Xırdabuynuzlu heyvanların çiçək xəstəliyinin əlamətləri və bu xəstəliyə qarşı mübarizə tədbirləri
9 Yanvar 2023 15:23

Qoyun və keçilərin çiçəyi (lat. Variola ovina et caprarum, ing.Sheep and Goat pox) – xırdabuynuzlu heyvanların virus mənşəli, kəskin gedişli, kontagioz infeksion xəstəliyidir. Xəstəlik heyvanların ölümü və məcburi kəsimi, məhsuldarlığın azalması, heyvan mənşəli xammalın (dəri, yun və s.) keyfiyyətinin aşağı düşməsi, həmçinin baytarlıq-sanitariya və karantin tədbirlərinə sərf olunan xərclərdən ibarət böyük iqtisadi itkilərlə səciyyələnir. Xəstəliyə yoluxmuş heyvanlar arasında reproduktiv fəaliyyətin pozulması, eləcə də balasalma halları baş verir. Bundan əlavə dəridə yaranan çiçək papulalarının yaratdığı zədələr dərinin sənaye əhəmiyyətinə mənfi təsir göstərməklə dəyərinin azalmasına səbəb olur. Qoyun və keçilərin çiçək xəstəliyi zamanı heyvan ölümü ilə müşayiət olan itkilərlə yanaşı (letallıq 80-100%-ə çata bilər), xəstəlikdən sağalmış heyvanların məhsuldarlığının azalması baş verir. Xəstəliyə yoluxmuş sürülərin tamamilə sağalması bir neçə il çəkə bilər. Qoyun və keçilər arasında müşahidə olunan çiçək xəstəliyi üzrə ölüm nisbəti xüsusilə cavan heyvanlar arasında daha yüksək olur. Çiçək xəstəliyi diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın beynəlxalq ticarətində məhdudiyyətlərin qoyulmasına, məcburi peyvəndləmə tədbirlərinin həyata keçirilməsinə, heyvanların hərəkətinin məhdudlaşdırılmasına və s. bu kimi iqtisadi itkilərə səbəb olur.
Çiçək xəstəliyinin törədicisi Poxviridae ailəsinə, Capripoxvirus cinsinə mənsub DNT tərkibli virusdur. Dünyanın müxtəlif ölkələrində aşkar edilən çiçək virusu ştammları antigen xüsusiyyətlərinə görə identikdir. Qeyd etmək lazımdır ki, çiçək virusu zoonoz deyildir. Virus ətraf mühitə xəstə heyvanların ifrazatları (tüpürcək, burun seliyi, göz yaşı, pustula mayesi, süd, sidik və s.) və quruyaraq qopub düşən çiçək qərtməkləri ilə yayılır. Xəstə heyvanların axıntıları ilə xaric olunan virus sağlam heyvanların aerogen yolla yoluxmasına səbəb olur. Törədici sağlam heyvanlara xəstə heyvanlarla təmas zamanı, başlıca olaraq zədələnmiş dəri və selikli qişalar vasitəsilə sirayət edir. Virusun alimentar yolla- ağız boşluğunun zədələnmiş selikli qişası ilə sağlam heyvanlara yoluxması da istisna deyildir. Ötürülmə xəstəlik trörədicisi ilə çirklənmiş fomitlər və heyvan mənşəli məhsullar vasitəsi ilə də baş verə bilər.
Qoyunlar və keçilər bütün yaşlarda çiçəyə yoluxur. Zərif yunlu qoyunlar və quzular xəstəliyə daha həssas, qaba yunlu qoyunlar isə nisbətən az həssasdırlar. Anqor və pridon cinsli keçilər xəstəliyi nisbətən ağır keçirirlər.
Çiçək xəstəliyinin inkubasiya müddəti 1-2 həftə aralığındadır. Xəstəlik müəyyən mərhələlərlə inkişaf edir. Xəstəliyin ilkin mərhələsi heyvanlarda gövşəmənin dayanması, tənəffüsün çətinləşməsi, konyuktivit və rinit əlamətləri ilə (göz qapaqlarının şişməsi, göz və burunda hiperemiya, həmçinin serozlu-selikli və serozlu-irinli axıntılar) başlayır. Eyni zamanda dərinin yunsuz nahiyələrində (əsasən başda, dodaqlarda, gözlərin ətrafında, qulaqlarda, ön və arxa ətrafların daxili səthində, xaya torbasında və yelində) səpgilər əmələ gəlir. Xəstəliyin ağır formasında səpgilər bütün bədəni əhatə edir. Səpgilər öncə çəhrayı rəngli ləkələr şəklində olmaqla, xəstəliyin ikinci mərhələsində qırmızı rəngli kəmərlə əhatə olunmuş papulalara (düyünlərə) çevrilir. Xəstəliyin üçüncü mərhələsində papulalar içərisində şəffaf maye toplanan vezikulalara (suluqlara), bir neçə gündən sonra isə içərisində irin kütləsi toplanan pustulalara (qabarcıqlara) çevrilir. Bu zaman bədən temperaturunun xeyli yüksəlməsi (40-42° C) heyvanın ümumi vəziyyətinin pisləşməsinə səbəb olur.
Xəstəliyə yoluxmuş heyvanlar müxtəlif vaxtlarda (3-4 həftə) sağalır. Xəstəliyi ağır keçirən heyvanlarda sağlamlıqla bağlı bərpa prosesləri zəif gedir. Bəzən yoluxmuş heyvanlarda xəstəliyə xarakterik xarici səpgilər müşahidə olunmadan xəstəliyin istənilən mərhələsində ölüm baş verir. Ümumi ölüm nisbəti çox vaxt 10%-dən az olsa da, bəzən 50%-i keçir. Həssas heyvanlarda və xəstəliyin ağır forması zamanı letallıq hətta 100%-ə çata bilər.
Xəstəliyə diaqnoz epizootoloji, kliniki, patoloji-anatomiki məlumatların təhlili və mikroskopiya daxil olmaqla, laborator müayinələrin nəticələrinə əsasən qoyulur. Diaqnostika məqsədi ilə qan, dərinin zədələnmiş hissələri (təzə papulalar), həmçinin xəstəlik əlamətləri müşahidə olunan daxili orqan və limfa düyünlərindən götürülmüş biomaterial soyuq zəncir prinsipinə uyğun olaraq ilə laboratoriyaya göndərilir.
Xəstəliyə qarşı mübarizə tədbirləri çərçivəsində heyvanların profilaktiki olaraq dövri peyvəndlənməsi zəruridir. Peyvəndləmə endemik ərazilərdə xəstəliyə nəzarət etmək, epidemiyalar zamanı isə xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunur. Kliniki sağlam heyvanlar məcburi peyvəndlənməyə, xəstə heyvanlar isə simptomatik müalicəyə cəlb olunur. Ölmüş heyvanların cəsədləri zərərsizləşdirilməklə zəruri dezinfeksiya tədbirləri həyata keçirilir. Tədarük olunan yun və digər heyvan mənşəli xammal isə buxarlı dezkamerada 110° C-də zərərsizləşdirilir.
Xəstəliyə qarşı spesifik müalicə metodu mövcud deyildir. Odur ki, təsərrüfatda xəstəlik baş verdiyi halda karantin tətbiq olunur. Bu zaman təsərrüfata heyvanların gətirilməsi və aparılması, xəstə heyvanların sağlam heyvanlarla birgə otarılıb suvarılması, heyvanların qırxılması, xəstə heyvanlarla təmasda olmuş yemlərin təsərrüfatdan çıxarılması, təsərrüfat ərazisinə nəqliyyat vasitələrinin, həmçinin kənar şəxslərinin giriş-çıxışı, heyvanların və heyvandarlıq məhsullarının satışı yolverilməzdir. Virusun xəstə heyvanlar, həmçinin fomitlər və yun kimi heyvan mənşəli məhsullar vasitəsilə sürüyə sirayət etmə ehtimalı yüksək olduğundan, biotəhlükəsizlik tədbirlərinə riayət olunması və təsərrüfata yeni gətirilmiş heyvanların karantində saxlanılması zəruridir.
Qeyd etmək lazımdır ki, qoyun və keçilərin çiçək xəstəliyi xüsusi təhlükəli xəstəliklər sırasına daxil olduğundan xəstəliyə qarşı profilaktiki peyvəndləmə tədbirləri dövlət tərəfindən həyata keçirilir. Heyvanlar arasında xəstəlik əlamətləri müşahidə edildiyi təqdirdə əhalinin bu barədə dərhal baytar həkiminə və aidiyyəti qurumlara məlumat verməsi tövsiyə edilir.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin mütəxəssisləri Ş.B.Məmmədova, R.S.Kəngərli, K.N.Əliyeva tərəfindən hazırlanıb.
Oxşar xəbərlər

