Ölkədə heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində bir sıra tədbirlər icra olunub. Məqsəd ölkədə epizootik sabitliyin gücləndirilməsi və heyvandarlıq sahəsinin inkişafının sürətləndirilməsidir. Azad zonaların yaradılması bir sıra heyvandarlıq məhsullarının ixracında maneələrin aradan qaldırılmasına, ixrac coğrafiyasının genişlənməsinə və tranzit imkanlarının artmasına şərait yaradacaq. Heyvan xəstəliklərindən azad zonalar Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının ərazilərini tam, Füzuli, Laçın və Xocavənd rayonlarının ərazilərini isə qismən əhatə edəcək. Digər azad zona isə tam əhatə etməklə Naxçıvan Muxtar Respublikasının ərazisində yaradılacaq. Belə ki, zonaların yaradılması məsələsi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Ali Baş Qərargahında müzakirə edilib və təşkilat tərəfindən dəstəyin göstərilməsi ilə bağlı razılıq əldə olunub. Həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və ÜHST-nin ekspertlərinin iştirakı ilə Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarının ərazisində azad zonaların sərhədləri müəyyən edilib və xəritəsi hazırlanıb. Eləcə də azad zona regionlarında fəaliyyət göstərən heyvandarlıq obyektlərinin koordinatları müəyyənləşdirilib və heyvanların identikləşdirilməsinə başlanılıb. Bununla yanaşı, heyvan xəstəliklərindən azad zonaların ÜHST tərəfindən tanınması üçün bir sıra əlavə tədbirlər görüləcək. Bunlara dabaq xəstəliyi üzrə FAO-nun Mərhələli Nəzarət Proqramı çərçivəsində ölkə səviyyəsinin növbəti mərhələyə keçirilməsi, yeni “Heyvan sağlamlığı haqqında” Qanunda müvafiq müddəaların əks etdirilməsi, zonalara giriş-çıxış nöqtələrində nəzarət postlarının yaradılması, azad zona hüdudları daxilində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən müasir emal müəssisələrinin təşkili daxildir. Eyni zamanda azad zonalarda saxlanılan və ora köçürüləcək heyvanların peyvəndlənməsi, identikləşdirilməsi, mütəmadi epizootoloji monitorinqlərin aparılması və sərhədboyu bütün həssas heyvanların peyvəndlənməsi yolu ilə dabaq xəstəliyi üzrə immun zolağın yaradılması təmin olunmalıdır. Həmçinin identifikasiya olunmamış və müşayiətedici baytarlıq sənədləri olmayan heyvanların satış bazarlarına və rayonlararası, xüsusilə Bakı şəhərinə daşınmasının qarşısının alınması, eləcə də belə heyvanların bazarlara girişinin məhdudlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, heyvanların identikləşdirilməsi və daşınması “Baytarlıq haqqında” Qanun və Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən yem istehsalçıları və idxalçılarının məlumatlandırılması məqsədilə görüş keçirilib. Görüş zamanı heyvan yemlərinin aflatoksin B1 ilə çirklənməsinin qida təhlükəsizliyi sahəsində ciddi problem yaratdığı bildirilib. Belə halların yaranması əsasən yemlərin düzgün saxlanmaması, yüksək rütubət və temperatur şəraitində kiflənməsi ilə bağlıdır. Problemin qarşısının alınması üçün bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən yemlərin istehsalı, daşınması və saxlanması mərhələlərində gigiyenik tələblərə ciddi riayət edilməlidir. Agentlik tərəfindən hazırlanan “Yem məhsullarında aflatoksin B1 miqdarının azaldılmasına dair metodiki göstəriş” görüş iştirakçılarına təqdim olunub, sənədin əsas müddəaları barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, son dövrlərdə süddə aşkar edilən uyğunsuzluqların əsas səbəbi heyvan yemlərinin aflatoksin B1 ilə çirklənməsidir. Aflatoksin B1 əsasən kif göbələkləri tərəfindən istehsal olunan və yem məhsullarında yaranan toksindir. Yüksək dozada aflatoksinə məruz qalma adətən, qarın ağrıları, sarılıq, hepatit kimi simptomlarla müşahidə olunan aflatoksikoza səbəb ola bilər. Bu isə qaraciyərə ciddi zərər vuraraq insan sağlamlığı üçün həyati təhlükə yaradır. Sonda iştirakçıların sualları cavablandırılıb.
Avropa ölkələri atların idxalı zamanı ciddi epizootik və biotəhlükəsizlik tələbləri tətbiq edir. Bu tələblər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən müəyyən edilmiş beynəlxalq standartlara əsaslanır. Mövcud mexanizmlər tam uyğunlaşdırılmadıqda isə idman atlarının xaricə daşınması zamanı əlavə prosedurlar və məhdudiyyətlər yarana bilər. İdman atlarımızın beynəlxalq yarışlarda, xüsusilə Avropa turnirlərində fasiləsiz iştirakını təmin etmək məqsədilə ölkəmizdə “at xəstəliklərindən azad zona” və ya “kompartment” modelinin yaradılması istiqamətində işlərə başlanılıb. Bu məqsədlə keçirilən görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), ÜHST-nin, Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Atçılıq Federasiyasının nümayəndələri və beynəlxalq ekspertlər iştirak ediblər. AQTA-nın sədr müavini Balarəhim Quliyev bildirib ki, müvafiq statusun əldə olunması üçün obyektlərdə ÜHST-nin Quruda yaşayan heyvanların sağlamlığı Məcəlləsinin tələblərinə uyğun infrastruktur qurulmalı, sanitariya-gigiyena və biotəhlükəsizlik tədbirləri tam təmin edilməli, eləcə də idman atlarının hərəkətinə dair xüsusi nəzarət və izləmə sistemi tətbiq olunmalıdır. Bu tələblər yerinə yetirildikdən sonra ÜHST-yə rəsmi müraciət ediləcək və müvafiq obyektlərin azad zona və ya kompartment kimi tanınması mümkün olacaq. Həmin status ölkəmizin beynəlxalq səviyyədə rəsmi tanınmasına, idman atlarının isə yarış keçirilən ölkələrə daha operativ və məhdudiyyətsiz daşınmasına imkan yaradacaq. Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən infrastrukturun beynəlxalq standartlara uyğunlaşdırılması, baytarlıq və biotəhlükəsizlik prosedurlarının hazırlanması istiqamətində metodiki dəstək göstəriləcək. Bu təşəbbüs həm at xəstəlikləri riskinin minimuma endirilməsinə, həm də Azərbaycanın beynəlxalq atçılıq yarışlarında nüfuzunun və təmsilçiliyinin gücləndirilməsinə xidmət edir.
Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən “Dafne Agro” MMC-yə məxsus heyvan satışı bazarının rekonstruksiyadan sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazar ərazisi asfaltlanıb, giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib. Bazar ərazisində baytarlıq nəzarətinin təmin edilməsi məqsədilə baytar həkimin fəaliyyəti üçün nəzarət otağı yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan öncə Beyləqan, Ağcabədi, Biləsuvar, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb. Hazırda Masallı, Xaçmaz və Sabirabad heyvan bazarlarında intensiv təmir və rekonstruksiya işləri aparılır. Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Cari ilin 2-6 fevral tarixlərində respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılıb, vəhşi quşlara klinik baxış keçirilib və diaqnostik material nümunələri götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində, 17 rayonun (şəhər) ailə təsərrüfatında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Monitorinq müddətində götürülmüş nümunələrin laborator müayinələri və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.
2-6 mart tarixlərində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək. Monitorinq risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edəcək. Ərazi ilə yanaşı, vəhşi quşlara baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçiriləcək. Baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaqdır.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 12-16 yanvar tarixlərində respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı keçirilən epizootoloji monitorinqin nəticələri açıqlanıb. Tədbirlər dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılıb. Vəhşi quşlara klinik baxış keçirilib və diaqnostik nümunələr götürülüb. Bundan əlavə, quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülərək laborator müayinələrə cəlb olunub. Vəhşi və ev quşlarından götürülən nümunələrin müayinəsi və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülən diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.
Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib. Belə ki, bazar ərazisi asfaltlanıb. Giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Rampa və çardaqlar quraşdırılıb. Baytarlıq nəzarəti məqsədilə kliniki baxış platformaları yaradılıb. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Qeyd edək ki, bundan öncə Beyləqan, Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb.
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, cari ilin 2-6 fevral tarixlərində növbəti epizootoloji monitorinq baş tutacaq. Monitoriq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərində vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaqdır.
Beyləqan rayonu, İkinci Aşıqlı kəndi ərazisində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib. Bazarın bioloji təhlükəsizlik tələblərinə uyğunlaşdırılması istiqamətində müvafiq infrastruktur işləri həyata keçirilib. Belə ki, bazar ərazisində baytarlıq nəzarətinin təmin edilməsi məqsədilə baytar həkimin fəaliyyəti üçün nəzarət otağı yaradılıb. Baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkarlanan heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar inşa edilib. Eyni zamanda bazarın giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb, yem anbarı yaradılıb, iri və xırdabuynuzlu heyvanlar üçün ayrıca satış pavilyonları təşkil edilib. Aparılan qiymətləndirmə nəticəsində bazarda biotəhlükəsizlik tələblərinin təmin edildiyi, eləcə də dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən olunub. Qeyd edək ki, bundan öncə Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb. Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:
Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib. Belə ki, bazarda asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Eyni zamanda, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazarın giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Qeyd edək ki, bundan öncə İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb. Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz:
İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən “Muğan Aqro” MMC-yə məxsus heyvan bazarının fəaliyyətinə icazə verilib. Belə ki, bazarda baytarlıq-sanitariya norma və qaydalarının tələblərinə uyğun olaraq tikinti və yenidənqurma işləri aparılıb. İşçi qrupu tərəfindən bazara yerində baxış və qiymətləndirmə keçirilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.
Giriş