
Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş məhsulların (o cümlədən yeni növ qida məhsulları, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları, qida əlavələri, yem əlavələri, bioloji aktiv qida məhsulları və təbii mineral sular), eləcə də baytarlıq preparatları, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qanunla qadağandır. Lakin bu sahədə aparılan təhlillər göstərir ki, qeydiyyat müddəti ilə bağlı qanunvericilikdə konkret tarixlər müəyyən edilsə də, hələ də bəzi sahibkarlar təkrar qeydiyyat, yaxud qeydiyyatda olan preparatların şəhadətnamələrin qüvvədə olma müddətlərinin uzadılması ilə əlaqədar vaxtında müraciət etmirlər. Sahibkarların diqqətinə çatdırırıq ki, Agentlik tərəfindən qanunvericiliyə uyğun qaydada dövlət qeydiyyatına alınaraq reyestrə daxil edilmiş və qeydiyyat müddətləri başa çatmaqda olan preparat və məhsulların qeydiyyatı ilə əlaqədar rəsmi müraciətlərdən əvvəl müvafiq metodiki yardımların alınması, həmin preparat və məhsulların laborator sınaqlarında istifadə olunan metod, analitik standart, reaktiv, reagent, bakterioloji və virusoloji ştamm, qida mühiti, serum, etalon nümunə və s. dəqiqləşdirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə əlaqə saxlanılmalıdır. Qeydiyyat üçün müraciət olunduqdan sonra isə zəruri materiallar preparat və məhsul nümunələri ilə birlikdə İnstituta təqdim edilməlidir. Sahibkarlar qeydiyyatla əlaqədar daha ətraflı məlumat almaq üçün (012) 565-12-72 (daxili: 589, 464, 478) nömrəli telefona zəng edə və ya info@afsa.gov.az, info.qti@afsa.gov.az elektron poçt ünvanına müraciətlərini göndərə bilərlər.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında mayın 8-i saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Cəlilabad şəhəri, Cavadxan küçəsində fəaliyyət göstərən, fiziki şəxs Kərimov Pərviz Saleh oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə mal qonşuluğu prinsipinin pozulduğu, un məmulatlarının açıq şəkildə satışının həyata keçirildiyi müəyyən olunub. Eyni zamanda yararlılıq müddəti bitmiş alkoqolsuz içki, kolbasa və digər qida məhsulları aşkarlanıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar məhv edilib.

Mayın 15-i saat 10:00-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Oğuz Olimpiya İdman Kompleksində Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq mayın 14-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

Cəlilabad şəhəri, Cavadxan küçəsi, Cəlilabad bazarı ərazisində fəaliyyət göstərən, fiziki şəxs Qasımova Təranə Sucəddin qızına məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda sanitar-gigiyenik tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi, döşəmə, divar və qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, M.İsayev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Mirzalıyev Namiq Həmdiyə oğluna məxsus ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, döşəmə, divar, tavanın təmirsiz olduğu və çirkləndiyi, qida məhsulları və qablar üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi və antisanitar şəraitdə yuyulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb edilib.

Xaçmaz rayonu, Qaraqurtlu kəndində fəaliyyət göstərən, Məmmədov Hafiz Yusif oğluna məxsus “Nurxan” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketin anbar sahəsində qida məhsullarının yerdən, divardan ara məsafəsi gözlənilmədən saxlandığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, məhsulların saxlanma qaydalarına riayət olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Eyni zamanda yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb. Fakta bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan çıxarılıb və qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb.

Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An, Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məlumatlar daxil olub. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Koreya Respublikasının Collabuk-do, Qyeonqsanqbuk-Do, Ceollanam-Do, Qyeonqqi-Do əyalətlərində, Danimarka Krallığının Paytaxt, Cənubi Danimarka regionlarında, Çex Respublikasının Vısoçina, Moraviya–Sileziya, Ustetsk, Kraloveqradetsk, Zlin, Pardubitsk diyarlarında, Moldova Respublikasının Soroka, Floreşti, Ştefan-Voda, Drokiya, Rezina, Șoldaneștı, Rışkanı, Dubısаri, Edinet, Qlоdеni, Straşeni, Kахul, Оrхеy rayonlarında, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında, Mozambik Respublikasının İnyambane əyalətində, Almaniya Federativ Respublikasının Brandenburq, Hessen vilayətlərində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Montana, Miçiqan, Delaver, Florida, Şimali Karolina, Virciniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sağlam qidalanmanın təşviqi məqsədilə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində "Expressbank" əməkdaşları üçün maarifləndirici təlim təşkil olunub. Görüş çərçivəsində AQTA-nın fəaliyyəti, istehlakçıların maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, növbəti belə layihə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç” layihəsidir. Layihənin məqsədi sağlam qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı ilkin biliklərin artırılmasıdır. Belə ki, layihə çərçivəsində “Necə sağlam qidalanaq?” sualından daha çox, “Niyə sağlam qidalanmalıyıq?” mövzusuna diqqət çəkilir. Görüş zamanı qeyd olunub ki, araşdırmalara əsasən, genetik meyillər, zərərli vərdişlər, fiziki hərəkətsizliklə yanaşı qeyri-sağlam qidalanmanın da qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olur. Sağlam qidalanma isə qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayan əsas amillərdən biri kimi elmi əsaslarla təsdiqlənib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti, həkim-dietoloq Tutu Zeynalova sağlam qidalanma mövzusunda təqdimatla çıxış edib. O, balanslı və düzgün qida rasionun tərtib olunmasının, eləcə də sağlam qidalanmaya əməl etməyin insan sağlamlığı üçün vacibliyini vurğulayıb. Mütəxəssis, eyni zamanda qida israfının qarşısının alınması məsələsinə də toxunub, bu sahədə beynəlxalq təcrübəni və ölkəmizdə tətbiq olunan yanaşmaları iştirakçıların diqqətinə çatdırıb. Sonda iştirakçıların sualları cavablandırılıb və sağlam qidalanma sahəsində aktual mövzular ətrafında interaktiv fikir mübadiləsi aparılıb. Qeyd edək ki, "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" layihəsi AQTA, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə reallaşdırılır. Layihənin əsas hədəfi həm sağlam, həm də təhlükəsiz qidalanmanı davamlı davranış modelinə çevirməkdir.

Yardımlı şəhəri, H.Əliyev küçəsi, ev 153 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qənbərov Güloğlan Qiyas oğluna məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, sanitar-gigiyenik tələblərə əməl olunmadığı, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İran Baytarlıq Təşkilatı arasında “Transsərhəd heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın Baş nazirinin müavini (hökumətlərarası komissiyanın həmsədri) Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) Fərzanə Sadiq imzalayıblar. Memoranduma əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və İran İslam Respublikasının Baytarlıq Təşkilatı dövlət sərhədlərinə bitişik ərazilərdə transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üzrə birgə fəaliyyət göstərəcək, regionda yoluxucu heyvan xəstəliklərinin törətdiyi epizootoloji gərginliyin artması fonunda hər iki dövlətin əhalisinin və ətraf mühitinin bioloji təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər icra edəcəklər. Anlaşma Memorandumu çərçivəsində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinə bitişik ərazilərdə epizootiya əleyhinə, o cümlədən nəzarət, peyvəndləmə, monitorinq və sair birgə tədbirlərin təşkili təmin ediləcək. Həmçinin sərhəddə baytarlıq nəzarəti tədbirlərinin həyata keçirilməsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Memorandumda bundan başqa, qeyd edilən sahələr üzrə AQTA ilə İranın Baytarlıq Təşkilatı nümayəndələrindən və ekspertlərdən ibarət işçi qrupların yaradılması, birgə tədqiqatların aparılması, heyvan xəstəliklərinin laboratoriya diaqnostikası üzrə birgə təlim və məşqlərin keçirilməsi, məlumat mübadiləsinin aparılması, görüşlərin təşkili kimi məsələlər öz əksini tapıb.