AQTA maarifləndirir: Təhlükəli zoonoz xəstəlik – Qarayara
Qarayara ən qorxulu zoonoz xəstəliklərdən biridir. Bu xəstəlik heyvanlarla yanaşı insanlar üçün də böyük təhlükə törədir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanlar bu infeksiyaya bir çox hallarda xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxa bilərlər. Heyvanlarda xəstəliyin gizli dövrü olduqca qısadır, təxminən 1-3 gün çəkir. Xəstəliyin “ildırımvari” adlandırılan ən sürətli yayılma formasında isə heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsulların istehlakı zamanı yoluxur. Bundan əlavə ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri də yoluxmaya səbəb ola bilər. İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlaşmış yaraların əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və digər əlamətlərlə özünü büruzə verir. Qarayaraya yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Yaraya müdaxilə edilməsi, infeksiyanın yayılmasına səbəb ola bilər. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaq, eyni zamanda çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısını almaqdır.

Quş qripi ilə bağlı keçirilən monitorinqlərin nəticələri açıqlanıb
Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə 2025-ci ilin 3-7 mart tarixlərində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 68 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 34 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 340 baş, habelə 16 rayonun (şəhər) 406 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 1234 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb, toplanmış epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar elektron sistemə daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Minnesota, Oklahoma, Tennessi və Arizona ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.