Ancaq əldə olunmuş uğurlarla yanaşı, bu sahədə fəaliyyətlərin daha da genişləndirilməsi qarşıya hədəf kimi qoyulub. Qeyd olunub ki, heyvan xəstəlikləri ilə effektiv mübarizənin aparılması və azad statusların alınması heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə paralel bu məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Müşavirədə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə görüş iştirakçılarına zəruri məlumatlar əks olunan təqdimatlar nümayiş olunub. Eyni zamanda bildirilib ki, heyvanların identikləşdirilməsi Agentlik tərəfindən AQTİS vasitəsilə həyata keçirilir. Bu sistem vasitəsilə heyvanın sahibi, heyvandarlıq təsərrüfatları, habelə hər bir heyvana dair məlumatların formalaşdırılaraq idarə edilməsi mümkündür. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və heyvanların identifikasiyası, zoonoz xəstəliklərə qarşı mübarizə üsulları ilə bağlı maarifləndirici materiallar paylanılıb.
Müasir dünyada qida sadəcə gündəlik istehlak vasitəsi deyil, sağlamlığın, rifahın və davamlı gələcəyin əsas təminatıdır. Bu baxışla Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası yeni kampaniyaya başlayıb. Kampaniyanın əsas məqsədi vətəndaşları ictimai iştirakçılığın həyata keçirilməsi ilə qida zəncirinin hər bir mərhələsində qida təhlükəsizliyinə nəzarətin təmin edilməsinə cəlb etməkdir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq! Videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Daxil olan müraciət əsasında Lerik rayonu, Piran kəndində fəaliyyət göstərən, fiziki şəxs Yusubov Zakir Məmmədkərim oğluna məxsus “043” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, marketdə istifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları və içkilərin satışa çıxarıldığı aşkarlanıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Abşeron Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib. İngiltərənin “LGC” şirkəti tərəfindən təşkil olunan sınaqlar quru süd nümunələrində koliformlar, enterobakteriya, E. coli, mezofil aerob və fakültativ anaerob mikroorqanizmlər parametrlərinin, kərə yağı nümunələrində isə yağlılıq, duz, nəmlik, pH və quru maddə parametrlərinin təyini üzrə aparılıb. Abşeron Regional Sınaq Laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, fiziki-kimyəvi və cihaz müayinələri həyata keçirilir. Laboratoriya AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının maddi-texniki bazası mütəmadi olaraq gücləndirilir və modernləşdirilir. Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı məqsədilə həmçinin qabaqcıl texnologiyalar tətbiq edilir, kadrların səriştəsinin artırılması üçün isə təlimlər və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin olunur.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Tərtər rayonu, Şıxarx qəsəbəsində fəaliyyət göstərən, Nəbiyeva Vəfa Əsəd qızına məxsus “Ağdərə” restoranında yoxlama keçirib. Baxış zamanı restoranda istehlaka təqdim olunan “Banketnaya” əmtəə nişanlı alkoqollu içkilərin saxta olduğu və mənşəyi məlum olmayan spirtdən hazırlandığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laborotoriyasına təqdim olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, məhsullar satışdan kənarlaşdırılıb. Araşdırmalar davam etdirilir.
