Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Qubada süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qubada süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

AQTA əməkdaşları tərəfindən Quba şəhəri, T.Əhmədov küçəsi 1 ünvanında fəaliyyət göstərən, Ramazanov Rəşid Nüsrət oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı bir sıra ciddi nöqsanlar aşkarlanıb. Belə ki, müəssisədə istehsal olunan kəsmə pendir və qaymaq məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji uyğunsuzluq müəyyən edilib. Həmçinin anbar sahəsində satışa hazırlanan “Quba Süd” əmtəə nişanlı 80 kq kəsmə pendir, 47 kq şor, 25 kq kərə yağı və 38 kq qaymaq məhsulunun üzərində etiket məlumatlarının, istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi aşkarlanıb. Bundan başqa, müəssisədə südün ilkin qəbulu və pendir məhsullarının emalı prosesi zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qablaşdırma vasitələrinin müşayiətedici sənədlərinin olmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi, eləcə də digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti  məhdudlaşdırılıb. Uyğunsuzluq aşkarlanan məhsulların məhv edilməsi barədə qərar qəbul olunub.

“Bitki sağlamlığı haqqında” yeni qanun lahiyəsinin ictimai müzakirəsi davam etdirilir
“Bitki sağlamlığı haqqında” yeni qanun lahiyəsinin ictimai müzakirəsi davam etdirilir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanıb və hazırda qanunun ictimai müzakirəsi həyata keçirilməkdədir. Bu çərçivədə aprelin 15-i Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyası, 16-sı isə Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə ictimai müzəkirələrin keçirilməsi planlaşdırılır. Məqsəd ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi ilə bağlı həyata keçirilən fitosanitar nəzarət və fitosanitar xidmət fəaliyyətlərinin təşkilinin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasındakı münasibətlərin tənzimlənməsi və qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır. Yeni qanun 10 fəsil 46 maddədən ibarətdir.  Qanun layihəsi Azərbaycan Respublikasında ilkin istehsal, istehsal və ilkin emal edilən, ölkə ərazisinə idxal olunmuş bitki və bitkiçilik məhsullarına, əkin və səpin materiallarına, habelə onların ilkin istehsalı, istehsalı, ilkin emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrə, habelə onların istehsalı, emalı, saxlanması, daşınması, idxalı, ixracı, satışı, istifadəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil edilir. Layihədə bitki sağlamlığı sahəsində dövlət tənzimlənməsi, bitki mühafizəsinin və karantinin təşkili, bitkiçilik subyektlərinin hüquq və vəzifələri, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına (emalına), dövriyyəsinə, istifadəsinə dair tələblər, həmin məhsulların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan obyektlərin qeydiyyatı, fitosanitar xidmətlər və bitki sağlamlığı sahəsində maliyyələşdirmə ilə bağlı müddəalar nəzərdə tutulub. Layihəyə əsasən ölkə üzrə Bitki Sağlamlığı Reyestri yaradılacaq. Həmin reyestrə qeydiyyata alınmış bitkiçilik subyektləri və (və ya) onların obyektləri, bitki mühafizə vasitələrinin, aqrokimyəvi maddələrin, həmçinin onların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan subyektlər və onların obyektləri, qeyri-dövlət fitosanitar xidmətlərini həyata keçirən subyektlər daxil ediləcək. Qeydiyyata alınmış subyekt və (və ya) onların obyektlərinə Bitki Sağlamlığı Reyestrindən çıxarış veriləcək. Eyni zamanda bitki və bitkiçilik məhsullarına, əkin və səpin materiallarına daxili karantin aktı, əkin və səpin materiallarına idxal karantin rəyi, karantin nəzarətində olan materiallara, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrə idxal sağlamlıq aktının verilməsi ilə bağlı icazə sənədlərinin verilməsi nəzərdə tutulub. Bundan başqa, layihədə bitki, bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğun təsdiqi məqsədilə “zərərli orqanizmlərdən azad zona”, “zərərli orqanizmdən azad istehsal sahəsi” və ya “zərərli orqanizmdən azad istehsal yeri” ilə bağlı müddəalar daxil edilib.

AQTA ilə Moldovanın Milli Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
AQTA ilə Moldovanın Milli Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Moldova Respublikasının Milli Qida Təhlükəsizliyi Agentliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. AQTA sədri Qoşqar Təhməzli və Moldova Respublikası Baş Nazirinin müavini, Regional İnkişaf və İnfrastruktur naziri Vladimir Boleanın imzaladığı Memorandumda baytarlıq sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. İclasın sonunda Azərbaycan-Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının yekunlarına dair protokolu təsdiqlənib. Sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, elmi-texniki və humanitar, sosial, səhiyyə, mədəniyyət, əqli mülkiyyət, ətraf mühit, idman və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

“Məktəblilər üçün kişmiş” layihəsi davam edir
“Məktəblilər üçün kişmiş” layihəsi davam edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması ilə bağlı layihəni davam etdirir. Layihədə iştirak etmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən 10 ümumi təhsil müəssisəsi seçilib. Layihəyə cəlb olunan 2400-ə yaxın ibtidai sinif şagirdinə həftədə bir dəfə olmaqla qablaşdırılmış paketlərdə kişmiş paylanacaq.  Layihənin əsas məqsədi şagirdlərə sağlam qəlyanaltı vərdişləri qazandırmaqdır. Layihə çərçivəsində kişmişin seçilməsi isə təsadüfi deyil. Kişmiş tərkibindəki dəmir sayəsində beyin funksiyalarını yaxşılaşdıran, sümük və sinir hüceyrələrini, ürək döyüntüsünü tənzimləyən, yüksək enerji qaynağı olmaqla yanaşı qanartırıcı xüsusiyyətə malik olan qida məhsuludur. Uşaqlarda anemiyanın qarşısının alınmasına kömək edir. Bu səbəbdən kişmişin tərkibindəki dəmir uşaqların zehni inkişafını əhəmiyyətli dərəcədə dəstəkləyən və müvəffəqiyyət nisbətini artıran qida məhsulu hesab edilir. Əlavə olaraq layihə çərçivəsində məktəblərdə sağlam, yetərli və balanslı qidalanma mövzusunda maarifləndirmə tədbirləri həyata keçiriləcək. Şagirdlərə sağlam qəlyanaltı vərdişlərinin qazandırılması və onların qəlyanaltıda təbii, sağlam qidalara üstünlük verməsi layihənin əsas gözləntisi hesab edilir. Qeyd edək ki, layihə Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyinin iştirakı ilə həyata keçirilir.

Video
Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir