Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılıb, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilib. Ötən il Agentlik və Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasının birgə təşəbbüsü ilə cəlb edilmiş xüsusi lisenziyalı şirkət tərəfindən Ağstafa və Beyləqan rayonlarından ümumilikdə 747 ton istifadəyə yararsız pestisidin və həmin maddələrlə bilavasitə qarışaraq çirklənmiş torpaq kütləsinin beynəlxalq təhlükəsizlik tələblərinə uyğun qaydada qablaşdırılması və zərərsizləşdirilməsi məqsədilə xüsusi nəqliyyat vasitəsilə “Cəngi pestisid poliqonu”na daşınması və yerləşdirilməsi təmin olunub. Ağstafa və Beyləqan rayonlarında daşınmanın həyata keçirildiyi ərazilərdə çirklənməyə məruz qalmış torpaq sahələrinin bioloji üsullarla bərpası (bioremediasiya) məqsədilə Agentlik tərəfindən müvafiq təlimat və Vahid Plan hazırlanaraq aidiyyəti dövlət qurumlarının iştirakı ilə bu istiqamətdə işlərin icrasına başlanılıb. Qeyd edək ki, həyata keçirilən bu tədbirlər növbəti mərhələdə digər rayonlardakı təhlükə potensiallı obyektlərdə də davam etdiriləcək, müəyyən edilmiş istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi üzrə ardıcıl addımlar atılacaq. Ağstafa və Beyləqan rayonları üzrə keçmiş Kənd Kimya Birliklərinin ərazilərində icra olunan, eləcə də yaxın müddətdə digər rayonlarda həyata keçirilməsi planlaşdırılan tədbirlər ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu fəaliyyətlər ətraf mühitin mühafizəsinə yönəldilməklə yanaşı, ekosistemin qorunmasına, insan sağlamlığı, heyvanlar və bitkilər üçün potensial risklərin qarşısının alınmasına xidmət edir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki mühafizə vasitəsi, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, daşınması, saxlanılması, satışı və tətbiqi ilə bağlı qaydalara əməl olunması, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə əhali arasında geniş təbliğat-təşviqat işlərini davam etdirir. Həyata keçirilən tədbirlər çərçivəsində Agentlik tərəfindən pestisidlərlə bağlı yeni maarifləndirici videoçarx hazırlanıb. Videoçarxda pestisidlər, pestisidlərin daşınması, saxlanması və tətbiqi qaydaları haqqında ətraflı məlumat verilib. Eyni zamanda pestisidlərlə işləyən zaman istifadə edilməli olan geyimlər, pestisidlərin təsirinə məruz qalan şəxslərə yardım göstərilməsi üsulları, eləcə də yararlılıq müddəti bitmiş pestisidlərin dövriyyədən çıxarılması barədə məlumatlar əks olunub. Qeyd edək ki, ölkəmizdə qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini sınaqları beynəlxalq standartlara uyğun aparılır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında 600-ə yaxın pestisid qalığının təyini həyata keçirilir. AQTA tərəfindən pestisidlərlə bağlı hazırlanan maarifləndirici videoçarxla tanış ola bilərsiniz:
Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir. Bu dövrdə temperatur yüksək olur və bu da bakteriyaların daha sürətli çoxalmasına şərait yaradır. Nəticədə qidalar tez xarab ola və zəhərlənmə riski yarana bilər. Bunun səbəbi isə qida ilə düzgün davranmamaq, sanitar-gigiyenik qaydalara əməl etməməkdir. Zəhərlənmə riskini azaltmaq üçün hansı qaydalara riayət etməliyik? Azərbaycan Qida Təhlükəsizlyi Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanan qida zəhərlənmələrinə dair videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin və DİN-in Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Balasoltanlı postunda Mehdi Mirzəcanlıya məxsus 77-QY-119 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobildə antisanitar şəraitdə daşınan 130 kq heyvan əti aşkarlayıb. Baxış zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, həmçinin qaraldığı müəyyən edilib. Mirzəliyev Qurban Əhmədalı oğlu izahatında heyvanı yoncadan köpdüyü üçün kəsdiyini və Mehdi Mirzəcanlının maşını ilə Laçın rayonundan Füzuli rayonu, Fin qəsəbəsinə göndərdiyini bildirib. Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və istehlaka yararsız ət soyuducu anbarda saxlanca yerləşdirilib. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
Ölkədə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin (preparat) qeydiyyatı Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalara uyğun olaraq həyata keçirilir. Həmin preparatların dövlət sınağı və qeydiyyatını təşkil etmək, həmçinin müvafiq qərarlar qəbul etmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin nümayəndələrindən ibarət Ekspert Şurası yaradılıb. Qanunvericiliyə əsasən, preparatların dövlət sınaqları laborator ekspertiza, tarla sınağı və istehsalat sınağı mərhələlərində həyata keçirilir. Tarla və istehsalat sınaqları Kənd Təsərrüfatı Nazirliyinin 5, Elm və Təhsil Nazirliyinin isə 1 Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılır. Dövlət sınaqlarının bütün mərhələləri müsbət nəticələndikdə, preparatın qeydiyyata alınması məsələsinə Ekspert Şurasının hər ay keçirilən iclaslarında baxılır. Şurada məhsulun keyfiyyət və təhlükəsizliyinə, insan sağlamlığına, ətraf mühitə, kənd təsərrüfatına təsirləri qiymətləndirilərək qeydiyyata alınmasına dair kollegial qərarlar qəbul edilir. Qeydiyyata alınmış preparatlara şəhadətnamə verilir, reyestrə daxil edilir və ölkə ərazisində idxalına icazə verilir. İdxal olunan hər məhsul partiyası laborator müayinələrə cəlb edilir və sınaq nəticəsi uyğun olduğu təqdirdə dövriyyəyə buraxılır. Sözügedən preparatların istehsalı və idxalı fəaliyyəti üçün lisenziya AQTA-nın rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilir. Nəzarət tədbirləri bununla da bitmir. Belə ki, müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qruplar tərəfindən preparatların istehsal müəssisələrində, saxlanc anbarlarında, satış yerlərində monitorinqlər həyata keçirilir. Monitorinqlər zamanı aşkarlanan yararlılıq müddəti bitmiş, tətbiqi qadağan edilmiş, hermetikliyi pozulmuş və bu kimi digər uyğunsuzluq təşkil edən preparatlarla bağlı yuxarıda adları sadalanan nazirliklərin nümayəndələrindən ibarət inventarlaşdırma komissiyası tərəfindən qərarlar qəbul edilir. Həmin qərarlara əsasən, yararsız preparatların Aqrar Xidmətlər Agentliyinin tabeliyində “Cəngi pestisid poliqonu”na göndərilməsi təmin olunur. Bitkiçilik təsərrüfatlarında preparatların tətbiq reqlamentinə, saxlanma şəraitinə və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edilməsi məqsədilə AQTA tərəfindən fitosanitar nəzarət tədbirləri həyata keçirilir, nöqsan aşkarlanmış müəssisələrlə bağlı isə bir sıra məhdudlaşdırıcı qərarlar qəbul edilir. Aparılan monitorinqlər nəticəsində bir çox müəssisələrdə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi preparatların anbarlarda saxlama şəraiti və təsərrüfatlarda istifadəsi ilə bağlı reqlamentlərə əməl edilməsinə gətirib çıxarıb. Sahibkarlar və fermerlər preparatların keyfiyyəti, eləcə də digər şübhəli hallarla bağlı AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.
Belçika Krallığının istehsalçı şirkəti “S.A. Corman”a məxsus kərə yağı məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında, Belçikanın aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə nəzarət tədbirləri görülüb və laborator müayinələr aparılıb. Müvafiq sağlamlaşdırma tədbirləri ilə bağlı AQTA-ya ətraflı məlumat verilib. Belçika tərəfindən gücləndirilmiş nəzarət tədbirlərinin görülməsi, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq, istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Belçika Krallığının Qida Zəncirinin Təhlükəsizliyi üzrə Federal Agentliyinə müvafiq məlumat verilib.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cari ildə keçirilən növbəti monitorinq çərçivəsində pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan yerli istehsallı dondurma məhsullarından ümumilikdə 50 nümunə götürülərək müayinə üçün müvafiq laboratoriyalara təqdim edilib. Sınaq nəticələrinə əsasən, nümunələrdə təhlükəsizlik göstəriciləri üzrə hər hansı uyğunsuzluq aşkarlanmayıb. Qeyd edək ki, xaricdən gətirilən dondurma məhsulları isə ölkənin gömrük ərazisinə daxil olarkən riskəsaslı nəzarətə cəlb olunur. Yalnız sınaq nəticələri uyğun çıxan məhsulların dövriyyəsinə icazə verilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şuşa, Ağdam, Laçın, Füzuli, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl və Tərtər rayonlarında fitosanitar monitorinqlər keçirib. Monitorinqlər zamanı laborator müayinələrin aparılması üçün müxtəlif bitkilərdən 38 nümunə götürülüb, zərərvericilərin mövcudluğunu müəyyən etmək məqsədilə 30 ədəd feromon tələ quraşdırılıb. Feromon tələlərin laborator analizi nəticəsində Bərdə, Tərtər və Füzuli rayonlarında asılan tələlərdə karantin tətbiq edilən Şərq meyvəyeyeni aşkarlanıb. Sözügedən ərazilərdə müvafiq fitosanitar tədbirlər həyata keçirilib. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə təsərrüfatların yeni salınması, bitki mühafizə tədbirlərinin koordinasiyalı şəkildə icrası, mövcud fitosanitar vəziyyət və ərazilərin təbii izolyasiya şəraiti (dağlıq relyef, sahələrin bir-birindən məsafəli yerləşməsi və ya ətrafında birillik bitkilərin olması) beynəlxalq standartlara uyğun zərərli orqanizmlərdən azad zonaların yaradılmasına əlverişli imkanlar yaradır. Məqsəd ixrac prosesinin asanlaşdırılması və potensialın gücləndirilməsindən ibarətdir.
Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlıq subyektləri məhsul partiyalarını ixraca hazırlayarkən beynəlxalq standartların tələblərinə ciddi əməl etməlidirlər. Xüsusilə qablaşdırma və etiketlənmə zamanı yolverilən səhvlər ixrac prosesinin ləngiməsi, hətta məhsulun geri qaytarılması ilə nəticələ bilər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əkbər Əliyev sahibkarlara müraciət edərək, ixracla bağlı bir sıra mühüm məqamları diqqətə çatdırıb. O, bildirib ki, sahibkarlıq subyekləri öz məhsullarını ixraca hazırlayarkən yalnız beynəlxalq standartların deyil, həmçinin idxalçı ölkələrin qablaşdırma və etiketlənmə tələblərini nəzərə almalı və ixrac partiyalarını ona uyğun şəkildə hazırlamalıdırlar. Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, Ələt-Astara magistral avtomobil yolunun 114-cü km-də fəaliyyət göstərən, fiziki şəxs Ağayev Vəkil Mikayıl oğluna məxsus “Öz Məkan“ kafesində yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və kafenin manqal sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş