Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub dairəsində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Braziliya Federativ Respublikasının Riu-Qrandi-du-Sul ştatında Nyukasl xəstəliyi, Argentina Respublikasının Buenos Ayres əyalətində isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müvafiq qərarlarına əsasən, dünyada və regionda müşahidə olunan heyvan xəstəlikləri ilə bağlı dövri qiymətləndirmələr aparılır. Son dövrlərdə əldə edilən məlumatlar göstərir ki, Cənubi Qafqaz regionuna daxil olan bir sıra ölkələrdə xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma riski mövcuddur”. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib. Onun sözlərinə görə, ölkəmizdə də endemik xarakter daşıyan xüsusi təhlükəli heyvan xəstəlikləri mövcuddur. Buna görə həm ölkəmizi xaricdən keçə biləcək xəstəliklərdən qorumaq, həm də ölkə daxilində mövcud xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə müvafiq məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Qalib Əbdüləliyev qeyd edib ki, xüsusi təhlükəli xəstəliklər, əsasən, bir heyvandan digərinə birbaşa təmas (kontakt) yolu ilə keçdiyindən, bu baxımdan ən riskli məkanlardan biri heyvan bazarları hesab olunur. Bu səbəbdən qərara alınıb ki, 25 oktyabr tarixindən etibarən respublika ərazisində bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılsın. Sitat: “Məhdudiyyət tədbirləri mərhələli şəkildə tətbiq olunur. Son bir həftə ərzində əhali arasında məlumatlandırma və maarifləndirmə işləri aparılmış, bazarlarda baytarlıq-sanitariya vəziyyəti qiymətləndirilmişdir. Bu addımın əsas məqsədi heyvanlar arasında təmasın qarşısını almaq və xəstəliklərin yayılma riskini minimuma endirməkdir”. Qalib Əbdüləliyev vurğulayıb ki, heyvanların satışı birbaşa heyvandarlıq təsərrüfatlarında həyata keçiriləcək və buna hər hansı məhdudiyyət qoyulmur. Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları” təsdiq edilmişdir. Göstərilən sənədin tələblərinə uyğun olaraq bazarlarda yenidənqurma işləri aparıldıqdan və zəruri infrastruktur təmin edildikdən sonra onların fəaliyyəti bərpa olunacaq.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin açıqlaması: Ölkə üzrə fəaliyyət göstərən heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirir. Əgər 2018-ci ildə respublikada cəmi 6-10 kəsim məntəqəsi mövcud idisə, hazırda bu rəqəm 120-dən çoxdur. Mövcud infrastruktur ölkənin daxili tələbatını tam şəkildə təmin etməyə imkan verir. Kəsim müəssisələri müasir standartlara uyğun şəkildə qurulub və məntəqələrdə baytar mütəxəssislərin daimi nəzarəti təmin olunur. Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır. Heyvan kəsildikdən sonra cəmdəyin baytarlıq-sanitariya ekspertizası aparılır, daha sonra ət müəyyən müddət soyudulmaq üçün saxlanılır. Cəmdəyin üzərinə müvafiq möhürlər vurulur və müşayiətedici baytarlıq sənədləri ilə birlikdə istehlak obyektlərinə və ticarət şəbəkələrinə göndərilir. Respublikanın baş dövlət baytarlıq müfəttişi vətəndaşlara kəsim məntəqələrində kəsilmiş və ixtisaslaşmış ət satış məntəqələrində satılan ət məhsullarını almağı tövsiyə edir. Həmçinin ətin üzərində rəsmi baytarlıq möhürünün olmasına diqqət yetirmək, alış zamanı satıcılardan müşayiətedici baytarlıq sənədlərinin təqdim olunmasını tələb etmək vacibdir. 2025-ci il 25 oktyabr tarixindən etibarən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə mərhələli şəkildə məhdudiyyət tətbiq ediləcək. Bu qərar ət kəsimi və satışına heç bir maneə yaratmayacaq.
Mövsümi xəstəliklərin yayılma riski artdıqca heyvan bazarlarında gigiyena və baytarlıq tələblərinə əməl olunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, bazarlarda müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması və qaydalara riayət edilməməsi infeksiyaların yayılmasına səbəb ola bilər. Aparılan monitorinqlər göstərir ki, bəzi bölgələrdə bu qaydalar pozulur. Bu isə həm heyvanlar, həm də insanlar üçün təhlükə yaradır. Epizootoloji stabilliyin qorunması üçün bazar sahibləri və satıcıların əməl etməli olduqları tələbləri diqqətinizə çatdırırıq! Unutmayaq: sağlam heyvan sağlam qida, sağlam qida sağlam insan deməkdir!
Ölkəmizdə heyvan kəsimi məntəqələri baytar nəzarəti altında fəaliyyətlərini davam etdirir. Heyvan kəsimindən əldə olunan ət və ət məhsullarının insan istehlakı üçün təqdim olunması prosesi dövlət baytarlıq nəzarəti ilə həyata keçirilir. Belə ki, kəsimə cəlb olunan iri və ya xırdabuynuzlu heyvanlar baytarlıq mütəxəssisi tərəfindən kliniki baxışdan keçirilərək, termometriya olunur və onların kəsimi barədə qərara gəlinir. Kəsimdən sonra heyvan cəmdəyi və daxili orqanların baytarlıq-sanitariya ekspertizası həyata keçirilməklə ekspertiza aktı tərtib olunur. İstehlak üçün təhlükəsiz olan ət və ət məhsullarının realizasiyası üçün müvafiq müşayiətedici baytarlıq sənədləri (baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi) təqdim edilir. Məlumat üçün bildiririk ki, baytarlıq mütəxəssisi tərəfindən heyvanların ümumi kliniki vəziyyəti, kəsimdən sonra ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizası, o cümlədən laboratoriya müayinə nəticələri nəzərə alınmaqla, ət məhsulunun istehlakı barədə qərara gəlinir. Bir qayda olaraq insan sağlamlığı ilə bağlı risklər mövcud olan bütün hallarda ət məhsullarının dövriyyəsinə yol verilmir. Nəzərə almaq lazımdır ki, insanlar tərəfindən ətin çiy və ya yarımbişmiş halda istehlak olunması yolverilməzdir. Belə ki, ətin bişirilmə temperaturu virus və bakteriya mənşəli infeksiyaların məhv olmasını təmin etdiyindən, yaxşı bişirilmiş ət və ət məhsullarının istehlak edilməsi insan sağlamlığı üçün təhlükəsiz hesab olunur.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Timiș kantonunda, Macarıstanın Vaş kantonunda, Xorvatiya Respublikasının Sisaçko-Moslavinska kantonunda, Mərakeş Krallığının Şərq regionunda blutanq xəstəliyi, Fransa Respublikasının Burqundiya–Franş-Konte regionunda nodulyar dermatit xəstəliyi, Fransa Respublikasının O-de-Frans, Pei de la Luar regionlarında, İraq Respublikasının Neynəvə əyalətində, Litva Respublikasının Klayped bölgəsində, Almaniya Federativ Respublikasının Brandenburq vilayətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır. Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər. Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir. Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər. Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq. Bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək. Həmçinin mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların ölkəmizə idxalı 2025-ci il 25 oktyabr tarixindən etibarən məhdudlaşdırılır. Bildiririk ki, ölkə üzrə heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcək. Qərara əsasən, kəsim məqsədilə ölkəyə idxal edilən heyvanlar 72 saat ərzində kəsilməlidir. Görülən tədbirlər barədə ictimaiyyətin mütəmadi şəkildə məlumatlandırılması təmin olunacaq, maarifləndirmə tədbirləri davam etdiriləcək.
Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır. Belə ki, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma proseslərində tələblərə riayət olunmaması infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər. Ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin edilməsi, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında bir sıra tələblərə ciddi şəkildə əməl olunmalıdır: - bazarların ərazisi hasarla sərhədlənməli; - giriş və çıxışda dezobaryerlər olmalı; - mütəmadi olaraq təmizlənmə və dezinfeksiya işləri aparılmalı; - bazara daxil olan heyvanlar müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməli; - heyvanlar müvafiq təlimatlara uyğun identikləşdirilərək satışa çıxarılmalı; - ixtisaslı mütəxəssis tərəfindən nəzarət təmin olunmalı; - heyvanların daşınması müvafiq təlimatlara uyğun yerinə yetirilməli; - satış üçün bazarlarda uyğun şərait yaradılmalı; - baytar həkimin nəzarəti təmin edilməlidir. Respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb edir. Buna görə, bazarlarda dövlət baytarlıq nəzarətinin təmin edilməsi, müvafiq şəraitin və iş rejiminin formalaşdırılması vacibdir. Bazar rəhbərləri onlara təqdim olunan müvafiq təlimatlara əməl etməlidir. Qeyd edək ki, dünyanın bəzi ölkələrində, o cümlədən Türkiyədə xəstə heyvanların virusunun sürətlə yayılması səbəbilə heyvan bazarlarını bağlamaq qərarı verilib. Agentlik tərəfindən davam etdirilən müvafiq dövlət nəzarəti və tənzimlənməsi tədbirləri ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son informasiyaları təqdim edirik. Ötən həftə ərzində dünya üzrə blutanq, nodulyar dermatit və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub. Hazırda 16 xəstəlik üzrə 87 ölkədən məhsul idxalına müvəqqəti məhdudiyyət mövcuddur. Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “Azprotein Foods” MMC-nin sədri Vüsal Qafarlı heyvanlara baytarlıq nəzarətinin əhəmiyyətindən və bunun insan sağlamlığına təsirlərindən bəhs edir. “Fermadan süfrəyə” prinsipi üzrə izlənilmə sistemlərinin rəqəmsallaşdırılması heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, qarşısının alınmasına və məhsulun mənşəyinin tam şəffaf şəkildə izlənilməsinə şərait yaradır. Heyvanların identifikasiyası və qeydiyyatı sistemi vasitəsilə hər bir heyvana hansı vaksinlərin, baytarlıq preparatlarının tətbiq edildiyi və digər mühüm məlumatlar dəqiq şəkildə qeydə alınır və izlənir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq! Videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Litva Respublikasının Kaunas, Tauraq, Klayped, Mariyampol bölgələrində, İtaliya Respublikasının Trentino-Alto Adice regionunda, Rumıniyanın Sibiu bölgəsində, Belçika Krallığının Valoniya regionunda, Macarıstanın Zala bölgəsində blutanq xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Fermanah və Oma inzibati ərazilərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son informasiyaları təqdim edirik. Ötən həftə ərzində dünya üzrə blutanq, xırdabuynuzlu heyvanların çiçək və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub. Hazırda 16 xəstəlik üzrə 86 ölkədən məhsul idxalına müvəqqəti məhdudiyyət mövcuddur. Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
Giriş