Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən istehlakçı hüquqlarının qorunması, eləcə də təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədilə birgə əməliyyat keçirilib. Keçirilən növbəti əməliyyat zamanı Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb. Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar. Sexə baxış zamanı 2 tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub. Araşdırmalarla müəyyən edilib ki, E.Ağayev və digərləri xəstə, həmçinin artıq təsərrüfatda istifadəsi mümkün olmayan iribuynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan bazarlarında aparılan monitorinqlər çərçivəsində diri heyvan bazarlarında mövcud infrastrukturun vəziyyəti qiymətləndirilib və sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması ilə bağlı bazar rəhbərliyinə müvafiq tapşırıqlar verilib. Hazırda bazar rəhbərlikləri Agentliyin təqdim etdiyi eskiz layihələr əsasında yenidənqurma işlərini həyata keçirir. Bir sıra bazarlarda, o cümlədən Bərdədə yerləşən heyvan bazarının giriş-çıxış hissələrində dezobaryerlər quraşdırılır, xəstə heyvanların sağlam heyvanlardan ayrılması məqsədilə xüsusi izolyator sahəsi hazırlanır. Ərazidə asfaltlanma işləri aparılır, heyvanların yemlənməsi üçün yem anbarı tikilir. Bununla yanaşı, üstübağlı saxlanma sahələri yaradılır, yaşıllaşdırma işləri görülür. Həmçinin, ictimai iaşə obyektləri bazar ərazisindən kənarlaşdırılır. Agentliyin regional bölmələri tərəfindən görülən işlərə nəzarət olunur və prosesin sürətləndirilməsi məqsədilə sahibkarlara metodiki dəstək göstərilir. Qeyd edək ki, heyvan bazarlarının fəaliyyəti epizootoloji stabilliyin qorunması məqsədilə müvəqqəti məhdudlaşdırılıb. Baytarlıq-sanitariya tələblərinə tam uyğunlaşdırıldıqdan sonra bazarların fəaliyyətinə yenidən icazə veriləcək. Heyvan bazarlarında görülən işlərə dair videolink: https://youtu.be/gZEHsm85E2c
Cari ilin 17-21 noyabr tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələri aparılacaq.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkədə epizootoloji stabilliyin qorunması məqsədilə respublikanın müxtəlif bölgələrində heyvan bazarlarında monitorinqləri davam etdirir. Növbəti nəzarət tədbirləri Beyləqan, Gədəbəy, Füzuli, Salyan, İmişli, Qəbələ, Şəki, Tovuz, Qazax və Sabirabad rayonlarında rayonlarında həyata keçirilib. İlkin nəticələrə əsasən, ölkə üzrə bir sıra bazarlarda artıq yenidənqurma işlərinə başlanılıb. Bazar sahiblərinə ərazilərin AQTA Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq işlərin aparılması üçün nümunəvi eskiz layihələri təqdim olunub, görülən tədbirlər həmin layihələr əsasında aparılır. Bir sıra rayonlarda bazar sahiblərinin intensiv şəkildə ərazilərdə müvafiq tədbirlər gördüyü müşahidə olunur. Ərazilərə dezobaryerlər quraşdırılır, baytar həkimlərin fəaliyyəti üçün şərait yaradılır. Bazar sahibləri işləri yekunlaşdırdıqdan sonra Agentliyə ediləcək müraciət əsasında fəaliyyətləri bərpa olunacaq.
Məlum olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyinin “Ölkə ərazisinin xarici ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə epizootoloji nəzarətin gücləndirilməsi haqqında” Qərarına əsasən, 2025-ci il 25 oktyabr tarixindən etibarən respublika ərazisində heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Belə ki, ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin edilməsi, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarının sahibləri qarşısında bir sıra tələblər irəli sürülüb. Agentliyin Kollegiyasının 2025-ci il 17 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında monitorinqlər keçirilir. Monitorinqlər zamanı bazar sahiblərinə metodiki göstərişlər verilir. Qeyd edək ki, monitorinqlər Şamaxı, Ağsu, Göyçay, Bərdə, Masallı, Kürdəmir və Mingəçevirdə yerləşən heyvan bazarlarında keçirilib. Nəzarət tədbirləri 6 noyabr tarixinədək davam etdiriləcək.