Payız mövsümündə bitkiçilik məhsullarının ixracına hazırlıq çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Göyçay rayonunda nar və xurma ixracatçıları ilə görüş keçirilib. Görüş zamanı ixrac əməliyyatlarının düzgün təşkili, proseslərin səmərəliliyinin artırılması və idxalçı ölkələrin fitosanitar və texniki tələblərinə, xüsusilə də Beynəlxalq Bitki Mühafizəsi Təşkilatının (IPPC) müəyyən etdiyi beynəlxalq standartlara uyğunluğun təmin olunması məsələləri iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə bitkiçilik məhsullarının düzgün etiketlənməsi, qablaşdırılması, taxta materiallardan istifadə edilərkən zərərli orqanizmlərlə sirayətlənmənin qarşısının alınması, eləcə də məhsulun təhlükəsizlik və keyfiyyət göstəricilərinin ixrac üçün uyğun vəziyyətdə saxlanılması ilə bağlı ətraflı məlumat və tövsiyələr təqdim olunub. Tədbir çərçivəsində Agentlik əməkdaşları tərəfindən nar bağlarına, onların çeşidlənməsi sahələrinə, eləcə də məhsulun saxlanması üçün nəzərdə tutulan soyuducu kameralara baxış keçirilib. Baxış zamanı bitkilərin xəstəlik və zərərvericilərdən qorunması üçün zəruri aqrotexniki qulluq tədbirləri, məhsulun keyfiyyətinin qorunması məqsədilə müvafiq qablaşdırma və saxlanma qaydaları barədə sahibkarlara praktiki tövsiyələr verilib. Eyni zamanda ixraca hazırlanan məhsulların təhlükəsizlik göstəricilərinin laboratoriya sınaqları ilə yoxlanılması məqsədilə bitkiçilik məhsullarından nümunələr götürülüb və müvafiq qaydada sınaqlara yönləndirilib. Görüşün əsas məqsədi ixrac proseslərinin beynəlxalq norma və tələblərə uyğun şəkildə təşkili, eləcə də bitki sağlamlığı sahəsində risklərin minimuma endirilməsi istiqamətində sahibkarlarla birgə əməkdaşlığın gücləndirilməsi olub.
Bakıda Prezident İlham Əliyevin himayəsi altında 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) keçirilir. Forum çərçivəsində təşkil olunan plenar sessiyada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva Azərbaycanda qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Qeyd olunub ki, dünyada qlobal iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi ilə bağlı artan çağırışlar və iqtisadi-siyasi sınaqlar şəraitində ölkəmizdə həyata keçirilən inkişafyönümlü tədbirlər, xüsusilə kənd təsərrüfatı və qida sənayesinin yüksəlişi, daxili və xarici bazarda yeni imkanların və iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün münbit şərait yaratmaqdadır. Vurğulanıb ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində “Qida təhlükəsizliyi haqqında” Qanun qəbul olunub, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə 36 normativ sənəd tərtib olunub, “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” yeni qanun layihələri hazırlanaraq müzakirəyə təqdim olunub. Bundan başqa peşəkar kadr hazırlığı məsələsi də xüsusi diqqətdə saxlanılır. Qida Təhlükəsizliyi Agentliyi universitetlər və tədqiqat institutları ilə mütəmadi olaraq əməkdaşlıq həyata keçirməkdədir. Tələbələrin praktiki təcrübə proqramlarında iştirakı, birgə layihələrinin həyata keçirilməsi, qida təhlükəsizliyi üzrə tətbiqi elmi-tədqiqatların təşviqi, beynəlxalq ekspertlərin bilik və tövsiyələrinin təhsil prosesinə inteqrasiyası istiqamətində mühüm işlər görülür. 2026–2032-ci illər üçün əhatə edən yeni Dövlət Proqramının hazırlanması istiqamətində də işlər aparılır. Proqram çərçivəsində xüsusilə elm, təhsil və kadr potensialının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi prioritet kimi müəyyənləşdiriləcək. Bildirilib ki, ölkəmizdə Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasının ərazisində peyvəndləmə aparılmaqla dabaq xəstəliyindən azad zonanın yaradılması üçün prosedurların icrasına başlanılıb. Bu regionlarda azad zona statusu tanındıqdan sonra heyvan mənşəli məhsulların ixracında, habelə ölkəmizin ərazisindən keçməklə tranzit daşınmasında mövcud olan bir sıra maneələr aradan qalxacaq. Qeyd edək ki, 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda müxtəlif ölkələrdən yüksəksəviyyəli rəsmilər, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin və maliyyə institutlarının, beyin mərkəzlərinin təmsilçiləri, biznes nümayəndələri və qlobal investorlar, yerli və xarici media təmsilçisi daxil olmaqla ümumilikdə 1000-ə yaxın iştirakçı yer alıb.
2025-ci il avqustun 20-dən qüvvəyə minən “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları”na əsasən, istehsalçı və idxalçı müəssisələr qida ilə təmasda olan bütün material və məmulatların yeni təsdiq edilmiş sanitariya norma və qaydalarına tam uyğunluğunu təmin etməlidirlər. • Plastik qablar, örtüklər və yapışqanlar hazırlanarkən bəzi zərərli kimyəvi maddələrin istifadəsi qadağandır, çünki onlar qidaya keçə və sağlamlığa mənfi təsir göstərə bilər. Digər bəzi reaktiv maddələr üçün isə müəyyən edilmiş maksimum hədlərə ciddi əməl edilməlidir. • Pərakəndə satış zamanı bütün məlumatlar istehlakçılar üçün görünməlidir: məhsulun üzərində, qablaşdırmada, stikerdə və ya materialın yanında. • Etiketlərdə məhsulun istifadəsi, təhlükəsiz istifadə təlimatları, istehsalçı və ya emal edən müəssisənin adı, ünvanı, əmtəə nişanı və aktiv komponentlərin adı və miqdarı göstərilməlidir. Plastik materiallar qida məhsullarının qablaşdırılması və saxlanmasında geniş tətbiq olunur. Lakin, bu materialların istehsalı və istifadəsi zamanı insan sağlamlığına potensial təhlükələr yarada biləcək kimyəvi maddələrin mövcudluğu nəzərə alınmalıdır.
Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 91 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 5 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 2-si tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 3-də isə müvafiq tədbirlər görülməkdədir. Sözügedən müəssisələr aşağıdakılardır:
Keytrinq fəaliyyəti göstərən müəssisələrdə qida məhsullarının hazırlanması və çatdırılması zamanı sanitar qaydalara ciddi şəkildə riayət edilməlidir. Belə ki, ilkin olaraq xammalın qəbulu üçün xüsusi sahə təşkil edilməlidir. Emal sahələri isə təyinatı üzrə ayrılmalıdır. Bu sahələrin ayrılmasında əsas məqsəd texnoloji ardıcıllığa riayət edilməsi, çarpaz çirklənmənin qarşısının alınması və temperatur rejiminə riayət edilməklə məhsulların hazırlanmasından ibarətdir. Bu müəssisələrdə mühüm amillərdən biri də hazır qida məhsullarının qablaşdırılması prosesidir. Hazır qidaların qablaşdırması məhsulun çirklənməsinin qarşısını alacaq formada həyata keçirilməlidir. Əks təqdirdə qida məhsulunun çirklənmə mənbəyi olan qablaşdırma materialları ilə sirayətlənməsi nəticəsində məhsullarda fiziki, kimyəvi və mikrobioloji çirklənmə baş verir ki, bu da insan həyatı və sağlamlığı üçün risk yaradır. Keytrinq xidməti zamanı qida blokunda isti yeməklər və soyuq qəlyanaltıların daşınması üçün temperaturu müəyyən müddət ərzində stabil saxlayan termobokslar təşkil edilməlidir. Qida məhsullarının daşınması üçün istifadə olunan nəqliyyat vasitələri və konteynerlər sanitar gigiyenik cəhətdən təmiz və işlək vəziyyətdə saxlanmalı, kənar iylər olmamalı, qida məhsullarının çirklənmədən müdafiəsini təmin etməlidir. Termoboksların xüsusi ayrılmış yerlərdə xüsusi yuyucu və dezinfeksiyaedici maddələrlə yuyulub təmizlənməsi həyata keçirilməlidir. Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:
Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 117 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 7 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 4-ü tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 3-də isə müvafiq tədbirlər görülməkdədir. Sözügedən müəssisələr aşağıdakılardır:
Giriş