Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən ticarət və satış şəbəkələrində monitorinqlər keçirir. Baxış zamanı müxtəlif çeşiddə qablaşdırılmış içməli suların bəzi market və satış şəbəkələrinin qarşısında açıq hava şəraitində temperatur rejiminə riayət edilmədən, birbaşa günəş şüaları altında, yerdən məsafə gözlənilmədən saxlanıldığı müşahidə olunub. Nöqsanların dərhal aradan qaldırılması ilə bağlı göstərişlər verilir. Məhsulların etiket məlumatlarında qeyd edildiyi kimi, günəş şüalarından qorunan, sərin yerdə, divar və döşəmədən məsafə gözlənilərək, temperatur rejiminə riayət olunaraq saxlanılması təmin edilir. Həmçinin sahibkarlarla maarifləndirici söhbətlər aparılır, qanunvericiliyin tələbləri izah olunur. Monitorinqlər hazırda davam etdirilir. Qeyd olunan nöqsanlar aşkar edildiyi təqdirdə həmin sahibkarlar barəsində inzibati xətalar məcəlləsinə uyğun tədbirlər görüləcəkdir. İstehlakçılardan xahiş edirik ki, bu sahədə rastlaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin 1003 - qaynar xəttinə zəng edərək və ya “E-Qidam” mobil tətbiqi ilə məlumat versinlər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, xırdabuynuzlu heyvanların taunu, nodulyar dermatit, süngərvari ensefalopatiya xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur. Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Kaliforniya, Cənubi Dakota, Viskonsin və Kolorado ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə sahəsində çalışan sahibkarları qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. İlk növbədə dönər üçün istifadə olunan ət mütləq baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir. Dondurulmuş çiy dönərin donunun açıldığı andan bişirilməyə başlanmasına qədər olan müddət ərzində məhsulun saxlanması və daşınması +1°C ilə +4°C temperatur intervalında həyata keçirilməli və bu müddət ümumilikdə 8 saatdan artıq olmamalıdır. Qida məhsullarının hazırlanması, saxlanması və təqdimatı zamanı sanitar-gigiyenik normalara riayət edilməli, xüsusilə temperatur rejiminin qorunması təmin olunmalıdır. Qida bloku təmiz saxlanmalı, avadanlıqlar mütəmadi olaraq yuyulmalı və dezinfeksiya edilməlidir. Çarpaz çirklənmənin qarşısı alınmalıdır. Bunun üçün çiy və bişmiş məhsulların hazırlanma sahələri ayrılmalı, istifadə olunan alətlər və iş səthləri fərqləndirilməlidir. İşçi heyətin mütəmadi tibbi müayinələrdən keçməsi və şəxsi gigiyena qaydalarına əməl etməsi təmin edilməlidir. Satış zamanı bişmiş dönərin temperaturu 65°С-dən aşağı olmamalıdır. Dönərlə birlikdə təqdim olunan sousların, mayonezin və tərəvəzlərin saxlanma rejiminə ciddi nəzarət edilməlidir. Çiy dönər bişirilməyə başlandığı andan etibarən 12 saat ərzində istifadə edilməlidir. AQTA istehlakçılara da müraciət edərək dönər alarkən satış şəraitinə, məhsulun hazırlanma qaydasına və ümumi sanitar vəziyyətə diqqət etməyi tövsiyə edir. Dönər hazırlayan şəxslər mütləq şəkildə birdəfəlik əlcək, qoruyucu geyim və baş örtüyündən istifadə etməli, həmçinin çarpaz çirklənmənin qarşısının alınması üçün həmin əlcəklə pul, ödəniş kartı, kassa aparatı, post terminalı və digər bu kimi əşyalara toxunmasına yol verilməməlidir. Dönər məhsulu hazırlandığı andan etibarən 1 saat ərzində istehlak edilməlidir. İstehlakçılar ictimai iaşə obyektlərində bu məqamlara xüsusi diqqət yetirməli, hər hansı uyğunsuzluq və ya gigiyenik norma pozuntusu aşkar etdikdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verməlidirlər. Eyni zamanda, Agentlik tərəfindən hazırlanmış məlumatlandırıcı posterlər bütün dönər istehsalı və satışı ilə məşğul olan ictimai iaşə müəssisələrində istehlakçıların asan görəcəyi yerlərdə yerləşdirilməlidir. Qaydalara əməl olunmaması istehlakçı sağlamlığı üçün ciddi risklər yarada bilər. Daha ətraflı məlumatlar üçün videoçarxı izləyə bilərsiniz.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Olt inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, İtaliya Respublikasının Friuli-Venesiya-Culiya regionunda blutanq xəstəliyi, Kamboca Krallığının Tbonq Hmum əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qəhvəyi mərmər bağacığı nədir? - Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, rəngi qəhvəyi, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qəhvəyi mərmər bağacığının yayılması: - Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilir. Zərərverici ilə mübarizə tədbirləri - Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir. AQTA tərəfindən qəhvəyi mərmər bağacığı ilə bağlı hazırlanan videoçarxı təqdim edirik:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yerli qida məhsullarının beynəlxalq bazarlara, xüsusilə Avropa İttifaqı (Aİ) ölkələrinə çıxış imkanlarının genişləndirilməsi və ixrac potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi tənzimləmə və nəzarət tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində akvakulturadan əldə olunan kürü məhsullarına dair illik Monitorinq Planlarının hər il mütəmadi olaraq uğurla icra edilməsi nəticəsində ölkəmizdən Avropa bazarlarına akvakulturada yetişdirilən nərəkimilərdən əldə olunan kürü məhsulunun ixrac icazəsi 2025-2026-cı illərdə də qüvvədə saxlanılır. Eyni zamanda, Agentlik tərəfindən balıq məhsullarının da Aİ bazarlarına çıxış imkanlarının təmin edilməsi məqsədilə Monitorinq Planı hazırlanıb və Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğuna təqdim edilib. Beləliklə, Avropanın müvafiq qurumu tərəfindən texniki qiymətləndirmə aparılaraq Azərbaycan balığının Aİ-yə ixracı məqsədi ilə hazırlanan Monitorinq Planı uyğun olduğu üçün qəbul edilib. Qeyd edək ki, Aİ ölkələrinə heyvan mənşəli qida məhsullarının ixracına icazə verilməsi üçün ölkələrin qida təhlükəsizliyi sistemi, eləcə də bu sahədəki qanunvericilik, habelə nəzarət və tənzimləmə tədbirləri Avropa qanunvericiliyinə uyğunlaşdırılmış olmalıdır. Azərbaycan bu istiqamətdə öhdəliklərini ardıcıl olaraq yerinə yetirir və beynəlxalq tərəfdaşlarla qarşılıqlı etimad əsasında əməkdaşlığı davam etdirir.
Sağlam həyat tərzinin bünövrəsini təşkil edən amillərdən birincisi balanslı qidalanmaqdır. Balanslı qidalanma orqanizmin normal fəaliyyət göstərməsi üçün yaşdan, cinsdən və fiziki aktivlikdən asılı olaraq, lazımi miqdarda yağ, zülal, karbohidrat, su, həmçinin vitamin və mineralların qəbulu deməkdir. İkinci vacib məsələ enerji dəyəri deyil, qida dəyəri yüksək olan məhsullara üstünlük verilməsi ilə bağlıdır. "Qida dəyəri" dedikdə, qidanın bizə verdiyi kalori deyil, tərkibindəki faydalı maddələr nəzərdə tutulur. Sağlam qidalanmanı şərtləndirən əsas amillərdən biri də insulinə nəzarət edilməsidir. Qənd, şəkər tozu, şirinləşdirilmiş içkilər, emal olunmuş qənnadı məmulatları kimi sadə karbohidratların qəbulu normadan artıq insulin ifrazını aktivləşdirməklə sağlamlığa mənfi təsir göstərə bilir. Bu da insulinə davamlılığın yaranması üçün risk faktorlarından biri hesab edilir. Daha ətraflı məlumatlar üçün videoçarxı izləyə bilərsiniz.
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Hümbətov Mikayıl Əvəz oğluna məxsus “Çayqırağı” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Belə ki, qida məhsullarının saxlanma qaydalarına əməl olunmadığı, ətin emalı, qazan və manqal yeməkləri hazırlanan sahənin yarımtikilidə təşkil olunduğu, döşəmə və divar səthlərinin asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Meksika Birləşmiş Ştatlarının Koauila, Mexiko, Çixuaxua, Çyapas, Oaxaka, Yukatan, Tamaulipas, Sonora, Aquaskalyentes ştatlarında, Rusiya Federasiyasının Saxalin vilayətində yüksək patogen quş qripi xəstəliyi, Rusiya Federasiyasının Saratov vilayətində, Udmurtiya Respublikasında, Xantı-Mansi muxtar dairəsində və İsveç Krallığının Skane əyalətində isə qeydə alınmış Nyukasl xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş