Fındıqda aflatoksin təhlükəsi və mübarizə yolları
26 Dekabr 2023 15:48
Əlverişli iqlim şəraiti və münbit torpaq ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yüksək nəticələr əldə etməyə imkan verir. Mövcud resurslar yüksək keyfiyyətə malik, ixrac qabiliyyətli, yerli və xarici bazarlarda rəqabətə davamlı məhsul çeşidlərinin artırılmasına şərait yaradır. Bu baxımdan innovativ və müasir texnologiyaların tətbiqi yolu ilə fındıq istehsalında daha çox nailiyyətin əldə olunması mümkündür.
Tozağacıkimilər fəsiləsinə aid olan fındıq bitkisinin (Corylus avellana) 20-yə yaxın novü məlumdur. Fındığın tərkibində E vitamini, faydalı yağlar, zülal, qida lifləri var. Bu məhsul qanda xolesterinin miqdarını azaltmaq, həmçinin mədə-bağırsaq sistemi funksiyalarını, ürəyin fəaliyyətini yaxşılaşdırmaq kimi xüsusiyyətlərə malikdir. Eyni zamanda zəngin antioksidant tərkibi ilə hüceyrələrdə oksidləşmə prosesinin qarşısını alır. Fındığın meyvəsi ilə yanaşı, fosfor və kaliumla zəngin olan qabıq və yarpaqları da müalicə əhəmiyyətlidir.
Azərbaycan ərasizində qədim vaxtlardan mövcud olan fındıqçılıq tədricən kənd təsərrüfatının ən perspektivli sahələrindən birinə çevrilib. Hazırda ölkəmizdə fındığın Ata-baba, Yağlı fındıq, Gəncə fındığı, Xaçmaz, Qalib, Əşrəfi və gətirilmə Kudryaviç sortları geniş becərilir. Azərbaycanda fındıq əsasən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarında becərilir. Respublikamızdan Avropanın müxtəlif ölkələrinə, eləcə də Rusiya, Gürcüstan, Belarus, İsrail və Çinə fındıq ixrac olunur.
Budama, gübrələmə, suvarma, yığım, qurutma, daşıma və saxlanma proseslərini düzgün həyata keçirmədikdə qidalı maddələrlə zəngin olan və geniş istehlak edilən fındığın tərkibində Aspergillus flavus və Aspergillus parasiticus kimi kif göbələkləri əmələ gəlir. Bu göbələklər aflatoksin adı verilən xüsusi toksinlər ifraz edir. İsti və rütubətli iqlim şəraiti, 70%-dən çox nisbi rütubət, zərərvericilərlə sirayətlənmə, qurudulmanın düzgün həyata keçirilməməsi, torpaqla uzun müddət təmas, qurudulduqdan sonra torpaq, yarpaq, ot, qərzək kimi yad cisimlərdən təmizlənməməsi, kisələrə qaydalara uyğun şəkildə yığılmaması, düzgün saxlanılmaması kimi hallarda fındıqda aflatoksin yarana bilər.
Azərbaycan fındığı ilə bağlı bəzən ixrac zamanı keyfiyyətlə əlaqədar müəyyən problemlər yaranıb. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlamamışdan əvvəlki 2 il ərzində Avropa İttifaqı qanunvericiliyinə əsasən, insan sağlamlığı üçün birbaşa və ya dolayı yolla risk təşkil edən qida və yem məhsulları barədə qurumun “Qida və Yem məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi”ndə (RASFF) respublikamızdan Avropa İttifaqı ölkələrinə ixrac olunan fındıq məhsullarına dair 36 bildiriş yerləşdirilib. Nəticədə həmin ölkələr məhsulların idxalından imtina edib, Azərbaycan Respublikasından idxal olunan fındıq məhsullarının müayinə tezliyini artırıb. Agentlik fəaliyyətə başladıqdan sonra məhsulların qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsi zamanı nəzarət tədbirləri gücləndirilib və ölkəmizdən aflatoksinli məhsulların ixracının qarşısı alınıb. Fındıq məhsullarının ixracı, həmçinin monitorinq, yoxlama və digər nəzarət tədbirləri çərçivəsində götürülən nümunələrin müayinəsi zamanı bir sıra hallarda aflatoksinin miqdarının normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edildiyindən, fındıqda aflatoksin riskinin insan sağlamlığına zərərli olması ilə bağlı beynəlxalq elmi araşdırmaların nəticələri təhlil edilməklə risklərin elmi qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmənin nəticələri əsasında fındıqda aflatoksinin yaranmasının qarşısının alınması və azaldılması istiqamətində qabaqcıl beynəlxalq təcrübələrdə tətbiq edilən tənzimləmə tədbirlərinə uyğun olaraq, riskidarəetmə planı hazırlanıb. Bundan əlavə, 2019-2020-ci illərdə Agentliyin mütəxəssisləri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsi tərəfindən Şəki-Zaqatala bölgəsində fındıq məhsulunun ilkin istehsalından ixracına qədər zəncir boyu bütün mərhələləri təhlil edilib və tədqiqatlar aparılıb. Həmçinin fındıq istehsalı ilə məşğul olan sahibkarlar və fermerlərlə maarifləndirici görüşlər keçirilib, təlimatlar hazırlanıb və sahibkarlara təqdim edilib. Görülən işlərin nəticəsi olaraq, əvvəlki illərlə müqayisədə RASFF sistemində bildirişlərin sayında ciddi azalma müşahidə olunub.
Qeyd edək ki, Şəki-Zaqatala bölgəsində aparılan tədqiqatlar zamanı fındığın saxlanma şəraiti, həmçinin məhsullarda nəmliyin təyini, göbələklərin və aflatoksinin əmələ gəlmə prosesləri tədqiq olunub. Əldə edilən nəticəyə əsasən belə qənaətə gəlinib ki, fındıqda aflatoksinin yaranması fermerlərin və emal müəssisələrinin qaydalara düzgün əməl etməməsinin nəticəsidir. Becərilmə, yığım, tədarük, emal, saxlanılma və satış mərhələlərində qaydalara riayət edilsə, fındıqda aflatoksinin yaranmasının qarşısı alınmış olar.
Torpaq fındıq bitkisinin əkilməsi üçün uyğun olmalıdır. Əkilmə zamanı qrunt sularının səviyyəsi, məhsula təsir edən ətraf mühit amilləri (küləklə gətirilən və ya torpaqda olan çirkləndirci və tozlar), suvarma və digər məqsədlər üçün su təminatının olması nəzərə alınmalıdır. Torpaq göbələyin inkişafına şərait yaradan bitki və qalıqlardan təmizlənməli, insan və heyvan fəaliyyəti nəticəsində yaranan tullantıların utilizasiyası təmin edilməli, kif və ya digər göbələk sporlarının yayılmasına səbəb olan bağətrafı torpaqlar şumlanmalıdır. Eyni zamanda şaxtaya və yoluxmalara qarşı davamlı sortlar əkilməli, vegetasiya dövründən əvvəl ağaclar budanmalı, istifadəsinə icazə verilən müvafiq pestisidlərlə işlənməli, cərgə və bitkiarası məsafə göbələklərin inkişafını ləngidən havalandırılmanı təmin etməlidir.
Budama fındıq bağlarında məhsuldarlığa və keyfiyyətə birbaşa təsir göstərir. Payızda budama zamanı sıx və quru budaqlar kəsilməli, fındıq budaqlarının hər tərəfdən günəş işığından faydalanmasına və hava sirkulyasiyasının yaranmasına imkan yaradılmalıdır. Yazda budama zamanı isə zəif tumurcuqlanan və sərt hava şəraiti (külək, qar, dolu və s.) nəticəsində qırılmış budaqlar təmizlənərək bağlardan kənarlaşdırılmalıdır. Payız və yaz budaması müvafiq olaraq ilin oktyabr və fevral-mart aylarında aparılmalıdır. Bundan başqa, kollar arası məsafə sıx olmamalı, budama nəticəsində aralarda qalan yarpaq, budaq və digər qırıntılar təmizlənməlidir. Budama zamanı sağlam və məhsuldar gövdələrin zədələnməməsinə diqqət yetirilməlidir. Budamanın aparılmasının faydaları aşağıda qeyd edilib:
- Hamar və güclü tac əmələ gəlməsini təmin edir;
- Tozlanmanı artırır;
- Bitkilərin daha yaxşı işıqlanmasını və havalanması təmin olunur;
- Bitkilərin daha uzun müddət məhsuldarlıq dövründə qalmasına imkan verir;
- Bitkilər qısa müddətdə məhsul verir;
- Məhsul yığımı, xəstəlik və zərərvericilərə qarşı mübarizə və digər texniki işlər asanlaşır;
- Bitkilərin daha keyfiyyətli meyvə verməsini təmin edir;
- Məhsuldarlığı artırır.
Fındıq bağlarında gübrələmə işləri vaxtında və düzgün həyata keçirilməlidir. Gübrələmə prosesi bağlarda mart ayından başlayaraq, aprel və may aylarınadək davam edir. İyulun 2-ci həftəsində həm torpaq, həm də yarpaq nümunələri götürülərək analiz olunmalı və nəticəyə görə torpaqda çatışmayan elementə uyğun gübrələmə aparılmalıdır. Natamam, yalnız azotlu gübrə istifadəsi məhsuldarlığın aşağı düşməsinə və büzüşmüş fındıqların əmələ gəlməsinə səbəb olur. Belə ki, azot budaqların əmələ gəlməsinə, kalium meyvənin keyfiyyətinə, fosfor isə mayalanmaya təsir göstərir. Bundan əlavə, torpaqda mikroelementlərin çatışmazlığı da aradan qaldırılmalıdır. İstifadə ediləcək gübrənin növü, miqdarı, tətbiq zamanı və üsulu vacibdir. Çünki uyğun gübrələmə ilə fındıq dənələri iriləşir, daxili dolğunluq dərəcəsi artır, büzüşmə azalır, vahid sahədə məhsuldarlıq artır, bağlarda aflatoksinlə çirklənmə riski azalır.
Suvarılma prosesi iqlim şəraiti nəzərə alınmaqla, vaxtı-vaxtında aparılmalıdır. Belə ki, fındığın il ərzində orta su tələbatı iqlim şəraitindən asılı olaraq hər bölgə üçün fərqlilik təşkil edir. Müxtəlif bölgələr üzrə illik yağıntı miqdarının orta hesabla 700 mm ətrafında olduğunu söyləmək mümkündür. Bu ehtiyacın ən azı 500 mm-i qarşılanmırsa, əlavə suvarma tələb edilir. Xüsusilə iyun və iyul aylarında fındıq içinin dolması baş verdiyi üçün gübrələmə ilə yanaşı, suvarma da aparılmalıdır. Bu dövrdə hər suvarmada bir bitkiyə 40-50 l su verilməsi kifayət edir. Fındıq bağlarında tez-tez üstünlük verilən yeraltı damcı suvarma sistemi həm dərmanlama, həm də gübrələmə işlərinin yerin altında aparılmasına imkan verir. Bu baxımdan da bu əməliyyatlar üçün bağa hər hansı kənd təsərrüfatı texnikasının daxil olmasına ehtiyac qalmır. Yeraltı damcı suvarma sayəsində istehsalçılar sistem vasitəsilə gübrəni birbaşa bitki köklərinə ötürə bildikləri üçün həm homogen gübrə verə bilirlər, həm də artıq zəhmət çəkmirlər. Yaşıl hissələrin əmələ gəldiyi və fındıq içinin dolduğu vegetasiyadan sonrakı 5 həftəlik müddətdə aparılacaq gübrələmə və suvarma prosesləri məhsuldarlığa birbaşa təsir göstərir. Həmin dövrlərdə gübrələmə və suvarma miqdarlarına düzgün əməl edilməli, lazımi miqdarda su və gübrə verilməlidir.
Yığım dövrü fındıqda aflatoksinin qarşısını almaq üçün diqqət yetirilməli məqamlardan biridir. Əgər fındıq ağac silkələnərək yığılırsa, bu halda, məhsulun torpaqla təmasının qarşısı alınmalıdır. Bunun üçün ağacın altına örtük və ya brezent materiallar sərilməlidir. Fındıq qərzəyinin yaxşı saralıb qızarması və qəhvəyi rəngə çevrilməsi, fındığın qərzək içərisində hərəkət etməyə başlaması, sərt meyvə qabığının 3/4 hissəsinin qızararaq qırmızı rəng alması, fındıq ləpəsinin özünəməxsus sərtlik və dada malik olması, üzərində meyvələr yerləşən budaqların silkələndiyi zaman mövcud meyvələrin 3/4-nün budaqlardan tökülməsi yetişmə əlaməti hesab edilir. Tez və gec yetişən fındıqlar yetişdikcə, ayrı-ayrılıqda yığılmalıdır. Yerə tökülən fındıq tez bir zamanda toplanmalı, yarpaq, budaq, həşərat və kənar materiallardan təmizlənməlidir.
Qurutma prosesində məhsul qurudulmaq üçün nəzərdə tutulan sahəyə sərilməlidir. Bu zaman yağışdan qorumaq məqsədilə həmin sahənin üstündə ən azı 20-30 sm hündürlüyündə çardaq qurulmalıdır. Qərzəyindən ayrılmış fındıq 10 sm-dən artıq qalınlıqda döşənməməli, 3-4 saatdan bir qarışdırılmalı və ən qısa müddətdə qurudulmalıdır. Qurudulduqdan sonra partiyadan nümunələr seçilərək nəmlik səviyyəsinin yoxlanılması aparılmalıdır. Nəmliyi ölçmək üçün istifadə edilən avadanlıqların kalibrasiya olunduğuna əmin olmaq lazımdır. Qabıqlı fındıqda nəm miqdarının 12-%-dən, ləpələrdə isə 6-%-dən çox olmamasına diqqət yetirilməlidir. Ləpə qabığının soyulmasını və ayrılmasını asanlaşdırmaq üçün buxar və sulu məhlullar kimi ənənəvi üsullar istifadə edilərsə, aflatoksinlə çirklənmə təhlükəsini azaltmaq üçün qurutma maşınları mövcud olmalıdır.
Təmizlənmə mərhələsində isə fındıq əsas emal zonasından arakəsmələrlə ayrılmış ərazidə qabığından ayrılmalıdır. Emal zamanı müxtəlif məhsul partiyaları arasında aflatoksinlə çirklənmənin qarşısını almaq üçün müvafiq tədbirlər görülməli, izlənilmə, eləcə də təhlükəsizliyə və keyfiyyətə nəzarət təmin olunmalıdır. Fındığın qabığından ayrılması prosesi mümkün qədər tez həyata keçirilməlidir. Əgər bu prosesdə gecikmə yaranarsa, məhsul zərərvericilərdən, göbələklərdən, kimyəvi maddələrdən və ya mikrobioloji çirkləndiricilərdən, tullantı və tozdan qorunmanı təmin edən şəraitdə saxlanılmalıdır. Aşkar fekal çirklənmə, parazitlərlə yoluxma, çürümə əlamətləri və digər belə hallar varsa, məhsul emal edilməməlidir. Aflatoksinlə çirklənmə riski yüksək olduğuna görə, zədələnən və ya qərzəyindən vaxtından tez ayrılmış fındıq təmizlənərkən xüsusi ehtiyat tədbirləri görülməlidir. Emal zavodunun ərazisində qabığından ayrılma, çeşidləmə, hazırlıq, qurutma, saxlanılma sahələrində istifadə edilən avadanlıqlarda çirkləndirici materiallar olmamalıdır. Vizual (əl ilə) seçim və (və ya) elektron çeşidləmə texnologiyasından istifadə edilməlidir.
Daşınma zamanı istifadə edilən konteynerlərdə çatlar və deşiklər olmamalıdır. Əgər fərqli partiyalar birlikdə daşınarsa, onların identifikasiyası üçün bütün tədbirlər görülməlidir. Qurudulmuş məhsul kisələrə isti halda yığılmamalıdır. Bu proses səhər və ya axşam saatlarında həyata keçirilməlidir. Fındıq hava keçirən kisələrə yığılmalıdır. Kisələr hava axını nəzərə alınmaqla quru, təmiz və məhsul üçün yoluxma riski olmayan nəqliyyat vasitələri ilə anbarlara daşınmalıdır.
Aflatoksinin yaranmasına təsir göstərən əsas amillərdən biri də fındıqların anbarlarda düzgün saxlanılmamasıdır. Bu baxımdan saxlanma zamanı qurudulan fındıqlar qaydalara uyğun şəkildə anbarlarda saxlanılmalıdır. Anbarlarda hava axını, quruluq və sərinlik təmin edilməli, temperatur 0-10° C-ni, nəmlik 70%-i keçməməlidir. Anbarın döşəməsində taxta altlıqlar üzərinə 10 ədəd kisədən artıq qoyulmamalı və yığılmış kisələr arasında boşluq olmalıdır. Kisələr anbarın divarından 10 sm aralı yerləşdirilməlidir. Fındıq növlərinə və məhsulun yığım illərinə müvafiq olaraq ayrılmalı, kətan və ya brezent kisələrdə saxlanılmalıdır. Həşərat və böcəklərə qarşı müvafiq tədbirlər görülməlidir.
Göstərilən şərtlərə əməl edilmədiyi halda, aflatoksinin yaranması qaçılmaz olur. Nəticədə isə fındığın qidalılıq tərkibi, dadı və rəngi dəyişir, yağ miqdarı və çəkisi azalır, zülallar parçalanır, məhsuldan xoşagəlməz qoxu gəlir.
Aflatoksin insan orqanizminə çox az miqdarda daxil olsa belə, xroniki təsir göstərir. Orqanizmə kanserogen təsir edir, qaraciyərin xərçənginə səbəb ola bilər. Hepatit B xəstəliyi olan insanlarda qaraciyər xərçənginə yoluxma riskini ciddi şəkildə artırır, immun sistemini zəiflədir. Genotoksik təsir göstərərək ana bətnindəki körpənin qüsurlu doğulmasına səbəb olur. Qeyd edək ki, uşaqlar bədən çəkiləri az olduğu üçün böyüklərə nisbətən bu toksinə daha həssasdırlar. İnsanların aflatoksinə məruz qalması fındıqdan əlavə, aflatoksinlə çirklənmiş digər qidaların, o cümlədən, bu cür yemlərlə qidalanan heyvanlardan əldə edilən məhsulların istehlakı nəticəsində də baş verə bilər. Buna görə də aflatoksinlə çirklənmiş məhsullar heyvan yemi kimi istifadə edilməməlidir.
Aflatoksin miqdarı normadan yuxarı olan fındıq daxili və xarici ticarətə də mənfi təsir göstərir. Belə məhsulların satışı çətinləşir və nəticədə dəyəri aşağı düşür. Aflatoksin miqdarı yolverilən maksimum həddən yuxarı olmayan fındıq əldə etməklə, bu məhsulun istehsalını və satışını artırmaq mümkündür. Fındıqda aflatoksinin yaranmasının qarşısını almaq üçün isə fermerlər və emal müəssisələri məhsulun becərilməsi, yığımı, emalı, saxlanılması və satışı üzrə qaydalara düzgün əməl etməlidirlər. Bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi və nəzarət proqramlarının gücləndirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin Maarifləndirmə sektorunun böyük mütəxəssisi Tərlan Qorçiyeva tərəfindən hazırlanıb.
Oxşar xəbərlər
AQTA əməkdaşları Balakən əhalisi ilə birgə zərərvericiyə qarşı mübarizə tədbirləri həyata keçirirlər
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının və regional bölmələrinin əməkdaşları Balakən rayonunun kəndlərində Qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə tədbirlərini davam etdirirlər. Agentliyin Gəncə–Daşkəsən, Mərkəzi Aran, Quba–Xaçmaz, Lənkəran–Astara, Abşeron–Xızı və Şəki–Zaqatala regional bölmələrindən ezam olunan əməkdaşlar Balakən rayonunun Poştbinə və Çorçorbinə kəndlərində monitorinqlər aparıb və əhali ilə birgə mübarizə fəaliyyətləri həyata keçiriblər. Tədbirlər zamanı payız-qış mövsümündə zərərvericiyə qarşı görülən profilaktik tədbirlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, 300-dən çox bitki növü ilə qidalanan Qəhvəyi mərmər bağacığı payız aylarında fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu dövrdə zərərverici əsasən qışlama məqsədilə yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur. AQTA əməkdaşları sakinlərlə birlikdə 100-dən çox evdə zərərvericinin qışlama üçün gizləndiyi yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara məlumatlandırıcı çap materialları təqdim edilib. Yerli icra hakimiyyəti və icra nümayəndəlikləri də tədbirlərə dəstək göstəriblər. Görülən tədbirlər nəticəsində xeyli sayda zərərverici məhv edilib. Bildirilib ki, yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də zərərvericilərin mexaniki üsullarla toplanaraq məhv edilməsi xüsusilə vacibdir. Vurğulanıb ki, beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə geniş tətbiq olunur. Bu üsullara aldadıcı tələlər və süni yaradılmış qışlama sığınacaqları daxildir. Hazırkı qışlama dövründə mexaniki mübarizə tədbirlərinin həyata keçirilməsi zərərvericinin populyasiyasının azalmasına və növbəti mövsümdə onun yayılmasının qarşısının alınmasına mühüm töhfə verə bilər. Ən əsası bununla da bölgədə təsərrüfatlara dəyə biləcək iqtisadi itkiləri önləmək mümkündür.
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihənin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviq edilməsi, qida təhlükəsizliyi anlayışının təbliği və şagirdlərdə düzgün qida vərdişlərinin formalaşdırılmasıdır. Bu məqsədlə 2025–2026-cı tədris ili üzrə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 239 və 163 nömrəli tam orta məktəblərdə keçirilib. Tədbirlərdə hər iki məktəbdən ümumilikdə 800-dən çox şagird iştirak edib. Onlara Agentliyin fəaliyyət istiqamətləri, qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Süd məhsullarının faydaları” mövzusunda təqdimatlar keçirilib. Görüş zamanı mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və iştirakçılara sağlam qidalanma ilə bağlı maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Hər il layihə çərçivəsində ümumtəhsil müəssisələrində şagirdlərlə qida təhlükəsizliyi və sağlam qidalanma mövzularında müxtəlif görüşlər keçirilir. AQTA tərəfindən bu istiqamətdə tədbirlərin davamlı şəkildə təşkili nəzərdə tutulur.
AQTA və DİN birgə əməliyyat keçirib - 2 tona yaxın istehlaka yararsız ət məhsulu aşkarlanıb - VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən istehlakçı hüquqlarının qorunması, eləcə də təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədilə birgə əməliyyat keçirilib. Keçirilən növbəti əməliyyat zamanı Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb. Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar. Sexə baxış zamanı 2 tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub. Araşdırmalarla müəyyən edilib ki, E.Ağayev və digərləri xəstə, həmçinin artıq təsərrüfatda istifadəsi mümkün olmayan iribuynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Giriş