Sağlam həyat tərzinin bünövrəsini təşkil edən amillərdən birincisi balanslı qidalanmaqdır. Balanslı qidalanma orqanizmin normal fəaliyyət göstərməsi üçün yaşdan, cinsdən və fiziki aktivlikdən asılı olaraq, lazımi miqdarda yağ, zülal, karbohidrat, su, həmçinin vitamin və mineralların qəbulu deməkdir. İkinci vacib məsələ enerji dəyəri deyil, qida dəyəri yüksək olan məhsullara üstünlük verilməsi ilə bağlıdır. "Qida dəyəri" dedikdə, qidanın bizə verdiyi kalori deyil, tərkibindəki faydalı maddələr nəzərdə tutulur. Sağlam qidalanmanı şərtləndirən əsas amillərdən biri də insulinə nəzarət edilməsidir. Qənd, şəkər tozu, şirinləşdirilmiş içkilər, emal olunmuş qənnadı məmulatları kimi sadə karbohidratların qəbulu normadan artıq insulin ifrazını aktivləşdirməklə sağlamlığa mənfi təsir göstərə bilir. Bu da insulinə davamlılığın yaranması üçün risk faktorlarından biri hesab edilir. Daha ətraflı məlumatlar üçün videoçarxı izləyə bilərsiniz.
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Hümbətov Mikayıl Əvəz oğluna məxsus “Çayqırağı” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Belə ki, qida məhsullarının saxlanma qaydalarına əməl olunmadığı, ətin emalı, qazan və manqal yeməkləri hazırlanan sahənin yarımtikilidə təşkil olunduğu, döşəmə və divar səthlərinin asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Meksika Birləşmiş Ştatlarının Koauila, Mexiko, Çixuaxua, Çyapas, Oaxaka, Yukatan, Tamaulipas, Sonora, Aquaskalyentes ştatlarında, Rusiya Federasiyasının Saxalin vilayətində yüksək patogen quş qripi xəstəliyi, Rusiya Federasiyasının Saratov vilayətində, Udmurtiya Respublikasında, Xantı-Mansi muxtar dairəsində və İsveç Krallığının Skane əyalətində isə qeydə alınmış Nyukasl xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən, Süleymanov Sərxan Qurbanəli oğluna məxsus “Ay Store” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə 6 ədəd 1 litr-lik, 7 ədəd 0,7 litr-lik və 8 ədəd 0,5 litr-lik “Platinum Vısota” əmtəə nişanlı saxtalaşdırılmış araq aşkarlanıb. Məhsulların keyfiyyət və təhlükəsizliyinə dair, həmçinin müşayiətedici sənədlərinin (e-qaimə, faktura və s.) mövcud olmadığı, etiket məlumatlarının yanlış qeyd edildiyi (istehsalçı adı və VÖEN) və aksiz markasında DataMatrix kodunun oxunmadığı müəyyən olunub. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Saxta məhsulların satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul olunub.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Monqolustanın Ulan-Bator şəhərində dabaq xəstəliyi, Şimali Makedoniya Respublikasının Şimal-Şərqi, Pelaqoniya, Şərq regionlarında, Sloveniya Respublikasının Notransk-Kraşka regionunda blutanq xəstəliyi, Kamboca Krallığının Battambanq əyalətində, İspaniya Krallığının Estremadura muxtar icmasında, Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Diabet xəstələrinin qidalanmasında diqqət edilməsi vacib olan əsas məqam qan şəkərini sabit saxlamaq və kəskin dəyişikliklərin qarşısını almaqdır. Bu məqsədlə sadə karbohidratlardan uzaq durmaq, liflə zəngin qidalara üstünlük vermək lazımdır. Şəkər xəstələrinin qidalanma şərtləri: - Karbohidrat qəbulunu nəzarətdə saxlayın; - Doymuş yağ qəbulunu azaldın; - Şirin içkilərdən uzaq durun; - Duz istehlakını 2300 mg-a salın; - Spirtli içkilər istehlak etməyin. Unutmayın: Şəkər xəstələri fiziki aktivliklə məşğul olmalı, vaxtında və balanslı şəkildə qidalanmalıdırlar. Mövzu ilə bağlı hazırlanan videoçarxı təqdim edirik:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Xocavənd kəndində fəaliyyət göstərən, Şirinov Zaur Zeynal oğluna məxsus “Xocavənd” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik norma və qaydalara əməl edilmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lerik şəhəri, E.Qarayev küçəsi 98 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bağırov Dövlət Şirməmməd oğluna məxsus marketdə yoxlama keçirib. Baxış zamanı marketdə mal qonşuluğu prinsipinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı müəyyən edilib. Həmçinin yararlılıq müddəti bitmiş qida məhsulları (unlu və şəkərli qənnadı məmulatları, tum, alkoqolsuz içki) aşkarlanıb. Faktla bağlı istehlaka yararsız məhsulların qadağan edilməsi, dövriyyədən çıxarılması və məhv edilməsinə dair qərar qəbul olunub, fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Qablaşdırma materiallarının beynəlxalq ticarətdə daşınması zamanı karantin tətbiq edilən zərərli orqanizmlərin giriş və yayılma riskini azaltmaq üçün taxta materiallar (yeşiklər və s.) Fitosanitar tədbirlərə dair 15 nömrəli “Beynəlxalq ticarətdə ağac qablaşdırma materiallarının tənzimlənməsi üzrə standart”ın tələblərinə uyğun qaydada zərərsizləşdirilməli və markalanmalıdır. Adıçəkilən standarta əsasən, müvafiq zərərsizləşdirilmə tədbirlərinə məruz qalmış taxta qablaşdırma materialları qabıqsız olmalı, xüsusi simvol, ölkə kodu, zərərsizləşdirmə üsuluna dair iki hərfdən ibarət kod, markalanmanı tətbiq edən səlahiyyətli müəssisəyə aid kodu ehtiva edən qaydada markalanmalıdır. Markalanma əllə aparılmamalı, oxunaqlı olmalı, qırmızı və ya narıncı rəngdə olmamalıdır, taxta qablaşdırma materiallarının ən azı iki əks tərəfində gözlə görünən yerinə yerləşdirilməlidir. Göstərilənlərə əsasən, qeyd olunan tələblərə uyğun olmayan taxta qablaşdırma materialları vasitəsilə daşınan bitki və bitkiçilik məhsullarının idxalına və ixracına qadağalar tətbiq edilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, M.Talışxanov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həşimov Anar Soltanağa oğluna məxsus “Göyərçin” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş