Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən “Nənəmin Təndiri” çörək emalı müəssisəsində yoxlama keçirilib. İstehsal müəssisəsində sanitariya norma və qaydalarına riayət edilmir, texniki normativ hüquqi aktların tələbləri pozulub. Baxış zamanı müşayətedici sənədləri olmayan toyuq əti və yararlılıq müddəti qeyd edilməyən toyuq farşı aşkarlanıb. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarı barəsində inzibati protokol tərtib olunub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən "HALAL" uyğunluq sertifikatlaşdırması uğurla davam etdirilir. İnstitut tərəfindən uyğunluq sertifikatının təqdim olunması prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə www.afsi.gov.az veb səhifəsində göstərilən müraciət forması və ərizə dolduraraq halal@afsi.gov.az elektron poçt ünvanına göndərilir. Sonra İnstitutda daxil olan müraciət yoxlanılır, qiymət təklifi və müqavilə göndərilir. “HALAL” sertifikatlaşdırma xidmətlərinin mərhələləri və onların dəyəri İnstitutun rəsmi internet səhifəsində yerləşdirilib və ictimaiyyətə açıq məlumatdır. “HALAL” sertifikatlaşmanının növbəti mərhələsində qida subyektinin və onun obyektinin halal qaydalara uyğunluğu və həmin qida obyektinin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Sonda qiymətləndirmə prosseslərinin nəticəsinə əsasən, obyekt “HALAL” standartının tələblərinə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsinin rəyi əsasında qida subyektinə etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir. Qeyd edək ki, artıq bir çox iri müəssisə AQTİ-nin “HALAL” sertifikatlaşdırma xidmətlərindən faydalanır. Müəssisələr bu sertifikatın qazandırdığı üstünlüklərdən faydalanmaqla istehlakçılara daha etibarlı, keyfiyyətli və islami dəyərlərə uyğun məhsullar təqdim edirlər. Daha ətraflı məlumatı videolinkdən əldə edə bilərsiniz:
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistan Respublikasına səfəri davam edir. Səfərin növbəti günündə Agentliyin mütəxəssisləri tərəfindən “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) barədə Özbəkistan tərəfinə geniş təqdimat edilib. Təqdimat zamanı AQTİS-in modulları, login sistemi, qeydiyyat və təsdiq, heyvanların identifikasiyası, həmçinin idxal-ixrac əməliyyatları barədə ətraflı məlumat verilib. AQTİS qida təhlükəsizliyi sahəsində şəffaflığın və hesabatlılığın təmin edilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi, həyata keçirilən tədbirlərin operativliyinin və səmərəliliyinin yüksəldilməsi, eləcə də sahibkarların işlərinin asanlaşdırılması məqsədilə yaradılan elektron sistemdir. Xatırladaq ki, Özbəkistanda qida təhlükəsizliyi sahəsində Azərbaycan təcrübəsinin tətbiqi nəzərdə tutulur.
Qida Təhlükəsizliyi Agentliyinin “Sağlam məktəbli” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib. Tədbirdə məktəblilərə Şərqi Zəngəzur və Qarabağ regional bölmələrinin mütəxəssisləri tərəfindən Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyi anlayışı ilə bağlı zəruri məlumatlar verilib. Sağlam qidalanma vərdişlərinin böyümə və inkişafda rolu, enerji və zehni fəaliyyətə təsiri, dərsdə diqqət və yaddaş üçün faydası diqqətə çatdırılıb. Eləcə də qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz hallarla qarşılaşdıqda “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri bildirilib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Tədbirin keçirilməsində məqsəd məktəblilər arasında sağlam qidalanma mədəniyyətini formalaşdırmaq, qida təhlükəsizliyi barədə bilikləri artırmaq və şagirdlərə düzgün qida vərdişləri aşılamaqdır.
Məlum olduğu kimi, qida təhlükəsizliyinin təmin olunmasında qida ilə birbaşa təmasda olan əməkdaşların şəxsi gigiyenası mühüm rol oynayır. Bildiririk ki, qida mənşəli zəhərlənmələrin əsas səbəblərindən biri məhz işçilərin gigiyenik qaydalara düzgün riayət etməməsidir. Bu səbəbdən “Qida təhlükəsizliyi haqqında" Qanunun 22.1-ci maddəsinə əsasən, qida subyektlərinin qida məhsulları ilə birbaşa təmasda olan əməkdaşları mütləq şəkildə gigiyenik təlimlərə cəlb edilməlidirlər. Təlimlərin məqsədi qida ilə təmasda olan şəxslər tərəfindən fəaliyyətləri zamanı tətbiq etməli olduqları sanitariya-gigiyena qaydalarının tələblərini mənimsəməkdir. Qeyd edək ki, sahibkarlar işçilərin təlimini müvafiq ixtisasa malik mütəxəssislər vasitəsilə özləri təşkil edə və ya bu məqsədlə ixtisaslaşmış təlim mərkəzlərinə müraciət edə bilərlər.
Özbəkistanda qida təhlükəsizliyi sahəsində yaradılacaq yeni dövlət qurumunda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təcrübəsi geniş istifadə olunacaq. Bu məqsədlə fevralın 9-da AQTA nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri başlayıb. Səfərin ilk günü görüşdə ölkəmizdə qida təhlükəsizliyi sahəsində vahid idarəetmə sistemi, qida təhlükəsizliyinə risk əsaslı yanaşma metodları, hüquqi bazasının yaradılması, böhran vəziyyətlərində idarəetmə mexanizmlərinin formalaşdırılması və sürətli xəbərdarlıq sistemlərinin əhəmiyyəti, yoxlama-nəzarət tədbirləri, idxal-ixrac prosedurları və digər məsələlər müzakirə olunub. Qeyd edilib ki, Azərbaycanda tətbiq olunan dövlət idarəetmə modelləri yüksək qiymətləndirilir. O cümlədən qida təhlükəsizliyi sahəsində Azərbaycanın əldə etdiyi təcrübəyə böyük maraq göstərilir. Azərbaycan nümayəndə heyətinin Özbəkistanda digər görüşlərinin və təqdimatlarının keçirilməsi planlaşdırılır.
Qusar şəhəri, Quba-Qusar yolunda fəaliyyət göstərən, fiziki şəxs Tağıyeva Romelya Akif qızına məxsus “Ay İşığı” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Restoranda müşayiətedici sənədləri olmayan müxtəlif növ qida məhsulları və yararlılıq müddəti bitmiş alkoqolsuz içkilər aşkarlanıb. Həmçinin mal qonşuluğu prinsipinə əməl olunmur, temperaturun monitorinqi və qeydiyyatı aparılmır, havalandırma sistemi quraşdırılmayıb, işçilər ilkin və dövri tibbi müayinədən keçməyib və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, ictimai iaşə müəssisəsində işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması, istehlaka yararsız məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin və Daxili İşlər Nazirliyinin (DİN) Tərtər RPŞ-nin əməkdaşları birgə reyd keçirib. Tədbir zamanı Tərtər rayonunun Buruc kəndində Cəfərov Tural Əmrah oğluna məxsus tövlədə istehlaka yararsız ümumi çəkisi 146,8 kq olan sümükdən ayrılmış at əti, həmçinin 1 ədəd at başı və sümükləri aşkar edilib. Araşdırma zamanı məlum olub ki, sözügedən atı eyni kənd sakinləri Məmmədov Seymur Baloğlan oğlu və Cəfərli Həsən İntiqam oğlu tövləyə gətirərək, qəssab Quliyev Seyfəddin Arif oğlu ilə birlikdə kəsib və sümükdən ayrılan əti paketlərə qablaşdırıblar. Həmin şəxslər at ətinin mal əti adı altında satılması məqsədilə Bakı şəhərinə Cəfərov Elməddin Bulud oğluna göndərməyi nəzərdə tutduqlarını bildiriblər. İstehlaka yararsız at ətindən nümunələr götürülərək soyuducu anbarda saxlanca yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Kətəlparaq kəndində fəaliyyət göstərən, Ağayev İsmayıl Mirağa oğluna məxsus “Ağ Saray” şadlıq sarayında yoxlama keçirib. Baxış zamanı şadlıq sarayında etiket məlumatları olmayan qida məhsulunun istehlaka təqdim edildiyi aşkarlanıb. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasından Türkiyə Respublikasına heyvan mənşəli məhsulların ixracı məsələləri müzakirə olunub. Görüş zamanı Avropa İttifaqına ixrac icazəsi verilən ölkələrin və müəssisələrin siyahısına keçid prosesi, eləcə də Türkiyənin tətbiq etdiyi təsdiq prosedurları barədə fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş