Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Qida məhsulları ilə təmasda olan material və məmulatlarla bağlı sahibkarlarla görüş keçirilib
Qida məhsulları ilə təmasda olan material və məmulatlarla bağlı sahibkarlarla görüş keçirilib

2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minəcək “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” ilə bağlı sahibkarların maarifləndirilməsi məqsədilə onlayn formatda görüş təşkil olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 20 may tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri görüş iştirakçılarının diqqətinə çatdırılıb. Xüsusilə kağız, metal və şüşə əsaslı material və məmulatlara, habelə onların etiketlənməsinə, sözügedən məhsulların istehsalına dair xüsusi tələblər izah edilib. Qaydalara əsasən, qida məhsulları ilə təmasda olan material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli, habelə qida məhsulunun orqanoleptik (rəng, qoxu və s.) xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır.  Sahibkarların nəzərinə çatdırılıb ki, sözügedən Qaydaların tələblərinə əməl olunması bu sahədə keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsi işinə ciddi töhfə verəcək.  Görüş zamanı sahibkarların sualları cavablandırılıb, səsləndirilən təkliflərlə bağlı müvafiq dəstəyin göstərilməsi üçün AQTA-nın aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilib.

AQTA qida və yem məhsullarının izlənilməsi ilə bağlı məlumat yayıb
AQTA qida və yem məhsullarının izlənilməsi ilə bağlı məlumat yayıb

Məlum olduğu kimi, qida təhlükəsizliyinin təmin olunmasında məhsulların istehsal mərhələsindən son istehlakadək hərəkətinin izlənilməsi mühüm rol oynayır. Bildiririk ki, məhsulların mənşəyinin və hərəkət zəncirinin qeydə alınmaması, qida mənşəli risklərin vaxtında aşkarlanmasına, habelə istehlakçıların qida və yem məhsulu ilə bağlı dolğun və dəqiq məlumatlar əldə etməsinə maneə yaradır. Bu səbəbdən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya özlərinin təchiz etdiyi digər subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdırlar. Belə ki, qida subyektləri fəaliyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 aprel tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası”na uyğun təşkil etməlidirlər. Qeyd edək ki, sahibkarlar bu sahədə çalışan əməkdaşların maarifləndirilməsini və izlənilə bilmə sistemlərinin qurulmasını müvafiq ixtisasa malik mütəxəssislər vasitəsilə özləri həyata keçirə və ya bu məqsədlə ixtisaslaşmış müəssisələrə müraciət edə bilərlər.

AQTA qida məhsulları ilə təmasda olan material və məmulatlarla bağlı sahibkarlara müraciət edib
AQTA qida məhsulları ilə təmasda olan material və məmulatlarla bağlı sahibkarlara müraciət edib

Məlum olduğu kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 20 may tarixli 56 nömrəli Qərarı ilə “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilib.  Bu Qaydalar insan həyat və sağlamlığını, eləcə də istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası mərhələlərində istifadə olunan qida məhsulları ilə təmasda olan material və məmulatlara dair tələbləri müəyyənləşdirir. Eyni zamanda ölkədə istehsal və emal edilən, habelə Nazirlər Kabinetinin 2023-cü il 4 aprel tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı”nda göstərilən material və məmulatları əhatə edir.  Qaydalara əsasən, qida məhsulları ilə təmasda olan material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli, habelə qida məhsulunun orqanoleptik (rəng, qoxu və s.) xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır.  Bundan əlavə, Qaydalarda müxtəlif növ, o cümlədən kağız, metal və şüşə əsaslı material və məmulatlara, habelə onların etiketlənməsinə dair xüsusi tələblər əksini tapıb, sözügedən məhsulların istehsalı ilə bağlı bəzi məhdudiyyətlər müəyyyən edilib. Qida məhsullarının qablaşdırılmasında istifadə olunan material və məmulatların istehsalı zamanı sözügedən Qaydaların tələblərinə əməl olunması bu sahədə keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsi işinə ciddi töhfə verəcək.  Məlumat üçün qeyd edirik ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.8-ci maddəsində “Qida təhlükəsizliyi haqqında”  Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab verməyən qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər üçün müəyyən məbləğlərdə cərimələr nəzərdə tutulub.  Nəzərinizə çatdırırıq ki, Qaydalar 2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minir. Qaydalarla aşağıdakı link vasitəsi ilə yaxından tanış ola bilərsiniz: https://e-qanun.az/framework/59853

Qida obyektlərində təmizləmə və dezinfeksiya tədbirləri xüsusi əhəmiyyət daşıyır
Qida obyektlərində təmizləmə və dezinfeksiya tədbirləri xüsusi əhəmiyyət daşıyır

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 3 noyabr 2020-ci il tarixli, 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a əsasən, qida zəncirinin bütün mərhələlərində — ilkin istehsal, tədarük, emal, qablaşdırma, saxlanma, daşınma, dövriyyə (o cümlədən idxal və ixrac), ictimai iaşə və xidmət sahələrində istifadə, utilizasiya və məhv edilmə proseslərində — gigiyenik normalara ciddi şəkildə riayət olunmalıdır. Qida obyektlərinə dair ümumi gigiyena tələbləri qida məhsullarının təhlükəsiz şəkildə istehsalı, emal və dövriyyəsi üçün zəruri sanitar-gigiyenik şəraitin yaradılması və bu şəraitin davamlılığının təmin edilməsi məqsədi daşıyır. Qida obyektlərində gigiyena tələbləri çərçivəsində istifadə olunan avadanlıqlara, qida məhsullarının təhlükəsiz istifadəsinə, onların qablaşdırılması və etiketlənməsinə, daşınması və saxlanmasına, işçi heyət və şəxsi gigiyena qaydalarına, eləcə də qida tullantılarının idarə olunmasına dair əsas prinsiplər və tələblər öz əksini tapıb. Bu tələblər çərçivəsində təmizləmə və dezinfeksiya tədbirləri xüsusi əhəmiyyət daşıyır. Qida obyektlərində bütün sahələr, o cümlədən təmizləyici avadanlıqlar gigiyenik normalara uyğun şəkildə təmizlənməli, təmizləmə və dezinfeksiya proqramları hazırlanmalı, onların effektivliyi daimi nəzarətdə saxlanmalı və sənədləşdirilməlidir. Belə ki: Təmizlənəcək və ya dezinfeksiya ediləcək sahələr, avadanlıqlar və qab-qacaq dəqiq şəkildə müəyyənləşdirilməli; Hər bir təmizlik tapşırığına cavabdeh şəxslər təyin edilməli; Təmizləmə və dezinfeksiya üsulları, həmçinin onların tətbiq tezliyi müəyyən edilməli; Yerinə yetirilən tədbirlərin effektivliyinə nəzarət mexanizmləri mövcud olmalıdır. Agentlik bir daha xatırladır ki, sahibkarlıq subyektləri tərəfindən bu tələblərə əməl edilməsi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçıların sağlamlığının qorunması baxımından olduqca önəmlidir. Bu tələblərin yerinə yetirilməməsi qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət yaradır.

Qida məhsullarının etiketlərində allergenlərin düzgün göstərilməsi istehlakçı təhlükəsizliyinin əsas təminatçısıdır
Qida məhsullarının etiketlərində allergenlərin düzgün göstərilməsi istehlakçı təhlükəsizliyinin əsas təminatçısıdır

Müasir dövrdə geniş yayılmış allergik xəstəliklərin yaranmasına digər faktorlarla yanaşı, qidalar da təsir göstərir. Hazırda dünya əhalisinin 2.5%-i qida allergiyasından əziyyət çəkir. Qida allergiyası tərkibində allergenlər olan məhsulların istehlakı zamanı immun sisteminin spesifik reaksiyası nəticəsində yaranır və bu reaksiya, adətən, immunoqlobulin E (IgE) anticisimlərin iştirakı ilə müşahidə olunur. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, istehlakçılara təqdim olunan bütün qida məhsulları barədə – onların tərkibi, miqdarı, enerji və qida dəyəri, saxlanma şəraiti, mənşəyi, istehsal tarixi, yararlılıq müddəti və xüsusilə, tərkibində mövcud olan allergen maddələr barədə dolğun və şəffaf məlumat verilməlidir. Etiketləmə zamanı bu məlumatlar dəqiq, aydın və istehlakçılar üçün başa düşülən formada təqdim olunmalıdır. Məqsəd isə istehlakçının məlumatlı və təhlükəsiz seçim etməsinə şərait yaratmaqdır. Qanunvericiliyə əsasən, qida məhsullarının tərkibində olduğu halda aşağıdakı allergenlər etiketdə mütləq göstərilməlidir: Qlüten ehtiva edən taxıllar (buğda, arpa, çovdar, yulaf və onların hibrid növləri); Xərçəngkimilər; Mollyusklar; Yumurta; Balıq; Yer fındığı; Soya;   Süd və süd məhsulları (laktoza daxil olmaqla); Qərzəkli meyvələr (badam, fındıq, qoz, keşyu, pekan, Braziliya qozu, fıstıq, makadamiya); Kərəviz; Xardal; Küncüt; Kükürd dioksid və sulfitlər; Acıpaxla. Həmçinin bu maddələrdən əldə edilən məhsullar da ayrıca qeyd olunmalıdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və ictimai sağlamlığın təmin olunması məqsədilə nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib