
"Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihə çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) həkim nutrisioloq, diyetoloq, qida mühəndisi və influenserlərin iştirakı ilə info-tur təşkil olunub. İnfo-turda AQTİ-nin fəaliyyəti və laboratoriyaları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı və regionlarda 17 laboratoriyası fəaliyyət göstərir. Ölkəmizdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunmasında mühüm rol oynayan bu laboratoriyalar müasir standartlara uyğun qurulub. İştirakçılar əvvəlcə Nümunələrlə iş şöbəsi ilə yaxından tanış olublar. Burada laborator müayinələrə göndərilən nümunələr qəbul olunur. Əsas məqamlardan biri nümunənin sənədlərlə birlikdə təqdim edilməsi və laborator analizlər üçün yararlı olub-olmamasıdır. Məxfiliyin qorunması məqsədi ilə nümunə qəbul edildikdən sonra qablaşmanın üzərinə barkod vurulur. Barkodda yalnız nümunənin identifikasiya kodu, laboratoriyanın və nümunənin adı, nümunənin götürülmə və istehsal tarixi məlumatları qeyd olunur. Sonra isə nümunələr analiz üçün müvafiq laboratoriyalara təhvil verilir. Sonra qonaqlar Mərkəzi Fitosanitar Laboratoriyası, Kompleks Tədqiqatlar Laboratoriyası, Milli Referans Laboratoriyası ilə yaxından tanış olublar. Vurğulanıb ki, bu laboratoriyalarda ixtisaslı mütəxəssislər tərəfindən müasir standartlara uyğun analiz və müayinələr həyata keçirilir. Dünyanın qabaqcıl ölkələrinin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər və digər yüksək peşəkarlığa malik mütəxəssislər əhalinin, bitki və heyvan sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayır. Ekspertlərə laboratoriya əməkdaşlarının beynəlxalq səriştəlilik sınaqlarında qazandığı uğurlu nəticələr haqqında məlumat verilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları ilə tanışlıq zamanı qeyd olunub ki, burada mobillik və çeviklik ön plandadır. Səyyar laboratoriyalar dövlət əhəmiyyətli tədbirlər zamanı su və qida məhsullarının müayinələri üçün əlverişlidir. Bu laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq bir çox fiziki-kimyəvi, mikrobioloji və PZR sınaqların aparılması üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub. AQTİ-nin fəaliyyəti ilə tanışlıqdan sonra ekspertlər İnstitutun işini yüksək qiymətləndirib, uğurlar arzu ediblər. Qeyd edək ki, "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə reallaşdırılır.

Nəzarət tədbirləri çərçivəsində "Gourmeat" MMC-nin Rusiyadan idxal etdiyi "Bryansk Meat Company" şirkətinin istehsalı olan 21000 kq “Miratorq” əmtəə nişanlı mal piyindən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında donuz DNT-si aşkarlanıb. Faktla bağlı məhsul partiyası barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NUDİA) birgə olaraq, sağlam qidalanmanın təşviqi məqsədilə "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" adlı yeni bir layihəyə başlayıb. Bu layihə cəmiyyətdə sağlam həyat tərzinin təşviqini və düzgün qidalanma vərdişlərinin inkişafını hədəfləyir. Layihənin ilk mövzusu körpənin həyatında mühüm yer tutan və ilk qida olaraq qəbul etdiyi ana südüdür. Ana südü körpənin sağlam böyüməsi və inkişafı üçün ən təbii və faydalı qidadır. Həyatının ilk altı ayında körpənin bütün qida ehtiyaclarını qarşılayaraq onun sağlamlığını təmin etmək üçün ideal qida mənbəyidir. Ana südü körpənin fiziki inkişafını dəstəkləyir, onun immun sistemini gücləndirərək infeksiyalara qarşı qoruyur. Ana südü körpənin psixoloji və emosional inkişafı üçün də çox önəmlidir. Təbii və zəngin tərkibi sayəsində ana südü başqa heç bir qida ilə müqayisə oluna bilməz. Ümumdünya Səhiyyə Təşkilatı ana südünün körpənin ilk 6 ayında yeganə qida mənbəyi olmasını tövsiyə edir. Bu dövr ərzində ana südü ilə qidalanan körpələr daha sağlam olur, həmçinin müxtəlif xəstəliklərə qarşı daha yaxşı müdafiə olunur. Ana südünün körpəyə verdiyi faydalar bununla bitmir. Ana südü ananın sağlamlığını da qoruyur, zahılıq dövründə orqanizmin sürətli bərpa olunmasına kömək edir və ananı süd verən dövrdə xəstələnməkdən qoruyur.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Moldova Respublikasının Kənd Təsərrüfatı üzrə İntervensiya və Ödənişlər Agentliyinin səlahiyyətli nümayəndələri arasında görüş keçirilib. Görüşdə AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva iki ölkə arasında baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sahələri üzrə əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib. Qonaqların diqqətinə çatdırılıb ki, ölkəmizdə heyvanların identifikasiyası və qeydiyyatı sistemi müasir üsullarla həyata keçirilir. Vizual qulaq birkaları və mikroçip kimi identifikasiya üsullarından geniş istifadə olunur. Bu mexanizm heyvan xəstəliklərinin izlənilməsi, diaqnostikası, xüsusilə də tətbiq edilmiş peyvənd, antibiotik və ya digər baytarlıq preparatları, həmçinin heyvana təyin edilmiş diaqnoz barədə məlumatların detallı şəkildə elektron məlumat bazasında toplanmasına imkan yaradır. Qeyd olunub ki, identifikasiya sahəsində beynəlxalq standartlar tətbiq edilir. Görüş zamanı Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) və Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) üzrə Moldova ilə təcrübə mübadiləsi, sertifikatların qarşılıqlı tanınması və digər istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən, Süleymanov Sərxan Qurbanəli oğluna məxsus “Ay Store” marketdə yoxlama keçirib. Baxış zamanı iaşə obyektində 8 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik və 8 ədəd 0.5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və saxta spirtli içkilərin satışa çıxarılmasının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səlahiyyətli nümayəndələri ilə görüş keçirilib. Görüşdə zoonoz xəstəliklərə epidemioloji nəzarət və eyni zamanda qida təhlükəsizliyi sahəsində ölkəmizdə tətbiq olunan “Erkən Xəbərdarlıq və Cavab (EWAR) Sistemi”nin real nəticələri müzakirə olunub. Qeyd olunub ki, AQTA tərəfindən ölkəmizdə zoonoz xəstəliklərə nəzarət prioritet istiqamətlərdən biridir. Elə bu səbəbdən ölkəmizin xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyindən azad olma statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiqlənib. Növbəti hədəflər isə ölkəmizdə, eləcə də regionda dabaq xəstəliyinin (FMD) ləğv olunması və xəstəliyə müasir metodlarla nəzarətin təmin edilməsidir. Görüşdə zoonoz xəstəliklərin erkən aşkarlanması, risklərin qiymətləndirilməsi və cavab tədbirlərinin vaxtında verilməsi ilə bağlı məsələlər müzakirə olunub. Qida təhlükəsizliyinə nəzarət tədbirləri və digər məsələlər üzrə məlumat verilib. Qeyd edək ki, “Erkən Xəbərdarlıq və Cavab (EWAR) Sistemi” hər hansı xəstəlik və ya təhlükə ehtimallarını erkən aşkar edən sistemdir. Bu sistemin əsas məqsədi insanların həyatını qorumaq, xoşagəlməz halların təsirlərini minimuma endirməkdir.

İxrac üçün nəzərdə tutulmuş “Seyfulla & Kövsər” MMC-nin istehsal etdiyi 24,5 ton və “Akyol İnternational” MMC-nin istehsal etdiyi 98 ton dəri tullantısından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsullarda təhlükəli zoonoz infeksiya törədicisi aşkarlanıb. Faktla bağlı müəssisələrə dəri qəbuluna və sexlərin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq olunub, digər sexlərdə olan dərilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının məhv edilməsi barədə qərar qəbul olunub. Araşdırmalar davam etdirilir.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yaxılabilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 2 istehsalçıya məxsus 2 məhsulda uyğunsuzluqlar aşkarlanıb. Həmçinin bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə 2025-ci ilin 3-7 mart tarixlərində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 68 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 34 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 340 baş, habelə 16 rayonun (şəhər) 406 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 1234 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb, toplanmış epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar elektron sistemə daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Agentlik yanında İctimai Şura üzvlərinin və bitkiçilik sahəsində ixtisaslaşmış müxtəlif assosiasiyaların təmsilçilərinin iştirakı ilə yeni hazırlanmış “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin ilk ictimai müzakirəsi keçirilib. Müzakirə zamanı ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi ilə bağlı həyata keçirilən fitosanitar nəzarət və fitosanitar xidmət fəaliyyətlərinin təşkilinin hüquqi əsaslarının müəyyən edilməsi, fitosanitar nəzarət və xidmət sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətlərin tənzimlənməsi və bu sahədə qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hazırlanmış yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin təqdimatı olub. AQTA rəsmiləri təqdimatla çıxış edərək, iştirakçılara bitki sağlamlığı sahəsində dövlət tənzimlənməsi, bitki mühafizəsinin və karantinin təşkili, bitkiçilik subyektlərinin hüquq və vəzifələri, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, dövriyyəsinə, istifadəsinə dair tələblər, həmin məhsulların istehsalı və dövriyyəsi ilə məşğul olan obyektlərin qeydiyyatı, fitosanitar xidmətlər və layihədə nəzərdə tutulan digər məsələlər barədə geniş məlumat verib. Qeyd olunub ki, “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 10 fəsil 46 maddədən ibarətdir. Tədbirdə İctimai Şura üzvləri və assosiasiya üzvləri tərəfindən Qanun layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, yeni Qanun ilə əlaqədar maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyə və məlumatların verilməsinin vacibliyi diqqətə çatdırılıb. Yekunda layihənin daha geniş ictimai müzakirəsi tövsiyə olunub. Qeyd edək ki, AQTA tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”na uyğun olaraq, qanunamüvafiq prosedurlar həyata keçirilməkdədir. Yaxın günlərdə yeni Qanun layihəsinin digər maraqlı tərəflərin, o cümlədən sahibkarların, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsinin keçirilməsi planlaşdırılır. “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi ilə Agentliyin rəsmi saytında yerləşdirilmiş xüsusi bölmədən link vasitəsilə tanış olmaq mümkündür: https://afsa.gov.az/az/qanunvericilik/bitki-saglamligi-haqqinda-qanun-layihesi

Bakı şəhəri, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən “Avşarlar" MMC-yə məxsus “Mona Liza" şadlıq sarayında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra ciddi nöqsanlar müəyyən edilib. Belə ki, şadlıq sarayının mətbəxinə və toy şənliyinin keçirildiyi zala baxış keçirilən zaman müxtəlif həcmdə aşkar saxtalaşdırma əlamətləri olan, küstar üsulla doldurulmuş, keyfiyyət və təhlükəsizliyinə dair sənədləri olmayan “Oneqin” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Agentlik tərəfindən həmin içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb və məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə laborator müayinələrə cəlb olunub. Həmçinin yoxlama zamanı şadlıq sarayında yararlılıq müddəti bitmiş kolbasa məhsulu, üzərində etiket məlumatları və müvafiq sənədləri olmayan turşu və pendir məhsulları da aşkar edilib. Eyni zamanda qida obyektində sanitar-texniki və sanitar-gigiyenik tələblərin gözlənilmədiyi, ət, tərəvəz və alkoqollu içkilərin saxlandığı soyuducunun divar hissələrinin və rəflərinin, həmçinin ət asılan qarmaqların korroziyaya uğradığı, ətin emalı, xammalın qəbulu və anbar sahələrində kanalizasiya və su borularının izolyasiya edilmədiyi, alkoqolsuz içkilərin birbaşa boruların altında saxlandığı, havalandırma sisteminin qurulmadığı, isti yeməklərin hazırlandığı və quru məhsul anbarı sahələrində tavanın tamlığının pozulduğu, doğrama lövhələrinin təmizlənmədiyi, işçi heyətin soyunub-geyinmə otağı ilə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı məlum olub. Fakt bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Minnesota, Oklahoma, Tennessi və Arizona ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.