Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin və DİN-in Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Balasoltanlı postunda Mehdi Mirzəcanlıya məxsus 77-QY-119 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobildə antisanitar şəraitdə daşınan 130 kq heyvan əti aşkarlayıb. Baxış zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, həmçinin qaraldığı müəyyən edilib. Mirzəliyev Qurban Əhmədalı oğlu izahatında heyvanı yoncadan köpdüyü üçün kəsdiyini və Mehdi Mirzəcanlının maşını ilə Laçın rayonundan Füzuli rayonu, Fin qəsəbəsinə göndərdiyini bildirib. Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və istehlaka yararsız ət soyuducu anbarda saxlanca yerləşdirilib. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cari ildə keçirilən növbəti monitorinq çərçivəsində pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan yerli istehsallı dondurma məhsullarından ümumilikdə 50 nümunə götürülərək müayinə üçün müvafiq laboratoriyalara təqdim edilib. Sınaq nəticələrinə əsasən, nümunələrdə təhlükəsizlik göstəriciləri üzrə hər hansı uyğunsuzluq aşkarlanmayıb. Qeyd edək ki, xaricdən gətirilən dondurma məhsulları isə ölkənin gömrük ərazisinə daxil olarkən riskəsaslı nəzarətə cəlb olunur. Yalnız sınaq nəticələri uyğun çıxan məhsulların dövriyyəsinə icazə verilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, Ələt-Astara magistral avtomobil yolunun 114-cü km-də fəaliyyət göstərən, fiziki şəxs Ağayev Vəkil Mikayıl oğluna məxsus “Öz Məkan“ kafesində yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və kafenin manqal sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin və DİN-in Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Əsgəran postunda Xaspoladzadə Şəmsi Rafayıl oğluna məxsus 90 HV 895 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobildə təxmini çəkisi 120 kq iribuynuzlu heyvan cəmdəyi aşkarlayıb. Baxış zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, həmçinin antisanitar şəraitdə daşındığı müəyyən edilib. Xaspoladzadə Şəmsi Rafayıl oğlu izahatında ətin Laçın rayonunun Narışlar kəndində Abbasov Rizvan Əvəz oğlu tərəfindən kəsildiyini və onun sifarişi ilə Ağcabədi rayonuna apardığını bildirib. Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub və istehlaka yararsız ət soyuducu anbarda saxlanca yerləşdirilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Araşdırmalar davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi 107 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyev Elnur Tahir oğluna məxsus suşi emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı emal müəssisəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının antisanitar vəziyyətdə emal edildiyi, saxlanma temperaturuna əməl edilmədiyi və etiketlənmə tələblərinin pozulduğu, həmçinin qida məhsulları ilə təmasda olan materialların müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri, Bakı-Qazax şosesi 157-ci km ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəsulov Vəlxan Burxan oğluna məxsus “Vəlxan” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati tədbir görülüb.
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası və süd emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirib. Onlayn formatda keçirilən görüşdə süd emalı müəssisələrində aparılan nəzarət tədbirləri zamanı aşkarlanan nöqsanlar, eləcə də çiy süddə Aflatoksin M1 üzrə uyğunsuzluqlar, onun yaranma səbəbləri və qarşısının alınması üçün görülməli olan qabaqlayıcı tədbirlər sahibkarların nəzərinə çatdırılıb. Eyni zamanda süd emalı müəssisələrinə dair mövcud tələblər, onların qida təhlükəsizliyi qeydiyyatına alınmasının vacibliyi vurğulanıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Əliyeva Cəmilə Əli qızına məxsus “Hacıoğlu” marketdə keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə istifadə müddəti bitmiş ümumi çəkisi 49 kq müxtəlif növ qida məhsulu müəyyən edilib, həmçinin satışda olan yağ məhsullarının saxlanma temperaturuna əməl olunmadığı aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome” bazarında yerləşən “Keşlə” bazarında yoxlama keçirib. Baxış zamanı balıq məhsullarının emalı sahəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperatur rejiminə əməl edilmədən balıq məhsullarının soyuducudan kənarda saxlanılaraq satışa çıxarıldığı müəyyən edilib. Eyni zamanda çəlləklərdə duzlaşdırılaraq antisanitar şəraitdə emal olunan kəskin qoxulu, həşəratlarla sirayətlənmiş ümumi çəkisi 740 kq istehlaka yararsız balıq məhsulu aşkarlanıb. Faktla bağlı istehlaka yararsız balıq məhsullarının satışının qadağan edilməsi və məhv olunmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, nöqsanlar aradan qaldırılanadək balıq məhsullarının emalı sahəsinin fəaliyyəti dayandırılıb, inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası və Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə birgə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı bazarlarının rəhbərləri ilə görüş keçirib. Onlayn formatda keçirilən görüşdə sahibkarlar bazarlarda satışa çıxarılan heyvandarlıq məhsullarına baytarlıq nəzarətinin təmin edilməsinə dair təlimat barədə məlumatlandırılıb. Eyni zamanda heyvan mənşəli məhsulların etiketlənməsi və qablaşdırılması ilə bağlı tələblər görüş iştirakçılarının diqqətinə çatdırılıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Həsənəliyev Seyfulla Rəvxan oğluna məxsus su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, müəssisədə emal prosesində istifadə olunan filtrlər dəyişdirilmir və ya təmizlənmir, ehtiyat su çəni təmizlənmir. Laborator müayinələrin aparılması məqsədilə götürülmüş su nümunələrində koliform bakteriyaları, ümumi mikroorqanizmlərin sayının normadan çox olduğu aşkarlanıb, həmçinin kalsium, maqnezium, sulfat ionlarının miqdarının, ümumi codluğun, pH göstəricisinin etiket məlumatlarında qeyd olunan miqdarla uyğunluq təşkil etmədiyi müəyyən olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Q.B.Zakir küçəsində fəaliyyət göstərən Hüseynzadə Fərid İlham oğluna məxsus “Maqnoliya” restoranında yoxlama keçirib. Baxış zamanı restoranda mənşəyi məlum olmayan pendir, müşayiətedici sənədləri olmayan süd məhsulları aşkarlanıb. Eyni zamanda sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Giriş