İnsulin dirənci, bədən hüceyrələrinin insulin hormonuna düzgün cavab verməməsidir. Sadə desək, bədən insulini düzgün işlədə bilmir və şəkər balansı pozulur. İnsulin dirənci zamanı düzgün qidalanma qaydalarına əməl etmək, xəstəliyin müalicəsində əhəmiyyətli rol oynayır. Qidalanmanı bir neçə istiqamətdə dəyişdirərək yaxşı nəticə almaq olar: • İlk növbədə iltihab əleyhinə pəhriz tövsiyə olunur. • Qan şəkərini qəfil yüksəltməyən qidalara üstünlük verilməlidir. • Yeməklərin arasında uzun müddətli fasilə faydalı ola bilər. Gündəlik kalori qəbuluna diqqət etməklə artıq çəkini azaltmaq da insulin dirəncinin müalicəsində olduqca önəmlidir. İnsulin dirənci zamanı tərəvəzlər, yumurta, balıq, toyuq, zeytun yağı, kefir, qatıq kimi qidalara daha çox üstünlük vermək tövsiyə olunur.
Yağlı qaraciyər – qaraciyər hüceyrələrində həddindən artıq yağ yığılması ilə xarakterizə olunan bir vəziyyətdir. Qaraciyərinizdə yağlanma problemi varsa, kalori qəbulunu məhdudlaşdırmaq və tədricən çəki itirmək qaraciyərdəki yağ miqdarını azaltmağa və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edə bilər.
Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə sahəsində çalışan sahibkarları qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. İlk növbədə dönər üçün istifadə olunan ət mütləq baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir. Dondurulmuş çiy dönərin donunun açıldığı andan bişirilməyə başlanmasına qədər olan müddət ərzində məhsulun saxlanması və daşınması +1°C ilə +4°C temperatur intervalında həyata keçirilməli və bu müddət ümumilikdə 8 saatdan artıq olmamalıdır. Qida məhsullarının hazırlanması, saxlanması və təqdimatı zamanı sanitar-gigiyenik normalara riayət edilməli, xüsusilə temperatur rejiminin qorunması təmin olunmalıdır. Qida bloku təmiz saxlanmalı, avadanlıqlar mütəmadi olaraq yuyulmalı və dezinfeksiya edilməlidir. Çarpaz çirklənmənin qarşısı alınmalıdır. Bunun üçün çiy və bişmiş məhsulların hazırlanma sahələri ayrılmalı, istifadə olunan alətlər və iş səthləri fərqləndirilməlidir. İşçi heyətin mütəmadi tibbi müayinələrdən keçməsi və şəxsi gigiyena qaydalarına əməl etməsi təmin edilməlidir. Satış zamanı bişmiş dönərin temperaturu 65°С-dən aşağı olmamalıdır. Dönərlə birlikdə təqdim olunan sousların, mayonezin və tərəvəzlərin saxlanma rejiminə ciddi nəzarət edilməlidir. Çiy dönər bişirilməyə başlandığı andan etibarən 12 saat ərzində istifadə edilməlidir. AQTA istehlakçılara da müraciət edərək dönər alarkən satış şəraitinə, məhsulun hazırlanma qaydasına və ümumi sanitar vəziyyətə diqqət etməyi tövsiyə edir. Dönər hazırlayan şəxslər mütləq şəkildə birdəfəlik əlcək, qoruyucu geyim və baş örtüyündən istifadə etməli, həmçinin çarpaz çirklənmənin qarşısının alınması üçün həmin əlcəklə pul, ödəniş kartı, kassa aparatı, post terminalı və digər bu kimi əşyalara toxunmasına yol verilməməlidir. Dönər məhsulu hazırlandığı andan etibarən 1 saat ərzində istehlak edilməlidir. İstehlakçılar ictimai iaşə obyektlərində bu məqamlara xüsusi diqqət yetirməli, hər hansı uyğunsuzluq və ya gigiyenik norma pozuntusu aşkar etdikdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verməlidirlər. Eyni zamanda, Agentlik tərəfindən hazırlanmış məlumatlandırıcı posterlər bütün dönər istehsalı və satışı ilə məşğul olan ictimai iaşə müəssisələrində istehlakçıların asan görəcəyi yerlərdə yerləşdirilməlidir. Qaydalara əməl olunmaması istehlakçı sağlamlığı üçün ciddi risklər yarada bilər. Daha ətraflı məlumatlar üçün videoçarxı izləyə bilərsiniz.
Qəhvəyi mərmər bağacığı nədir? - Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, rəngi qəhvəyi, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qəhvəyi mərmər bağacığının yayılması: - Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilir. Zərərverici ilə mübarizə tədbirləri - Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir. AQTA tərəfindən qəhvəyi mərmər bağacığı ilə bağlı hazırlanan videoçarxı təqdim edirik:
Sağlam həyat tərzinin bünövrəsini təşkil edən amillərdən birincisi balanslı qidalanmaqdır. Balanslı qidalanma orqanizmin normal fəaliyyət göstərməsi üçün yaşdan, cinsdən və fiziki aktivlikdən asılı olaraq, lazımi miqdarda yağ, zülal, karbohidrat, su, həmçinin vitamin və mineralların qəbulu deməkdir. İkinci vacib məsələ enerji dəyəri deyil, qida dəyəri yüksək olan məhsullara üstünlük verilməsi ilə bağlıdır. "Qida dəyəri" dedikdə, qidanın bizə verdiyi kalori deyil, tərkibindəki faydalı maddələr nəzərdə tutulur. Sağlam qidalanmanı şərtləndirən əsas amillərdən biri də insulinə nəzarət edilməsidir. Qənd, şəkər tozu, şirinləşdirilmiş içkilər, emal olunmuş qənnadı məmulatları kimi sadə karbohidratların qəbulu normadan artıq insulin ifrazını aktivləşdirməklə sağlamlığa mənfi təsir göstərə bilir. Bu da insulinə davamlılığın yaranması üçün risk faktorlarından biri hesab edilir. Daha ətraflı məlumatlar üçün videoçarxı izləyə bilərsiniz.
Diabet xəstələrinin qidalanmasında diqqət edilməsi vacib olan əsas məqam qan şəkərini sabit saxlamaq və kəskin dəyişikliklərin qarşısını almaqdır. Bu məqsədlə sadə karbohidratlardan uzaq durmaq, liflə zəngin qidalara üstünlük vermək lazımdır. Şəkər xəstələrinin qidalanma şərtləri: - Karbohidrat qəbulunu nəzarətdə saxlayın; - Doymuş yağ qəbulunu azaldın; - Şirin içkilərdən uzaq durun; - Duz istehlakını 2300 mg-a salın; - Spirtli içkilər istehlak etməyin. Unutmayın: Şəkər xəstələri fiziki aktivliklə məşğul olmalı, vaxtında və balanslı şəkildə qidalanmalıdırlar. Mövzu ilə bağlı hazırlanan videoçarxı təqdim edirik:
Hipertoniya ilə mübarizədə natriumun, yəni duzun gündəlik istehlak miqdarına nəzarət xüsusi əhəmiyyət daşıyır. Hipertoniya xəstələri gündəlik həyatda bir neçə qaydaya əməl etməklə duz istehlakını azalda bilər. - Yeməkləri dadlandırmaq üçün duz əvəzinə sumax, kəklikotu, sarımsaq tozu, sarıkök, reyhan qurusu kimi ədviyyatlardan istifadə edə bilərsiniz; - Konservləşdirilmiş, hisə verilmiş, duzlanmış, sosiska, kolbasa kimi emal olunmuş qidalardan imtina etmək tövsiyyə olunur; - Məhsul alarkən, etiket məlumatlarına diqqət edin, daha az duzlu olanlara üstünlük vermək məsləhət görülür; - Yeməklərin dadına baxmadan duz əlavə etmək gündəlik natrium istehlakını artıra bilər. Unutmayın: Hipertoniya xəstələri üçün gündəlik natrium qəbulu 1500 mg-dan az olmalıdır. 1 çay qaşığı adi duz 2000 mg natriuma bərabərdir. AQTA tərəfindən mövzu ilə bağlı hazırlanan videoçarxı təqdim edirik:
Qida mənşəli xəstəliklər dünya miqyasında insan sağlamlığı üçün əsas problemlərdən biri hesab edilir. Bu xəstəliklər müxtəlif növ bakteriyalar, viruslar, parazitlər və ya kimyəvi maddələrlə çirklənmiş qida məhsullarının istehlakı nəticəsində meydana gəlir. Qida məhsullarının gigiyena qaydalarına riayət edilmədən hazırlanması, bişirilməsi və daha sonra bu məhsulların istehlak olunması qida zəhərlənmələrinin əsas səbəbi hesab edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan qida zəhərlənmələrinə dair videoçarxda, həmçinin qida mənşəli xəstəliklərin qarşısının alınması üçün hər bir şəxsin riayət etməli olduğu əsas prinsipləri ehtiva edən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunan 5 Qızıl Qayda barədə ətraflı məlumat verilib. Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində təmizliyə riayət edilməli, məhsullar yaxşı bişirilməli, çiy və bişmiş məhsullar bir-birindən ayrı saxlanmalı, məhsullar təhlükəsiz mühitdə olmalı, təhlükəsiz su və xammallardan istifadə edilməlidir. Qeyd edək ki, sahibkarlıq subyektləri və istehlakçılar bu videoçarx vasitəsilə qida zəhərlənmələri və belə halların baş verməməsi üçün zəruri olan məsələlər barədə ətraflı məlumat əldə edə bilələrlər:
Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir. Bu dövrdə temperatur yüksək olur və bu da bakteriyaların daha sürətli çoxalmasına şərait yaradır. Nəticədə qidalar tez xarab ola və zəhərlənmə riski yarana bilər. Bunun səbəbi isə qida ilə düzgün davranmamaq, sanitar-gigiyenik qaydalara əməl etməməkdir. Zəhərlənmə riskini azaltmaq üçün hansı qaydalara riayət etməliyik? Azərbaycan Qida Təhlükəsizlyi Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanan qida zəhərlənmələrinə dair videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Mononatrium qlütamat qlütamin turşusunun natrium duzu olub, dad və qoxunu gücləndirən qida əlavəsidir. Bu maddənin həm sənaye üsulu ilə istehsal olunan məhsullarda, həm də ictimai iaşə müəssisələrində geniş şəkildə istifadə olunduğu məlumdur. Bəzi elmi araşdırmalar göstərir ki, mononatrium qlütamatın normadan artıq və nəzarətsiz istifadəsi insan sağlamlığına mənfi təsir göstərə bilər. Bu səbəbdən onun istehlak miqdarı bir sıra beynəlxalq qurumlar tərəfindən qiymətləndirilib. Bu maddə üçün maksimum miqdar 10 q/kq olaraq müəyyən edilib. Lakin körpələr və uşaqlar üçün nəzərdə tutulmuş məhsullarda bu maddənin istifadəsi yolverilməzdir. Qida əlavələrinə nəzarət məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi monitorinqlər aparılır. Sahibkarlıq subyektlərinin müəyyən olunmuş tələblərə riayət etməsi, istehlakçıların sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. AQTA sahibkarları mövcud qaydalara ciddi riayət etməyə dəvət edir.
Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlıq subyektləri məhsul partiyalarını ixraca hazırlayarkən beynəlxalq standartların tələblərinə ciddi əməl etməlidirlər. Xüsusilə qablaşdırma və etiketlənmə zamanı yolverilən səhvlər ixrac prosesinin ləngiməsi, hətta məhsulun geri qaytarılması ilə nəticələnə bilər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əkbər Əliyev sahibkarlara müraciət edərək, ixracla bağlı bir sıra mühüm məqamları diqqətə çatdırıb. O, bildirib ki, sahibkarlıq subyekləri öz məhsullarını ixraca hazırlayarkən yalnız beynəlxalq standartların deyil, həmçinin idxalçı ölkələrin qablaşdırma və etiketlənmə tələblərini nəzərə almalı və ixrac partiyalarını ona uyğun şəkildə hazırlamalıdırlar. Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:
Bu video sizə heyvanların qeydiyyatının arxasında duran əsas səbəbləri, onun həm heyvan sahibləri, həm də cəmiyyət üçün faydalarını izah edir. Sağlamlıq və təhlükəsizlik Zoonoz xəstəliklərin qarşısının alınması Qanuni məsuliyyət və nəzarət Qeydiyyat – yalnız prosedur deyil, məsuliyyətli və düşüncəli münasibətin göstəricisidir. Daha ətraflı məlumat üçün videonu izləyin
Giriş