Bayram süfrəsində istehlak olunmayan yeməklər israf edilməməsi üçün bəzən sonrakı günlərə saxlanılır. Mütəxəssislərin fikrincə, dəfələrlə qızdırılaraq bayat halda yeyilən yeməklər orqanizm üçün ciddi fəsadlara səbəb ola bilər. Yumurta, balıq, ət, toyuq, göbələk, mayonez və oxşar riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq süfrədə qalmamalıdır. Bu qidalar otaq temperaturunda, açıq şəkildə saxlanıldıqda və vaxtında soyuducuya yerləşdirilmədikdə, sonradan yenidən qızdırılıb istehlak edilməsi tövsiyə olunmur. Çünki düzgün saxlanma şəraiti olmadıqda yemək qalıqları mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli mühitə çevrilir. El arasında bayat plovun daha dadlı olması ilə bağlı fikirlər mövcuddur. Lakin bayat plovun yenidən isidilərək yeyilməsi sağlamlıq üçün təhlükə yarada bilər. Belə ki, düyü bişirildikdə belə “Bacillus cereus” bakteriyasının sporları sağ qala bilir. Plov düzgün bişirilmədikdə və ya uyğun şəraitdə saxlanılmadıqda bu bakteriyanın inkişafı üçün münbit şərait yaranır. Bakteriyalar tərəfindən sintez olunan toksinlər isə qida mənşəli xəstəliklərə, hətta qida zəhərlənməsinə səbəb ola bilər. Bu zaman şiddətli ürəkbulanma, qusma, bəzən isə qarın ağrısı kimi əlamətlər müşahidə olunur. Əksər hallarda insanlar yeməyin xarab olub-olmadığını qoxulamaq və ya dadmaqla müəyyən etməyə çalışırlar. Lakin qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar qidanın dadını və qoxusunu dəyişmədən belə çoxala bilir. Xüsusilə dəniz məhsulları, süd və süd məhsulları, tort və şirniyyatlar təhlükəli mikroorqanizmlərin və onların toksinlərinin daşıyıcısı hesab olunur. Buna görə də bu tip qidaların saxlanmasına və istehlakına xüsusi diqqət yetirilməsi vacibdir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Hind quşu əti insan sağlamlığı üçün çox faydalıdır. Onun tərkibində zülal, vitaminlər, faydalı yağlar, fermentlər və orqanizm üçün vacib olan makro və mikroelementlər var. Bu ət asan həzm olunur və bədən tərəfindən yaxşı mənimsənilir. Hind quşu ətinin 100 qramında yağlılıqdan asılı olaraq 110–176 kilokalori enerji var. Digər ət növləri ilə müqayisədə bu ətdə xolesterol azdır, bu da onu daha sağlam edir. Hind quşu əti qan azlığı (anemiya), damar sərtliyi (ateroskleroz) riskini azaltmağa kömək edir və immun sistemini gücləndirir. Allergiya yaratmadığı üçün körpələr üçün də təhlükəsiz hesab olunur. Diri hind quşu alarkən onun pipiyinə və ayaqlarına diqqət etmək lazımdır. Körpə hind quşunun pipiyi açıq rəngdə, ayaqları isə boz və hamar olmalıdır. Təzə kəsilmiş hind quşu ətinin dərisi ağ-sarımtıl rəngdə, elastik, qoxusu isə özünəməxsus olmalıdır. Hind quşu əti qida maddələri ilə zəngin olduğu üçün mikroblar üçün əlverişli mühit yarada bilər. Baytarlıq-sanitariya tələblərinə cavab verməyən şəraitdə kəsildikdə, saxlanılması və emalı zamanı sanitar-gigiyenik şərait pozulduqda hind quşu əti faydalı deyil, əksinə bizim üçün zərərli qidaya çevrilə bilər. Hind quşu əti mal qonşuluğu prinsipi gözlənməklə, soyuducuda 0–4°C temperaturda 72 saat, dərin dondurucuda isə -18°C-də 8 ay və daha uzun müddət saxlanıla bilər. Saxlanma zamanı digər qidalarla təmas etməməsinə diqqət yetirilməlidir.
Bayram günlərində müxtəlif və dadlı yeməklərin bolluğu bəzən düzgün qidalanma vərdişlərindən uzaqlaşmağa səbəb olur. Düzgün qidalanma orqanizmin həddindən artıq yüklənməsinin qarşısını alır və bayramdan sonra yarana biləcək narahatlıqları minimuma endirir. Bayram günləri istehlak edilən qidaların uyğunluğuna diqqət yetirilməsi tövsiyə olunur. Süfrədə həddən artıq yağlı, şirin və ağır qidaların miqdarı nəzarətdə saxlanılmalıdır. Qızartma əvəzinə sobada və ya buxarda bişirilmiş balıq və ət yeməklərinin seçilməsi daha sağlam olmaqla yanaşı, faydalı maddələrin qorunmasına da kömək edir. Bayram süfrələrində kalorili sousların, xüsusilə mayonezin əvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül və faydalı souslardan istifadə edilməsi məqsədəuyğundur. Eyni zamanda qazlı və şəkərli içkilərdən mümkün qədər uzaq durmaq, onların əvəzinə su, ayran və ya təbii meyvə içkilərinə üstünlük verilməsi tövsiyə olunur. Bayram günlərində sürətli şəkildə yemək ən çox rast gəlinən səhvlərdən biridir. Yeməklərin sakit, tələsmədən yeyilməsi və yaxşı çeynənilməsi həzmi asanlaşdırır və ümumi sağlamlıq üçün daha faydalı hesab olunur.
Bayram günlərində ən çox yol verdiyimiz səhvlərdən biri həddindən artıq qidalanmaqdır. Süfrələrin bol və çeşidli olması insanı normadan artıq yeməyə sövq edir ki, bu da mədə-bağırsaq sistemində ağırlaşma, köp, həzm pozğunluğu və ümumi narahatlıq yarada bilər. Bu cür fəsadların qarşısını almaq üçün qidalanmanın optimal rejiminə əməl etmək, porsiyalara diqqət yetirmək və müəyyən həddi gözləmək məqsədəuyğundur. Digər geniş yayılmış səhv müxtəlif qidaların uyğunluğuna fikir verilmədən qarışıq şəkildə istehlak edilməsidir. Zülal, karbohidrat və yağların bir-biri ilə düzgün uyğunlaşdırılmaması həzm prosesini çətinləşdirir və orqanizmdə ağırlıq hissinə səbəb olur. Buna görə də qidalar balanslı şəkildə seçilməlidir. Bayram süfrələrində qızardılmış və yağlı yeməklərə üstünlük verilməsi də sağlamlıq baxımından arzuolunan deyil. Bu cür yeməklər həzm sisteminə əlavə yük salır və artıq çəki riskini artırır. Əslində isə qızartmalar əvəzinə sobada və ya buğda bişirilmiş balıq və ət yeməklərinə üstünlük verilməsi həm daha sağlamdır, həm də qidaların faydalı maddələrinin qorunmasına imkan yaradır. Yüksək kalorili sousların, xüsusilə mayonezin artıq miqdarda istifadəsi də qidalanmada yol verilən səhvlərdəndir. Mayonez əvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül və faydalı souslardan istifadə edilməsi tövsiyə olunur. Bayram günlərində maye qəbuluna xüsusi diqqət yetirmək sağlamlıq baxımından olduqca vacibdir. Yemək vaxtı və ya dərhal sonra su içilməsi həzmi zəiflədə, qazlı və şəkərli içkilərin qəbulu isə mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Daha düzgün yanaşma suyu yeməkdən təxminən 30 dəqiqə əvvəl ilıq halda içmək, qazlı və şəkərli içkilərdən mümkün qədər uzaq durmaqdır.
Yeni il hədiyyə qutularının satışının artması ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara müraciət edib. Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. Bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixi olur. Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına diqqət yetirməsi tövsiyə olunur. Məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, adı, əmtəə nişanı, xalis çəkisi, qida dəyərliliyi, eləcə də istehsalçı müəssisənin adı və ünvanı aydın və oxunaqlı şəkildə göstərilməlidir. Sadalananlarla yanaşı, hədiyyə qutularının qablaşdırılmasının deformasiyaya uğramamasına, əzilməməsinə və korlanmamasına diqqət yetirilməlidir. Xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejimi qorunmadıqda tez xarab olan yoqurtlar, kremli qənnadı məhsulları və kəsmik içlikli məmulatların bu cür qutulara yerləşdirilməsi məqsədəuyğun deyil. Xahiş olunur ki, qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər. Maarifləndirici məlumat üçün linkə keçid edə bilərsiniz:
Hava dəyişdikcə bədənimiz əlavə dəstəyə ehtiyac duyur. Düzgün qidalanmaqla immun sisteminizi təbii yollarla gücləndirə bilərsiniz! Bəs nələri rasiona əlavə etməliyik? - Giləmeyvələr bədəni gümrah saxlayır. - Balıq immuniteti artırır, infeksiyalara qarşı müdafiəni gücləndirir. - Tünd yaşıl yarpaqlı tərəvəzlər hüceyrələri qoruyur. - Çərəzlər immuniteti balanslaşdırır. - Ədviyyatlar iltihabı azaldır. - Sitrus meyvələri C vitamini mənbəyidir. - Rəngli tərəvəzlər immuniteti gücləndirir. - Toyuq şorbası və sümük bulyonu iltihabı azaldır, bağırsaq divarını bərpa edir. - Probiotik qidalar bağırsaq mikroflorasını dəstəkləyir. Sağlam qalın, immunitetinizi təbii yollarla gücləndirin!
Qonşu ölkələrdən Azərbaycana miqrasiya edən Qəhvəyi mərmər bağacığının respublikanın Zaqatala-Balakən zonasında kütləvi şəkildə müşahidə edilməsi zərərvericinin biologiyasına uyğundur. Elmə əsaslanan faktlar göstərir ki, hazırkı payız dövründə qəhvəyi mərmər bağacığı fizioloji aktivliyini itirir, qidalanmır və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur. AQTA tərəfindən aparılan monitorinq və təhlillərə əsasən bildiririk ki, qapalı məkanlarda çoxlu sayda toplanması onun populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına gətirib çıxara bilər. Bu səbəbdən sahibkarların, fermerlərin və vətəndaşların öz evlərində və təsərrüfat sahələrində aktiv müşahidə aparmaları, zərərvericini fiziki üsullarla toplamaqla məhv etmələri xüsusilə vacibdir. Qida Təhlükəsizliyi Agentliyi və əlaqədar qurumların təmsil olunduğu Regional Əlaqələndirmə Mərkəzləri tərəfindən vəziyyət nəzarətdə saxlanılaraq müvafiq tədbirlər görülür. Lakin yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılmasının insan sağlamlığı üçün yarada biləcəyi riskləri nəzərə alaraq, vətəndaşların da mübarizə tədbirlərində yaxından iştirakı olduqca önəmlidir. Qəhvəyi mərmər bağacığının qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında mexaniki yolla (əl ilə toplayaraq məhv etmək) təmizləmə işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildiyi təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Bu üsul dünya praktikasında geniş istifadə olunur. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə də xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir. Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu zərərvericinin populyasiyasının qarşısını ala bilər.
Zoonoz xəstəliklər, yəni heyvanlardan insanlara keçə bilən infeksiyalar bu gün qlobal ictimai sağlamlıq üçün ən böyük risklərdən biri sayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) məlumatına görə, insanlarda müşahidə olunan yoluxucu xəstəliklərin təxminən 60%-i, həmçinin yeni yaranan və ya təkrar ortaya çıxan infeksiyaların 75%-i zoonoz mənşəlidir. Bu xəstəliklər təkcə insanlara deyil, həm də heyvanların sağlamlığına və kənd təsərrüfatı məhsuldarlığına ciddi zərbə vurur, iqtisadi itkilərə və ticarət məhdudiyyətlərinə səbəb olur. Ən çox yayılmış zoonoz xəstəliklər Beynəlxalq məlumatlara əsasən, həm insanlarda, həm də heyvanlarda aşağıdakı zoonoz xəstəliklər daha geniş yayılıb: • Bakterial mənşəli xəstəliklər (qarayara, bruselyoz, vərəm, salmonellyoz, kampilobakterioz, listerioz, leptospiroz); • Virus mənşəli xəstəliklər (quduzluq, quş qripi, Qərbi Nil qızdırması, COVID-19, Ebola); • Parazitar xəstəliklər (exinokokkoz, trixenellyoz, toksoplazmoz); • Göbələk mənşəli xəstəliklər (dermatomikoz, kandidoz və s.). Bu xəstəliklərə iri və xırdabuynuzlu heyvanlar, quşlar, it və pişiklər, həmçinin vəhşi heyvanlar arasında rast gəlinir. Xüsusilə qarayara və bruselyoz həm insanlar, həm də heyvanlar üçün yüksək risk daşıyır. Yoluxma yolları Zoonoz infeksiyalar müxtəlif yollarla yayıla bilər: • xəstə heyvanla birbaşa təmasla; • çirklənmiş qida və su vasitəsilə; • hava-damcı (aerogen) yolu ilə; • gənə, ağcaqanad kimi həşəratlar vasitəsilə. Ət və süd məhsullarının düzgün emal olunmaması, az bişmiş qidanın qəbulu və təsərrüfatlarda gigiyenik qaydalara əməl edilməməsi də insan yoluxmasının əsas səbəblərindəndir. Heyvan təsərrüfatlarında risklər və nəticələr Zoonoz xəstəliklər heyvanlar arasında yayıldıqda məhsuldarlıq azalır, tələf halları artır, ixrac məhdudiyyətləri yaranır. Məsələn, Avropa və ABŞ-da aparılan iqtisadi təhlillərə görə, yalnız qarayara və bruselyoz xəstəlikləri kənd təsərrüfatı sektoruna hər il milyonlarla dollar zərər vurur. Ekspertlər hesab edirlər ki, zoonoz xəstəliklərlə effektiv mübarizə yalnız “Vahid Sağlamlıq” (One Health) prinsipi əsasında mümkündür. Bu yanaşma insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə sıx bağlı olduğunu qəbul edir və bütün sahələrdə koordinasiyalı tədbirlər tələb edir. Profilaktik tədbirlər sırasında heyvanların vaxtında peyvəndlənməsi, biotəhlükəsizlik qaydalarına əməl olunması, qida təhlükəsizliyinə nəzarət, ictimai maarifləndirmə kampaniyaları xüsusi əhəmiyyət daşıyır. Zoonoz xəstəliklərə qarşı mübarizə yalnız baytarlıq deyil, həm də ictimai sağlamlıq məsələsidir. İnsan və heyvan sağlamlığı bir-birindən ayrılmazdır!
Göbələk sağlam qidalanma üçün əvəzsiz qida məhsullarından biridir. Bu məhsullar zülallar, aktiv fermentlər, bitki şəkərləri, vitaminlər, həmçinin selen, kalium, dəmir və sink kimi minerallarla zəngindir. Lakin, göbələklərin toplanmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, onlar insan həyatı üçün potensial təhlükə yaradır. İstehlakçılar göbələk alarkən mütləq diqqətli olmalıdırlar. Yeməli göbələyin içərisinə bir tək zəhərli göbələyin qarışması belə zəhərlənməyə yol aça bilir. Ona görə də yol kənarında, açıq satılan yox, qablaşdırılmış məhsullara üstünlük verilməlidir. Qablaşdırılmış məhsulu alarkən isə etiket məlumatları mütləq nəzərdən keçirilməlidir. Çünki yeməli göbələklər də bəzən zəhərlənməyə səbəb olur. Bu da məhsulun yararlılıq müddəti ötdükdə, düzgün şəraitdə saxlanmadıqda baş verir. Göbələyi xüsusən də polietilen torbada saxlamaq nəmlənməsinə, kiflənməsinə səbəb olur. Göbələkdən hazırlanmış salat və yeməklərin də düzgün saxlanması vacibdir. Tanış olmayan və şübhəli göbələklərin, həmçinin yol kənarında, sənaye müəssisələrinin yaxınlığında köhnə göbələklərin yığılmaması məsləhətdir. Eyni zamanda şəxsi gigiyena qaydalarına əməl edilməlidir. Bir məqamı da nəzərinizə çatdıraq ki, emal olunmamış məhsulun uzunmüddətli (üç saatdan çox) saxlanması, köhnəlmiş göbələklərin qidada istifadəsi və allergik reaksiyalara səbəb ola biləcəyini nəzərə alaraq göbələklərin spirtli içkilərlə birlikdə istehlakı tövsiyə olunmur. Göbələkdən zəhərlənməyə şübhə yarandığı halda dərhal həkimə müraciət etmək lazımdır.
Ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biridir. Amma yaxşı xəbər odur ki, gündəlik vərdişlərinizdə kiçik dəyişikliklərlə ürəyinizi qoruya bilərsiniz! - Ürəyinizi qorumağın 5 əsas yolu: - Siqareti tərgidin – risk ilk gündən azalır! - Müntəzəm hərəkət edin – gündə 30–60 dəqiqə aktivlik kifayətdir. - Sağlam qidalanın – meyvə, tərəvəz, paxlalı, balıq, tam taxıllar və faydalı yağlar. - Artıq çəki ürək üçün təhlükəlidir. - Keyfiyyətli yuxu – vaxtında və kifayət qədər yatın. Yadda saxlayın: Sağlam ürək sağlam vərdişlərdən başlayır!
Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, qəhvəyi rəngli, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilir. Zərərverici ilə mübarizə üsulları: - Payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılması məqsədilə Qəhvəyi mərmər bağacığının gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilir. Yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanır. - Yaşayış binalarında və mənzillərdə müxtəlif əşyaların arxa hissəsinə, həmçinin mühəndis qurğuların arakəsmələrinə xüsusi diqqət yetirilir. Aşkar olunduğu təqdirdə, süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilir. - Yaz və yay aylarında əkin sahələrində maksimum sayda meyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt səthi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı (aqreqasiya) feromon tələlər asılır. - Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir. AQTA tərəfindən qəhvəyi mərmər bağacığı ilə bağlı hazırlanan videoçarxı təqdim edirik:
Amerika ağ kəpənəyi respublika ərazisində məhdud dairədə yayılan, karantin tətbiq edilən zərərvericidir. Azərbaycanda Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonlarının bəzi ərazilərində rast gəlinir. İqlimə uyğun olaraq il ərzində bir neçə nəsil verə bilir. Zərərvericinin sürfələri yarpaq ayasının əsas toxuması ilə qidalanaraq bitkinin yaşıl kütləsinə ziyan vurur. Meyvə bitkilərinə vurduğu ziyan isə məhsul itkisi ilə nəticələnir. Üçüncü yaş mərhələsində olan sürfələr bir neçə yarpağı bir-birinə bağlayaraq tor yuvalar qurub, sürü halında yayılır və budaqdan budağa keçir. Beşinci yaş mərhələsindən etibarən sərbəst həyat tərzinə qayıdırlar. Azərbaycan şəraitində əsasən tut ağacına ziyan vurur. Amerika ağ kəpənəyinə qarşı aparılan fitosanitar tədbirlərin əsas məqsədi zərərvericinin sayını azaltmaqdır. Ən təhlükəsiz mübarizə üsulları park, yol kənarı və həyət sahələrində torlar olan budaqları kəsmək və yandırmaq, tırtılları mexaniki yolla məhv etməkdir. Zərərvericidən qorunmaq üçün payız və erkən yaz dövründə meyvə ağaclarının ölmüş qabıqlardan təmizlənməsi, gövdənin əhənglənməsi, bitki qalıqlarının toplanması və məhv edilməsi, meyvə bağlarında və həyətyanı sahələrdə isə ağacların çətirləri altında torpağın şumlanması işləri yerinə yetirilməlidir. Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınmasında hər kəsin iştirakı vacibdir. Zərərvericini mexaniki yolla məhv etmək mümkün olmadıqda, aidiyyəti qurumlara məlumat verilməsi xahiş olunur.
Giriş