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində bu ilin əvvəlindən 3 noyabr tarixinədək olan dövr ərzində respublika üzrə 4748 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib. Monitorinq zamanı 712 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 67-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb. Bundan başqa, 1276 halda ətlərin soyuducuda saxlanılmadığı, 1297 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə (AQTA) Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi dabaq xəstəliyinə qarşı iri və xırdabuynuzlu heyvanların müalicəsi üçün nəzərdə tutulan dərman preparatlarının saxta nümunələrini hazırlayan şəxslərə qarşı əməliyyat keçirib. Qeyd edilən qanunsuz əməllərə yol verən 26 yaşlı Zərbi Zamanov və qohumu 28 yaşlı Rəvan Zamanov saxlanılıblar. Araşdırmalarla müəyyən olunub ki, bu şəxslər tərəfindən inşaatda istifadə edilən rəngli boyalar dərman görüntüsü yaratmaq üçün texniki spirtlə qarışdırılaraq qablaşdırılıb. Daha sonra hazırlanan məhlul dabaq əleyhinə dərman vasitəsi kimi satışa çıxarılıb. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən onlara məxsus sexə baxış zamanı kustar üsulla hazırlanan saxta dərman preparatları və digər sübutlar aşkarlanıb. Saxlanılan şəxslərdən götürülən maddi sübutların ekspertizası zamanı onların dabaq xəstəliyinin müalicəsində effektsiz olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Fermerlərə onlara məxsus heyvanların müalicəsi və tibbi profilaktikası zamanı yalnız rəsmi sertifikatı olan dərman vasitələrindən istifadə etmək tövsiyə olunur.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Köstəndil vilayətinə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Serbiya Respublikasının Şumadiya dairəsində blutanq xəstəliyi, Fransa Respublikasının Oksitaniya regionunda nodulyar dermatit xəstəliyi, Polşa Respublikasının Velikopolsk inzibati ərazisində Nyukasl xəstəliyi, Kamboca Krallığının Otdar Mean Çey əyalətində, Amerika Birləşmiş Ştatlarının Ayova, Viskonsin ştatlarında, Slovakiya Respublikasının Jilina diyarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən KTN-nin Aqrar Xidmətlər Agentliyi, DİN-in Masallı Rayon Polis Şöbəsi və yerli icra nümayəndəliyinin əməkdaşları ilə birgə Masallı rayonunun Kosakül kəndində fəaliyyət göstərən heyvan bazarında monitorinq keçirilib. Bazar ərazisinə gətirilən nəqliyyat vasitələri dezinfeksiya edilib. İri və xırdabuynuzlu heyvanlara baxış keçirilib. Qeydə alınmış nöqsanların aradan qaldırılması barədə müvafiq göstərişlər verilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Daxili İşlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin və Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb. Monitorinq zamanı heyvanların saxlanma şəraiti, ticarət prosesi, baytarlıq nəzarətinin təşkili, eləcə də dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin icra vəziyyəti qiymətləndirilib. Baxış zamanı heyvan sağlamlığına dair bir sıra tələblərin pozulduğu aşkarlanıb. Yerində aparılan yoxlamalar nəticəsində heyvan sağlamlığının qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə sahibkarlara müvafiq tövsiyələr verilib. AQTA bildirir ki, epizootik sabitliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bu müddət ərzində bazar ərazilərində sağlamlaşdırma tədbirləri həyata keçiriləcək. Qeyd edək ki, heyvan bazarlarında tələb olunan infrastruktur təmin edildikdən və baytarlıq-sanitariya tələblərinə uyğun şərait yaradıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun Əliabad kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb. Nəzarət tədbiri zamanı bəzi nöqsanlar aşkarlanıb. Belə ki, bazarda dezobaryerlər quraşdırılmayıb, heyvan yemlərinin saxlanması üçün zəruri şərait yaradılmayıb, eləcə də xəstə və sağlam heyvanların ayrılması üçün xüsusi izolyatorlar təşkil edilməyib. Aşkar olunan nöqsanlarla bağlı sahibkara icrası məcburi göstərişlər verilib. AQTA bildirir ki, epizootik sabitliyin qorunması və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq və bu müddət ərzində bazar ərazilərində sağlamlaşdırma işləri aparılacaq. Heyvan bazarlarının fəaliyyəti yalnız tələb olunan infrastruktur tamamlandıqdan və baytarlıq-sanitariya tələblərinə uyğun şərait yaradıldıqdan sonra bərpa ediləcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Beyləqan rayonu İkinci Aşıqlı kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb. Monitorinq zamanı bazarda heyvanların saxlanılması, satış və daşınma prosesləri, həmçinin sanitar-gigiyenik vəziyyət yerində qiymətləndirilib. Aparılmış yoxlamalar zamanı verilmiş göstərişlərə baxmayaraq bazarda bəzi nöqsanlara yol verildiyi müəyyən edilib. Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması məqsədilə bazar sahibinə icrası məcburi göstərişlər verilib. AQTA bildirir ki, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanılması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, bununla da ölkə ərazisində yoluxucu xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər. Bu risklərin qarşısının alınması məqsədilə, Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, 2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Giriş