Daxil olmuş müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Digah kəndində fəaliyyət göstərən fiziki şəxs Valeh İsa Raqif oğluna məxsus meyvə-tərəvəzin konservləşdirilməsi sexində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, konservləşdirilmiş tərəvəz turşularının üzərində etiket məlumatlarının mövcud olmadığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssiənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən ticarət və satış şəbəkələrində monitorinqlər keçirir. Baxış zamanı müxtəlif çeşiddə qablaşdırılmış içməli suların bəzi market və satış şəbəkələrinin qarşısında açıq hava şəraitində temperatur rejiminə riayət edilmədən, birbaşa günəş şüaları altında, yerdən məsafə gözlənilmədən saxlanıldığı müşahidə olunub. Nöqsanların dərhal aradan qaldırılması ilə bağlı göstərişlər verilir. Məhsulların etiket məlumatlarında qeyd edildiyi kimi, günəş şüalarından qorunan, sərin yerdə, divar və döşəmədən məsafə gözlənilərək, temperatur rejiminə riayət olunaraq saxlanılması təmin edilir. Həmçinin sahibkarlarla maarifləndirici söhbətlər aparılır, qanunvericiliyin tələbləri izah olunur. Monitorinqlər hazırda davam etdirilir. Qeyd olunan nöqsanlar aşkar edildiyi təqdirdə həmin sahibkarlar barəsində inzibati xətalar məcəlləsinə uyğun tədbirlər görüləcəkdir. İstehlakçılardan xahiş edirik ki, bu sahədə rastlaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin 1003 - qaynar xəttinə zəng edərək və ya “E-Qidam” mobil tətbiqi ilə məlumat versinlər.
Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə sahəsində çalışan sahibkarları qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. İlk növbədə dönər üçün istifadə olunan ət mütləq baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir. Dondurulmuş çiy dönərin donunun açıldığı andan bişirilməyə başlanmasına qədər olan müddət ərzində məhsulun saxlanması və daşınması +1°C ilə +4°C temperatur intervalında həyata keçirilməli və bu müddət ümumilikdə 8 saatdan artıq olmamalıdır. Qida məhsullarının hazırlanması, saxlanması və təqdimatı zamanı sanitar-gigiyenik normalara riayət edilməli, xüsusilə temperatur rejiminin qorunması təmin olunmalıdır. Qida bloku təmiz saxlanmalı, avadanlıqlar mütəmadi olaraq yuyulmalı və dezinfeksiya edilməlidir. Çarpaz çirklənmənin qarşısı alınmalıdır. Bunun üçün çiy və bişmiş məhsulların hazırlanma sahələri ayrılmalı, istifadə olunan alətlər və iş səthləri fərqləndirilməlidir. İşçi heyətin mütəmadi tibbi müayinələrdən keçməsi və şəxsi gigiyena qaydalarına əməl etməsi təmin edilməlidir. Satış zamanı bişmiş dönərin temperaturu 65°С-dən aşağı olmamalıdır. Dönərlə birlikdə təqdim olunan sousların, mayonezin və tərəvəzlərin saxlanma rejiminə ciddi nəzarət edilməlidir. Çiy dönər bişirilməyə başlandığı andan etibarən 12 saat ərzində istifadə edilməlidir. AQTA istehlakçılara da müraciət edərək dönər alarkən satış şəraitinə, məhsulun hazırlanma qaydasına və ümumi sanitar vəziyyətə diqqət etməyi tövsiyə edir. Dönər hazırlayan şəxslər mütləq şəkildə birdəfəlik əlcək, qoruyucu geyim və baş örtüyündən istifadə etməli, həmçinin çarpaz çirklənmənin qarşısının alınması üçün həmin əlcəklə pul, ödəniş kartı, kassa aparatı, post terminalı və digər bu kimi əşyalara toxunmasına yol verilməməlidir. Dönər məhsulu hazırlandığı andan etibarən 1 saat ərzində istehlak edilməlidir. İstehlakçılar ictimai iaşə obyektlərində bu məqamlara xüsusi diqqət yetirməli, hər hansı uyğunsuzluq və ya gigiyenik norma pozuntusu aşkar etdikdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verməlidirlər. Eyni zamanda, Agentlik tərəfindən hazırlanmış məlumatlandırıcı posterlər bütün dönər istehsalı və satışı ilə məşğul olan ictimai iaşə müəssisələrində istehlakçıların asan görəcəyi yerlərdə yerləşdirilməlidir. Qaydalara əməl olunmaması istehlakçı sağlamlığı üçün ciddi risklər yarada bilər. Daha ətraflı məlumatlar üçün videoçarxı izləyə bilərsiniz.
Sağlam həyat tərzinin bünövrəsini təşkil edən amillərdən birincisi balanslı qidalanmaqdır. Balanslı qidalanma orqanizmin normal fəaliyyət göstərməsi üçün yaşdan, cinsdən və fiziki aktivlikdən asılı olaraq, lazımi miqdarda yağ, zülal, karbohidrat, su, həmçinin vitamin və mineralların qəbulu deməkdir. İkinci vacib məsələ enerji dəyəri deyil, qida dəyəri yüksək olan məhsullara üstünlük verilməsi ilə bağlıdır. "Qida dəyəri" dedikdə, qidanın bizə verdiyi kalori deyil, tərkibindəki faydalı maddələr nəzərdə tutulur. Sağlam qidalanmanı şərtləndirən əsas amillərdən biri də insulinə nəzarət edilməsidir. Qənd, şəkər tozu, şirinləşdirilmiş içkilər, emal olunmuş qənnadı məmulatları kimi sadə karbohidratların qəbulu normadan artıq insulin ifrazını aktivləşdirməklə sağlamlığa mənfi təsir göstərə bilir. Bu da insulinə davamlılığın yaranması üçün risk faktorlarından biri hesab edilir. Daha ətraflı məlumatlar üçün videoçarxı izləyə bilərsiniz.
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Hümbətov Mikayıl Əvəz oğluna məxsus “Çayqırağı” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Belə ki, qida məhsullarının saxlanma qaydalarına əməl olunmadığı, ətin emalı, qazan və manqal yeməkləri hazırlanan sahənin yarımtikilidə təşkil olunduğu, döşəmə və divar səthlərinin asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən, Süleymanov Sərxan Qurbanəli oğluna məxsus “Ay Store” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə 6 ədəd 1 litr-lik, 7 ədəd 0,7 litr-lik və 8 ədəd 0,5 litr-lik “Platinum Vısota” əmtəə nişanlı saxtalaşdırılmış araq aşkarlanıb. Məhsulların keyfiyyət və təhlükəsizliyinə dair, həmçinin müşayiətedici sənədlərinin (e-qaimə, faktura və s.) mövcud olmadığı, etiket məlumatlarının yanlış qeyd edildiyi (istehsalçı adı və VÖEN) və aksiz markasında DataMatrix kodunun oxunmadığı müəyyən olunub. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Saxta məhsulların satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul olunub.
Diabet xəstələrinin qidalanmasında diqqət edilməsi vacib olan əsas məqam qan şəkərini sabit saxlamaq və kəskin dəyişikliklərin qarşısını almaqdır. Bu məqsədlə sadə karbohidratlardan uzaq durmaq, liflə zəngin qidalara üstünlük vermək lazımdır. Şəkər xəstələrinin qidalanma şərtləri: - Karbohidrat qəbulunu nəzarətdə saxlayın; - Doymuş yağ qəbulunu azaldın; - Şirin içkilərdən uzaq durun; - Duz istehlakını 2300 mg-a salın; - Spirtli içkilər istehlak etməyin. Unutmayın: Şəkər xəstələri fiziki aktivliklə məşğul olmalı, vaxtında və balanslı şəkildə qidalanmalıdırlar. Mövzu ilə bağlı hazırlanan videoçarxı təqdim edirik:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Xocavənd kəndində fəaliyyət göstərən, Şirinov Zaur Zeynal oğluna məxsus “Xocavənd” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik norma və qaydalara əməl edilmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lerik şəhəri, E.Qarayev küçəsi 98 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bağırov Dövlət Şirməmməd oğluna məxsus marketdə yoxlama keçirib. Baxış zamanı marketdə mal qonşuluğu prinsipinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı müəyyən edilib. Həmçinin yararlılıq müddəti bitmiş qida məhsulları (unlu və şəkərli qənnadı məmulatları, tum, alkoqolsuz içki) aşkarlanıb. Faktla bağlı istehlaka yararsız məhsulların qadağan edilməsi, dövriyyədən çıxarılması və məhv edilməsinə dair qərar qəbul olunub, fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, M.Talışxanov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həşimov Anar Soltanağa oğluna məxsus “Göyərçin” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Qida mənşəli xəstəliklər dünya miqyasında insan sağlamlığı üçün əsas problemlərdən biri hesab edilir. Bu xəstəliklər müxtəlif növ bakteriyalar, viruslar, parazitlər və ya kimyəvi maddələrlə çirklənmiş qida məhsullarının istehlakı nəticəsində meydana gəlir. Qida məhsullarının gigiyena qaydalarına riayət edilmədən hazırlanması, bişirilməsi və daha sonra bu məhsulların istehlak olunması qida zəhərlənmələrinin əsas səbəbi hesab edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan qida zəhərlənmələrinə dair videoçarxda, həmçinin qida mənşəli xəstəliklərin qarşısının alınması üçün hər bir şəxsin riayət etməli olduğu əsas prinsipləri ehtiva edən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunan 5 Qızıl Qayda barədə ətraflı məlumat verilib. Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində təmizliyə riayət edilməli, məhsullar yaxşı bişirilməli, çiy və bişmiş məhsullar bir-birindən ayrı saxlanmalı, məhsullar təhlükəsiz mühitdə olmalı, təhlükəsiz su və xammallardan istifadə edilməlidir. Qeyd edək ki, sahibkarlıq subyektləri və istehlakçılar bu videoçarx vasitəsilə qida zəhərlənmələri və belə halların baş verməməsi üçün zəruri olan məsələlər barədə ətraflı məlumat əldə edə bilələrlər:
Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir. Bu dövrdə temperatur yüksək olur və bu da bakteriyaların daha sürətli çoxalmasına şərait yaradır. Nəticədə qidalar tez xarab ola və zəhərlənmə riski yarana bilər. Bunun səbəbi isə qida ilə düzgün davranmamaq, sanitar-gigiyenik qaydalara əməl etməməkdir. Zəhərlənmə riskini azaltmaq üçün hansı qaydalara riayət etməliyik? Azərbaycan Qida Təhlükəsizlyi Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanan qida zəhərlənmələrinə dair videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Giriş