
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai iaşə müəssisələrinin rəhbərləri ilə növbəti görüş olub. Tədbir Agentlik tərəfindən ictimai iaşə müəssisələrində həyata keçirilən yoxlamalar və bu yoxlamalar zamanı aşkar edilən nöqsanları nəzərdən keçirmək, sahibkarları mövcud qanunvericilik tələbləri barədə bir daha məlumatlandırmaq, onlar tərəfindən göstərilən xidmətlərin qida sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun təşkilinə metodiki kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib. Görüşdə sahibkarlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununda, eləcə də qüvvədə olan digər qanunvericilik aktlarında iaşə müəssisələrinə dair tələblər barədə məlumatlandırılıb. Tədbir zamanı ictimai iaşə müəssisəsində sanitar-gigiyenik tələblər, sanitar-texniki normalar və işçi heyət üçün gigiyena qaydaları və s. bir daha müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb. Agentlik tərəfindən bu istiqamətdə fəaliyyət göstərən subyektlər üçün bütün lazımi metodiki dəstəyin göstərildiyi vurğulanıb. Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev 1054 ünvanında yerləşən, fiziki şəxs Əbiyev Roman Səfər oğluna məxsus “Alatava” restoranında AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Baxış zamanı obyektdə yararlılıq müddəti bitmiş “Bekon” əmtəə nişanlı ət məhsullarının istehlaka təqdim olunduğu, həmçinin istehlaka yararsız çörək, müvafiq müşayiətedici sənədləri olmayan süd məhsulları və bildirçin ətləri aşkar edilib. Yoxlama aparılarkən restoranda qida məhsullarının saxlanılması zamanı temperatur rejiminə əməl olunmadığı, temperaturun monitorinqinin aparılmadığı müəyyən olunub. Eyni zamanda müəssisədə mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsulların dövriyyədən çıxarılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib və nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin direktoru İbrohim Erqaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı Özbəkistan nümayəndə heyətinə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə edilib. Görüşdə daha sonra 23 sentyabr 2024-cü il tarixində imzalanmış “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığa dair 2025-2026-cı illər üzrə Fəaliyyət Planı”nın icrası üzrə danışıqlar aparılıb. Pestisidlərin qeydiyyatı sistemi, həmçinin Agentlik tərəfindən bu sahədə görülən tədbirlər nümayiş olunub. Növbəti aylarda “Elektron fitosanitar sertifikatlarının qarşılıqlı tanınması haqqında” sazişin imzalanması barədə razılıq əldə olunub. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Qonaqlara həmçinin Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı təqdimatlar edilib.

Ölkədə bioloji təhlükəsizliyin təmin olunması istiqamətində aparılan məqsədyönlü tədbirlər, dünyada mövcud olan bir sıra heyvan xəstəliklərindən azad statuslarının əldə edilməsi ölkəmizdə istehsal olunan bir çox qida məhsullarının ixrac potensialı üçün münbit şərait yaradır. Eyni zamanda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Azərbaycanın yüksək patogen quş qripi virusundan azad statusunun təsdiq edilməsi quşçuluq məhsullarının ixracı üçün geniş imkanlar açır. Belə ki, 2023-cü ilin noyabr ayında AQTA ilə “Rosselxoznadzor” arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub və həmin ildən etibarən ərzaqlıq yumurtanın ixracına başlanıb. AQTA tərəfindən Çin Xalq Respublikasının Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub. Bütün bunlarla yanaşı, ilk dəfə olaraq Azərbaycan Respublikasından Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanılır. Artıq bu istiqamətdə müvafiq prosedurların icrası həyata keçirilməkdədir. Qeyd edək ki, son illər mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, respublikamızın insan və heyvan sağlamlığı üçün təhlükə törədən, habelə ətraf mühitdə bioloji təhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi ölkəmizdən quşçuluq məhsullarının ixracının daha da genişləndirilməsinə səbəb olub. İxracın artması bu sahədə qida təhlükəsizliyi nəzarəti sisteminin inkişafının və Azərbaycanda sənaye quşçuluğunun beynəlxalq standartlara uyğun olmasının göstəricisidir. Agentlik yerli istehsal qida məhsullarının xarici bazarlara çıxış imkanlarının artırılması, ixrac potensialının genişləndirilməsi istiqamətində sahibkarlıq subyektlərinə dəstəyini bundan sonra da davam etdirəcəkdir.

Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Uyğunsuzluqlar əsasən məhsul partiyalarının fiziki-kimyəvi göstəriciləri, həmçinin müvafiq olaraq kif-maya göbələklərinin və Aflatoksin B1-in normadan artıq olması ilə bağlı olub. Uyğunsuzluq aşkarlanan məhsullar aşağıdakılardır:

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dmitriy Pineviç arasında görüş keçirilib. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin artırılması müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Daha sonra iki ölkə arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar, eləcə də heyvanların identifikasiyası sahəsində gələcəkdə həyata keçiriləcək tədbirlər müzakirə edilib. Eyni zamanda respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Respublika ərazisində quş qripi xəstəliyinə qarşı 7-11 aprel tarixlərində epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatları və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər əraziləri əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Həmçinin quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinq çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar beynəlxalq sistemə daxil ediləcək. Monitorinq Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları və mütəxəssisləri ilə birlikdə həyata keçiriləcək. Tədbir müddətində götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq.

Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 10-14 mart tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Lənkəran, İmişli rayonlarında fəaliyyət göstərən 35 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Göyçay rayonunda pomidor ixracına hazırlıq, ixracın təşkili və qarşıda duran məsələlərin həlli ilə bağlı görüş keçirilib. Görüşdə ixracın çevik təşkil edilməsi məqsədi ilə tənzimləmə işlərinin koordinasiyası ilə bağlı geniş müzakirələr aparılıb. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ixrac əməliyyatları ilə bağlı ətraflı məlumat verilib. Həmçinin təsərrüfat obyektlərinin AQTA tərəfindən qeydiyyata alınmasının önəmi vurğulanıb və qanunvericiliyin tələbləri bir daha iştirakçıların diqqətinə çatdırılıb. Əlavə olaraq, idxalatçı ölkələrin idxal tələbləri, karantin tətbiq edilən zərərverici orqanizmlər haqqında ətraflı məlumatlar verilib. Görüş zamanı istehsalçıların məmnunluğunun təmin edilməsi məqsədi ilə təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Agentlik tərəfindən bu cür görüşlər respublikanın qida sahəsində ixracpotensiallı bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan digər regionlarında da davam etdirilir.

Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Yaşar Vəli oğluna məxsus “Sarı Qaya” ictimai iaşə obyektində AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi tələblərinin pozulması halları aşkarlanıb. Belə ki, iaşə obyektində qida məhsullarının saxlanıldığı soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, məhsulların saxlanma şəraitinə əməl olunmadığı, isti yeməklərin növbəti günlərdə yenidən isidilərək müştərilərə təqdim olunduğu, emal sahəsində temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub. Həmçinin baytarlıq sənədi olmayan ət, balıq məhsulları, mənşəyi məlum olmayan qatıq məhsulu, istehsal tarixləri olmayan yarımfabrikatlar və hazır yeməklər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupu ilə görüş keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə AQTİ İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov çıxış edərək ölkəmizdə gənclər üçün yaradılan şəraitdən və könüllülük fəaliyyətinin əhəmiyyətindən bəhs edib, sağlam qidanın təbliğində “Qida Təhlükəsizliyi Könüllüləri”nin rolunu yüksək qiymətləndirib. Bildirib ki, könüllülər əhalinin maarifləndirilməsində özünəməxsus rol oynayır. Tədbirdə “Qida Təhlükəsizliyi Könüllüləri”nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Sonra “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun illik hesabatı təqdim edilib. Qeyd olunub ki, ildən ilə könüllülərin sıraları genişlənir, onların qida sektorunun inkişafındakı rolu daha da artır. İndiyə qədər 1832 nəfər könüllü olmaq üçün müraciət edib, onlardan 350 nəfər seçilib. Könüllülərin müxtəlif tədbirlərdə iştirak etməsi, istehsalat müəssisələrinə infoturlar təşkil etməsi və əhalini sağlam qida ilə bağlı məlumatlandırması onların qida təhlükəsizliyi sahəsindəki təsirini daha da gücləndirir. Tədbirin sonunda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən məzun könüllülərə sertifikatlar təqdim edilib.

Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında yerləşən, fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək istehsalı müəssisəsində AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, xammal və inqrediyentlərin saxlanılması zamanı temperatur rejiminə əməl edilmədiyi, satışa çıxarılan çörəklərin qablaşdırılmadığı və markalanmasının aparılmadığı, unların üzərində azərbaycan dilində etiket məlumatlarının olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.