Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Ü.Hacıbəyli prospektində fəaliyyət göstərən, fiziki şəxs Abbasov Vüsal Cəlil oğluna məxsus “Səma” kafedə plandankənar yoxlama həyata keçirib. Yoxlama zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Belə ki, çalışan işçilərin gigiyena qaydalarına əməl etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Heyvan mənşəli məhsulların (o cümlədən ət, süd və digərləri, habelə emal yolu ilə onlardan alınan məhsullar) dövriyyəsinə nəzarət “Baytarlıq haqqında” və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunları və digər hüquqi normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2006-cı il 209 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, istehsal və emal müəssisələrində istehsal edilən məhsulun hər bir partiyasına ( bir sutka və ya istehsal növbəsi ərzində istehsal edilmiş məhsula) onun baytarlıq normalarına cavab verməsini təsdiq edən və məhsulun sahibinə həmin məhsulun satışına icazə verən ekspertiza aktı tərtib edilir. Ekspertiza aktı dövri hesabat sənədi kimi müəssisədə saxlanılır. Ekspertiza aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Heyvanların və heyvan mənşəli məhsulların ölkə daxilində daşınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Qaydalara görə, yükün daşındığı hər bir nəqliyyat vasitəsinə şəhər (rayon) ərazisində daşınma üçün baytarlıq arayışı, ölkə ərazisində (bir şəhərdən və ya rayondan digərinə) daşınma üçün isə baytarlıq şəhadətnaməsi verilir. Baytarlıq arayışının verilməsi üçün hər hansı ödəniş tələb olunmur. Baytarlıq şəhadətnaməsinin verilməsinə görə isə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir. Baytarlıq arayışında və şəhadətnaməsində göstərilən məlumatlar ekspertiza aktında qeyd edilmiş məlumatlara uyğun olmalı, daşınan məhsulun miqdarı baytarlıq sənədləri və ekspertiza aktında göstərilmiş miqdardan artıq olmamalıdır. Baytarlıq sənədində göstərilən istehsal tarixi ilə daşınan məhsulun istehsal tarixi uyğun olmalıdır. İstifadə müddəti bitmiş və ya geriyə qaytarılan məhsullar yeni məhsullarla eyni nəqliyyat vasitələrində daşınmamalıdır. Baytarlıq arayışı və şəhadətnaməsi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə onlayn rejimdə, sahibkarın müraciəti əsasında tərtib edilir. Sahibkar öz şəxsi kabinetindən müraciət etməklə sözügedən sənədləri əldə edə bilər. Bildiririk ki, heyvan mənşəli məhsulların istehsalı, emalı və satışı ilə məşğul olan sahibkarlar bu məhsulların daşınması zamanı temperatur və qablaşdırma tələblərinə riayət olunmasına görə məsuliyyət daşıyırlar.
Müasir dövrdə geniş yayılmış allergik xəstəliklərin yaranmasına digər faktorlarla yanaşı, qidalar da təsir göstərir. Hazırda dünya əhalisinin 2.5%-i qida allergiyasından əziyyət çəkir. Qida allergiyası tərkibində allergenlər olan məhsulların istehlakı zamanı immun sisteminin spesifik reaksiyası nəticəsində yaranır və bu reaksiya, adətən, immunoqlobulin E (IgE) anticisimlərin iştirakı ilə müşahidə olunur. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, istehlakçılara təqdim olunan bütün qida məhsulları barədə – onların tərkibi, miqdarı, enerji və qida dəyəri, saxlanma şəraiti, mənşəyi, istehsal tarixi, yararlılıq müddəti və xüsusilə, tərkibində mövcud olan allergen maddələr barədə dolğun və şəffaf məlumat verilməlidir. Etiketləmə zamanı bu məlumatlar dəqiq, aydın və istehlakçılar üçün başa düşülən formada təqdim olunmalıdır. Məqsəd isə istehlakçının məlumatlı və təhlükəsiz seçim etməsinə şərait yaratmaqdır. Qanunvericiliyə əsasən, qida məhsullarının tərkibində olduğu halda aşağıdakı allergenlər etiketdə mütləq göstərilməlidir: Qlüten ehtiva edən taxıllar (buğda, arpa, çovdar, yulaf və onların hibrid növləri); Xərçəngkimilər; Mollyusklar; Yumurta; Balıq; Yer fındığı; Soya; Süd və süd məhsulları (laktoza daxil olmaqla); Qərzəkli meyvələr (badam, fındıq, qoz, keşyu, pekan, Braziliya qozu, fıstıq, makadamiya); Kərəviz; Xardal; Küncüt; Kükürd dioksid və sulfitlər; Acıpaxla. Həmçinin bu maddələrdən əldə edilən məhsullar da ayrıca qeyd olunmalıdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və ictimai sağlamlığın təmin olunması məqsədilə nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali Makedoniya Respublikasının Cənub-Şərqi Statistik regionunda, Xorvatiya Respublikasının Splitsko-Dalmatinska kantonunda blutanq xəstəliyi, Bolqarıstan Respublikasının Yambol vilayətində Nyukasl xəstəliyi, İspaniya Krallığının Kastiliya–La Mança muxtar icmasında, Botsvana Respublikasının Çobe dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Argentina Respublikası, Avstriya Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Çin Xalq Respublikası, Çex Respublikası, Estoniya Respublikası, İspaniya Krallığı, İsveç Krallığı, İsveçrə Konfederasiyası, İtaliya Respublikası, Norveç Krallığı, Özbəkistan Respublikası, Polşa Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Yaponiya və Yeni Zelandiyanın qida təhlükəsizliyinə nəzarət sistemlərinin ekvivalentliyi tanınıb. Bu barədə Agentlik tərəfindən müvafiq qərar qəbul edilib Yüksək riskli qida məhsulları istehsal edən həmin ölkələrin müəssisələri bundan sonra əlavə qiymətləndirmə aparılmadan Azərbaycan Respublikasına məhsul ixrac edə biləcəklər. Belə ki, ekvivalentliyi tanınmış ölkələrin səlahiyyətli qurumları tərəfindən müəssisələrin təsdiqinə dair təqdim edilən rəsmi məlumatlar və ya müvafiq sənədlər Agentliyə təqdim olunduğu halda, bu müəssisələrin yenidən təsdiqinə ehtiyac qalmır. Qərarın qəbulundan əvvəl Agentlik tərəfindən həmin ölkələrin qida təhlükəsizliyi sistemləri qiymətləndirilib, ticarət dövriyyəsi zamanı müşahidə olunan qida təhlükəsizliyi sahəsində uyğunsuzluqların statistikası nəzərə alınıb. Qərara əsasən, tanınma üçün əsas götürülən meyarlara uyğunsuzluq halları aşkarlandıqda və ya həmin ölkələrdən Azərbaycana insan və heyvan sağlamlığı üçün təhlükəli olan qida və yem məhsullarının ixracı halları təkrarlandığı təqdirdə, müvafiq ölkənin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin ləğv olunması məsələsi Agentliyin Kollegiyasında müzakirəyə çıxarılacaq. Ümumilikdə bu qərar Azərbaycan ilə adıçəkilən ölkələr arasında qida məhsullarının ticarət dövriyyəsinin genişlənməsinə töhfə verəcək.
Yay aylarında əhali tərəfindən geniş şəkildə istehlak olunan qarpız və yemiş məhsulları üzrə cari mövsümdə də Azərbaycan Qida Təhlükəsizliyi Agentıiyi tərəfindən monitorinqlər həyata keçirilib. Nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən satış nöqtələrindən qarpız və yemiş məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Aparılan laborator müayinələr zamanı məhsullarda nitrat və pestisid qalığı səviyyələri yoxlanılıb. Sınaq nəticələrinə əsasən, nümunələrdə uyğunsuzluq aşkar edilməyib.
Qida məhsullarının idxalı ilə məşğul olan sahibkarların suallarının cavablandırılması, qarşıya çıxan məsələlərin həlli və sahibkarların bu sahədə səmərəli fəaliyyətinin təşkili ilə bağlı onlayn formatda bu gün görüş keçirilib. Görüş zamanı yüksək risk qrupuna aid məhsulların idxalı qaydaları, qeydiyyat tələb olunan məhsullar, idxal zamanı tələb olunan sənədlər, idxal olunan məhsulların gömrük sərhəddindən keçidinin səmərəli təşkili mövzuları ilə bağlı müzakirələr aparılıb. Müzakirə zamanı təkrarlanan sənədlərə dair səsləndirilən saullarla bağlı qida və yem məhsulunun növündən asılı olaraq tələb olunan sənədlər barədə məlumat bir daha sahibkarların diqqətinə çatdırılıb. Həmçinin sahibkarların yüklərin gömrük sərhəddindən səmərəli keçidinin təşkili ilə bağlı müraciətləri dinlənilib və səsləndirilən təkliflərlə bağlı sahibkarlara dəstəyin göstərilməsi üçün Agentliyin aidiyyati struktur bölmələrinə tapşırıq verilib. Konstruktiv formatda keçən görüş zamanı sahibkarları maraqlandıran digər suallar cavablandırılıb və onların qaldırdığı məsələlərin həlli istiqamətində təkliflər verilib.
Cari ilin 11-22 avqust tarixlərində respublika ərazisində atların, arıların və donuzların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinə məqsədilə diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində müşahidə aparılacaq ərazilər və epizootoloji vəziyyət barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri iştirak edəcəklər.
Məlum olduğu kimi, qida təhlükəsizliyinin təmin olunmasında qida ilə birbaşa təmasda olan əməkdaşların şəxsi gigiyenası mühüm rol oynayır. Bildiririk ki, qida mənşəli zəhərlənmələrin əsas səbəblərindən biri məhz işçilərin gigiyenik qaydalara düzgün riayət etməməsidir. Bu səbəbdən “Qida təhlükəsizliyi haqqında" Qanunun 22.1-ci maddəsinə əsasən, qida subyektlərinin qida məhsulları ilə birbaşa təmasda olan əməkdaşları mütləq şəkildə gigiyenik təlimlərə cəlb edilməlidirlər. Təlimlərin məqsədi qida ilə təmasda olan şəxslər tərəfindən fəaliyyətləri zamanı tətbiq etməli olduqları sanitariya-gigiyena qaydalarının tələblərini mənimsəməkdir. Qeyd edək ki, sahibkarlar işçilərin təlimini müvafiq ixtisasa malik mütəxəssislər vasitəsilə özləri təşkil edə və ya bu məqsədlə ixtisaslaşmış təlim mərkəzlərinə müraciət edə bilərlər.
Daxil olmuş müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Digah kəndində fəaliyyət göstərən fiziki şəxs Valeh İsa Raqif oğluna məxsus meyvə-tərəvəzin konservləşdirilməsi sexində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, konservləşdirilmiş tərəvəz turşularının üzərində etiket məlumatlarının mövcud olmadığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssiənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş