
Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən, “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı bazarda baytarlıq sənədləri olmayan süd, balıq məhsullarının və müşayiətedici sənədləri olmayan tərəvəz məhsullarının satışa çıxarıldığı, qida məhsullarının saxlanma şəraitinə əməl edilmədiyi, eləcə də üzərində etiket məlumatlarının olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Qəhvəyi mərmər bağacığı nədir? - Qəhvəyi mərmər bağacığı yayıldığı ölkələrdə iqtisadi zərərlərə səbəb olan karantin tətbiq edilən zərərvericidir. 300-dən çox bitki növü ilə qidalansa da, əsas qidalandığı bitkilər fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor və digər meyvə və tərəvəzlərdir. Bitkilərə ən çox ziyanı yaz aylarından başlayaraq payızın sonuna qədər aktiv qidalanan yetkin fərdlər vurur. Qəhvəyi mərmər bağacığı ilə mübarizə üsulları: - Qəhvəyi mərmər bağacığının bitkiyə vurduğu zərəri azaltmağın və onunla mübarizənin ən effektiv üsulu qışlayan yetkin fərdlərin mexaniki yolla məhv edilməsidir. - Zərərverici yetkin fərd mərhələsində qrup halında qaranlıq yerlərdə qışlayır. Təbiətdə yarpaq qalıqları, ağac oyuqları və ağac qabığının altında qışlasa da, sığınacaq kimi tikililərdən də istifadə edir. Həmçinin meşələr, meyvə bağları və tarlaların yaxınlığındakı tikililərin sirayətlənməsi ehtimalı yüksəkdir. - Zərərvericinin aşkarlanması məqsədilə tikililərin ən üst qatlarına, çardaqlara mütləq baxılmalıdır. Bu, mübarizənin düzgün aparılmasının bir göstəricisidir. - Mübarizə tədbirləri yalnız kimyəvi dərmanlamadan ibarət deyil. Mexaniki mübarizə, yəni bağacığın gizlənə biləcəyi yerlərin yoxlanılması, əşya və avadanlıqların nəzərdən keçirilməsi, mövcud bağacıqların toplanaraq məhv edilməsi olduqca effektiv üsullardandır. - Qışlama dövründə aparılan düzgün mübarizə nəinki qapalı məkanlarda, o cümlədən sonrakı fəsillərdə açıq ərazilərdə də zərərvericinin sayının azalmasına səbəb olur.

AQTA əməkdaşları tərəfindən əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi 38000 ədəd nektarin tingi (fantasia sortu) partiyasından nümunələr götürülüb. Müayinə nəticəsində nümunələrdə karantin tətbiq edilən zərərli orqanizm − Şarka virusu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib. Qeyd edək ki, Şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.

AQTA-nın həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterini - “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Linolen, Palmitin, Olein yağ turşuları) aşkar edilib. Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin, sahibkar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Binəqədi rayonu, Nizami Nərimanov küçəsi 15F ünvanında fəaliyyət göstərən fiziki şəxs Sayılov Məqsud Əzizağa oğluna məxsus “Fish home” restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, iaşə müəssisəsində mənşə sənədləri olmayan qida məhsulları (yağ, balıq və ət məhsulları) aşkarlanıb. Həmçinin qida məhsullarının hazırlanması zamanı çarpaz çirklənmə riskinin yarandığı, qida məhsullarının döşəmə və divardan ara məsafəsi gözlənilmədən saxlandığı, mətbəx sahəsində yerləşdirilmiş soyuducunun rəflərinin korroziyaya uğradığı, mal qonşuluğu və texnoloji ardıcıllıq prinsipinin pozulduğu, işçilər üçün soyunub-geyinmə sahəsinin təşkil edilmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi məlum olub. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qida obyektində xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbir görülüb.

Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin və şaftalı tinglərindən AQTA əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında şarka virusu aşkarlanıb. Faktla bağlı 18000 ədəd nektarin, 18240 ədəd şaftalı tinginin gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib, hazırda qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməkdədir. Qeyd edək ki, şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviqi məqsədilə növbəti görüş Kaspi liseyinin müraciəti əsasında adıçəkilən məktəbdə keçirilib. Tədbirdə iştirak edən 70-ə yaxın məktəbliyə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın əhəmiyyəti barədə məlumat verilib. Şagirdlər öz növbələrində zərərli qidaların insan sağlamlığına mənfi təsirlərini əks etdirən səhnəcik nümayiş etdiriblər. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Təhlükəsiz qidalanma necə olmalıdır?” və “Şəkərin insan sağlamlığına zərərləri” mövzularında təqdimatlar edilib. Görüşdə qidalanma mövzusunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici bukletlər paylanılıb. Eləcə də qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz halla qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi məktəblilər arasında sağlam qidalanmanının təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir.

AQTA əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı “Azza-Aqro” QSC-nin istehsalı olan “Fermazza” əmtəə nişanlı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən, yağda bitki sterinləri (Stiqmasterin, Kampesterin, Beta-sitosterin) ilə yanaşı, yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb. Bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, faktiki tərkibində bitki sterinin aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur.

Kürdəmir rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarının sahibləri və fermerlərlə heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib. Görüşdə AQTA-nın, KTN-nin Aqrar Xidmətlər Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, yerli icra hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər. Tədbirdə “Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi” barədə geniş məlumat verilib, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinə nəzarətin həyata keçirilməsi, heyvan və heyvan mənşəli məhsulların izlənməsi zamanı heyvanların identifikasiya olunmasının zəruriliyi izah olunub. İdentifikasiya məlumatları olmayan iribuynuzlu heyvanların və atların, habelə baytarlıq sənədləri olmayan heyvanların heyvan bazarı ərazisinə daxil olmasına icazə verilməməsi tələbi diqqətə çatdırılıb. Bildirilib ki, identifikasiya işlərinin aparılması üçün heyvanlar fərdi qaydada birkalanmalı (nişanlanmalı) və bunun üçün AQTA tərəfindən müəyyən edilmiş xüsusi tanınma nömrəsindən istifadə olunmalıdır. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, təkliflər dinlənilib.

Lənkəran rayonunda yerləşən, Rəhmanov Zəka Bilal oğluna məxsus ”Cənnət-Xıl” restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, qida məhsulları hazırlanan sahədə döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Masallı rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarının sahibləri və fermerlərlə heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib. Görüşdə yerli icra hakimiyyətinin rəhbər şəxsləri, bələdiyyələr, yerlərdə icra nümayəndələri, yerli qurumların rəhbərləri də iştirak ediblər. Tədbirdə “Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi” barədə geniş məlumat verilib, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinə nəzarətin həyata keçirilməsi, heyvan və heyvan mənşəli məhsulların izlənməsi zamanı heyvanların identifikasiya olunmasının zəruriliyi izah olunub. İdentifikasiya məlumatları olmayan iribuynuzlu heyvanların və atların, habelə baytarlıq sənədləri olmayan heyvanların heyvan bazarı ərazisinə daxil olmasına icazə verilməməsi tələbi diqqətə çatdırılıb.

Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus "Top Qapı" restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, yoxlama zamanı restoranda ətin ilkin emalı, mətbəx, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, anbar və işçilərin soyunub-geyinmə sahələrində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu və bu sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi, sanitar qovşağın qapısının birbaşa ətin ilkin emalı sahəsinə açıldığı, mətbəxdə havalandırma sisteminin qurulmadığı, qida məhsullarının tələb olunan qaydada və temperaturda saxlanılmadığı, qida ilə təmasda olan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədən çalışdığı, baytarlıq sənədləri olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim olunduğu müəyyən edilib. Emal olunmuş məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam edir.