Qurban bayramı ilə bağlı hazırlıq işləri davam edir
29 Aprel 2025 17:10
6-7 iyun tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində aparılan tədbirlərin miqyasını genişləndirib.
Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə öncədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcək. Hazırda ölkə üzrə heyvan kəsimi və satışı məntəqələrində Agentlik tərəfindən monitorinqlər keçirilir. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq, qurbanlıq heyvanların kəsimi və satışı yerlərinin ünvanları yaxın günlərdə Agentliyin saytında (afsa.gov.az) yerləşdiriləcək və siyahı ictimaiyyətə açıqlanacaq. Bu ünvanlarda baytarlıq nəzarətindən keçmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq, heyvanların kəsimi isə baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə aparılacaq. Bununla yanaşı, vətəndaşların tələbatı nəzərə alınaraq bir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla, yerli icra orqanları tərəfindən səyyar heyvan kəsimi çadırlarının quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur.
Agentlik vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri heyvan kəsimini müqəddəs dini ayinlərlə yanaşı, müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır. Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.
Bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı halları ilə rastlaşdıqda, vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, eləcə də Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş