Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Argentina Respublikası, Avstriya Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Çin Xalq Respublikası, Çex Respublikası, Estoniya Respublikası, İspaniya Krallığı, İsveç Krallığı, İsveçrə Konfederasiyası, İtaliya Respublikası, Norveç Krallığı, Özbəkistan Respublikası, Polşa Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Yaponiya və Yeni Zelandiyanın qida təhlükəsizliyinə nəzarət sistemlərinin ekvivalentliyi tanınıb. Bu barədə Agentlik tərəfindən müvafiq qərar qəbul edilib Yüksək riskli qida məhsulları istehsal edən həmin ölkələrin müəssisələri bundan sonra əlavə qiymətləndirmə aparılmadan Azərbaycan Respublikasına məhsul ixrac edə biləcəklər. Belə ki, ekvivalentliyi tanınmış ölkələrin səlahiyyətli qurumları tərəfindən müəssisələrin təsdiqinə dair təqdim edilən rəsmi məlumatlar və ya müvafiq sənədlər Agentliyə təqdim olunduğu halda, bu müəssisələrin yenidən təsdiqinə ehtiyac qalmır. Qərarın qəbulundan əvvəl Agentlik tərəfindən həmin ölkələrin qida təhlükəsizliyi sistemləri qiymətləndirilib, ticarət dövriyyəsi zamanı müşahidə olunan qida təhlükəsizliyi sahəsində uyğunsuzluqların statistikası nəzərə alınıb. Qərara əsasən, tanınma üçün əsas götürülən meyarlara uyğunsuzluq halları aşkarlandıqda və ya həmin ölkələrdən Azərbaycana insan və heyvan sağlamlığı üçün təhlükəli olan qida və yem məhsullarının ixracı halları təkrarlandığı təqdirdə, müvafiq ölkənin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin ləğv olunması məsələsi Agentliyin Kollegiyasında müzakirəyə çıxarılacaq. Ümumilikdə bu qərar Azərbaycan ilə adıçəkilən ölkələr arasında qida məhsullarının ticarət dövriyyəsinin genişlənməsinə töhfə verəcək.
Yay aylarında əhali tərəfindən geniş şəkildə istehlak olunan qarpız və yemiş məhsulları üzrə cari mövsümdə də Azərbaycan Qida Təhlükəsizliyi Agentıiyi tərəfindən monitorinqlər həyata keçirilib. Nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən satış nöqtələrindən qarpız və yemiş məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Aparılan laborator müayinələr zamanı məhsullarda nitrat və pestisid qalığı səviyyələri yoxlanılıb. Sınaq nəticələrinə əsasən, nümunələrdə uyğunsuzluq aşkar edilməyib.
Qida məhsullarının idxalı ilə məşğul olan sahibkarların suallarının cavablandırılması, qarşıya çıxan məsələlərin həlli və sahibkarların bu sahədə səmərəli fəaliyyətinin təşkili ilə bağlı onlayn formatda bu gün görüş keçirilib. Görüş zamanı yüksək risk qrupuna aid məhsulların idxalı qaydaları, qeydiyyat tələb olunan məhsullar, idxal zamanı tələb olunan sənədlər, idxal olunan məhsulların gömrük sərhəddindən keçidinin səmərəli təşkili mövzuları ilə bağlı müzakirələr aparılıb. Müzakirə zamanı təkrarlanan sənədlərə dair səsləndirilən saullarla bağlı qida və yem məhsulunun növündən asılı olaraq tələb olunan sənədlər barədə məlumat bir daha sahibkarların diqqətinə çatdırılıb. Həmçinin sahibkarların yüklərin gömrük sərhəddindən səmərəli keçidinin təşkili ilə bağlı müraciətləri dinlənilib və səsləndirilən təkliflərlə bağlı sahibkarlara dəstəyin göstərilməsi üçün Agentliyin aidiyyati struktur bölmələrinə tapşırıq verilib. Konstruktiv formatda keçən görüş zamanı sahibkarları maraqlandıran digər suallar cavablandırılıb və onların qaldırdığı məsələlərin həlli istiqamətində təkliflər verilib.
Cari ilin 11-22 avqust tarixlərində respublika ərazisində atların, arıların və donuzların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinə məqsədilə diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində müşahidə aparılacaq ərazilər və epizootoloji vəziyyət barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri iştirak edəcəklər.
Məlum olduğu kimi, qida təhlükəsizliyinin təmin olunmasında qida ilə birbaşa təmasda olan əməkdaşların şəxsi gigiyenası mühüm rol oynayır. Bildiririk ki, qida mənşəli zəhərlənmələrin əsas səbəblərindən biri məhz işçilərin gigiyenik qaydalara düzgün riayət etməməsidir. Bu səbəbdən “Qida təhlükəsizliyi haqqında" Qanunun 22.1-ci maddəsinə əsasən, qida subyektlərinin qida məhsulları ilə birbaşa təmasda olan əməkdaşları mütləq şəkildə gigiyenik təlimlərə cəlb edilməlidirlər. Təlimlərin məqsədi qida ilə təmasda olan şəxslər tərəfindən fəaliyyətləri zamanı tətbiq etməli olduqları sanitariya-gigiyena qaydalarının tələblərini mənimsəməkdir. Qeyd edək ki, sahibkarlar işçilərin təlimini müvafiq ixtisasa malik mütəxəssislər vasitəsilə özləri təşkil edə və ya bu məqsədlə ixtisaslaşmış təlim mərkəzlərinə müraciət edə bilərlər.
Daxil olmuş müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Digah kəndində fəaliyyət göstərən fiziki şəxs Valeh İsa Raqif oğluna məxsus meyvə-tərəvəzin konservləşdirilməsi sexində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, konservləşdirilmiş tərəvəz turşularının üzərində etiket məlumatlarının mövcud olmadığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssiənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.
Ölkəmizin daha bir heyvan xəstəliyindən azad status əldə etməsi istiqamətində uğur əldə olunub. Belə ki, AQTA tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Proqram icraya yönəldilib. Beləliklə, ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması prosesinə başlanılıb. Azad statusun alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi və kütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir. Xatırladaq ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli avqustun 18-i saat 10:00-da Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalan, Gəncə şəhərləri və Samux, Kəlbəcər, Daşkəsən, Göygöl, Goranboy, Xocalı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq avqustun 17-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən ticarət və satış şəbəkələrində monitorinqlər keçirir. Baxış zamanı müxtəlif çeşiddə qablaşdırılmış içməli suların bəzi market və satış şəbəkələrinin qarşısında açıq hava şəraitində temperatur rejiminə riayət edilmədən, birbaşa günəş şüaları altında, yerdən məsafə gözlənilmədən saxlanıldığı müşahidə olunub. Nöqsanların dərhal aradan qaldırılması ilə bağlı göstərişlər verilir. Məhsulların etiket məlumatlarında qeyd edildiyi kimi, günəş şüalarından qorunan, sərin yerdə, divar və döşəmədən məsafə gözlənilərək, temperatur rejiminə riayət olunaraq saxlanılması təmin edilir. Həmçinin sahibkarlarla maarifləndirici söhbətlər aparılır, qanunvericiliyin tələbləri izah olunur. Monitorinqlər hazırda davam etdirilir. Qeyd olunan nöqsanlar aşkar edildiyi təqdirdə həmin sahibkarlar barəsində inzibati xətalar məcəlləsinə uyğun tədbirlər görüləcəkdir. İstehlakçılardan xahiş edirik ki, bu sahədə rastlaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin 1003 - qaynar xəttinə zəng edərək və ya “E-Qidam” mobil tətbiqi ilə məlumat versinlər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, xırdabuynuzlu heyvanların taunu, nodulyar dermatit, süngərvari ensefalopatiya xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur. Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş