Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Quş qripi ilə bağlı keçirilən monitorinqlərin nəticələri açıqlanıb
Quş qripi ilə bağlı keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə 2025-ci ilin 3-7 mart tarixlərində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 68 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 34 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 340 baş, habelə 16 rayonun (şəhər) 406 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 1234 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb.  Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb, toplanmış epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar elektron sistemə daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.

“Bitki sağlamlığı haqqında” yeni Qanun layihəsinin ictimai müzakirəsinə başlandı
“Bitki sağlamlığı haqqında” yeni Qanun layihəsinin ictimai müzakirəsinə başlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Agentlik yanında İctimai Şura üzvlərinin və bitkiçilik sahəsində ixtisaslaşmış müxtəlif assosiasiyaların təmsilçilərinin iştirakı ilə yeni hazırlanmış “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin ilk ictimai müzakirəsi keçirilib. Müzakirə zamanı ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi ilə bağlı həyata keçirilən fitosanitar nəzarət və fitosanitar xidmət fəaliyyətlərinin təşkilinin hüquqi əsaslarının müəyyən edilməsi, fitosanitar nəzarət və xidmət sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətlərin tənzimlənməsi və bu sahədə qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hazırlanmış yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin təqdimatı olub. AQTA rəsmiləri təqdimatla çıxış edərək, iştirakçılara bitki sağlamlığı sahəsində dövlət tənzimlənməsi, bitki mühafizəsinin və karantinin təşkili, bitkiçilik subyektlərinin hüquq və vəzifələri, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, dövriyyəsinə, istifadəsinə dair tələblər, həmin məhsulların istehsalı və dövriyyəsi ilə məşğul olan obyektlərin qeydiyyatı, fitosanitar xidmətlər və layihədə nəzərdə tutulan digər məsələlər barədə geniş məlumat verib. Qeyd olunub ki, “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 10 fəsil 46 maddədən ibarətdir. Tədbirdə İctimai Şura üzvləri və assosiasiya üzvləri tərəfindən Qanun layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, yeni Qanun ilə əlaqədar maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyə və məlumatların verilməsinin vacibliyi diqqətə çatdırılıb. Yekunda layihənin daha geniş ictimai müzakirəsi tövsiyə olunub. Qeyd edək ki, AQTA tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”na uyğun olaraq, qanunamüvafiq prosedurlar həyata keçirilməkdədir. Yaxın günlərdə yeni Qanun layihəsinin digər maraqlı tərəflərin, o cümlədən sahibkarların, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsinin keçirilməsi planlaşdırılır. “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi ilə Agentliyin rəsmi saytında yerləşdirilmiş xüsusi bölmədən link vasitəsilə tanış olmaq mümkündür: https://afsa.gov.az/az/qanunvericilik/bitki-saglamligi-haqqinda-qanun-layihesi

"Mona Liza" şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı
"Mona Liza" şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı

Bakı şəhəri, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən “Avşarlar" MMC-yə məxsus “Mona Liza" şadlıq sarayında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra ciddi nöqsanlar müəyyən edilib. Belə ki, şadlıq sarayının mətbəxinə və toy şənliyinin keçirildiyi zala baxış keçirilən zaman müxtəlif həcmdə aşkar saxtalaşdırma əlamətləri olan, küstar üsulla doldurulmuş, keyfiyyət və təhlükəsizliyinə dair sənədləri olmayan “Oneqin” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Agentlik tərəfindən həmin içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb və  məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə laborator müayinələrə cəlb olunub. Həmçinin yoxlama zamanı şadlıq sarayında yararlılıq müddəti bitmiş kolbasa məhsulu, üzərində etiket məlumatları və müvafiq sənədləri olmayan turşu və pendir məhsulları da aşkar edilib. Eyni zamanda qida obyektində sanitar-texniki və sanitar-gigiyenik tələblərin gözlənilmədiyi, ət, tərəvəz və alkoqollu içkilərin saxlandığı soyuducunun divar hissələrinin və rəflərinin, həmçinin ət asılan qarmaqların korroziyaya uğradığı, ətin emalı, xammalın qəbulu və anbar sahələrində kanalizasiya və su borularının izolyasiya edilmədiyi, alkoqolsuz içkilərin  birbaşa boruların altında saxlandığı, havalandırma sisteminin qurulmadığı, isti yeməklərin hazırlandığı və quru məhsul anbarı sahələrində tavanın tamlığının pozulduğu, doğrama lövhələrinin təmizlənmədiyi, işçi heyətin soyunub-geyinmə otağı ilə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı məlum olub.  Fakt bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub
Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub

Xəbər verildiyi kimi, AQTA tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı cari dövr ərzində ölkəmizə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb və müəyyən olunan konkret faktlar üzrə zəruri tədbirlər görülüb. Aşkarlanan uyğunsuzluqlarla bağlı tənzimləmə tədbirləri çərçivəsində xaricdə fəaliyyət göstərən bəzi şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa tətbiq olunub.  Belə ki, Ukrayna Respublikasının “Shidzahid”, “Zagotservice”, "Myasador”, "VKP Verbovskoye" MMC istehsalçı şirkətlərinin dondurulmuş mal əti məhsullarında, həmçinin bu ölkənin “Lutskaya Agrarnaya Kompaniya” şirkətinin dondurulmuş toyuq ayağı məhsulunda aşkarlanan uyğunsuzluqlarla bağlı həmin şirkətlərdən ölkəmizə məhsul ixracına qadağalar tətbiq olunub. Həmçinin Belarus Respublikasının SP "Santa Bremor" istehsalçı şirkətinin hisə verilmiş balıq filesi, “Qrodnenskiy Myasokombinat OAO”nun dondurulmuş mal əti, Braziliya Federativ Respublikasının “Masterboi” istehsalçı şirkətinin dondurulmuş mal əti, Monqolustan Respublikasının “Azat LLC” istehsalçı şirkətinin quzu əti, Rusiya Federasiyasının “Miratorg-Kurs” istehsalçı şirkətinin isə donuzun dondurulmuş sümüksüz əti məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına bildiriş məktubları ünvanlanıb.

”Kaspian Prodakşn Layn” MMC-də istehlaka yararsız məhsullar aşkarlanıb
”Kaspian Prodakşn Layn” MMC-də istehlaka yararsız məhsullar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının apardığı yoxlama nəticəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov 6 ünvanında fəaliyyət göstərən "Kaspian Prodakşn Layn" MMC-yə məxsus “CPL” və “Ağartı” əmtəə nişanlı süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular aşkarlanıb. Sözügedən müəssisədə yararlılıq müddəti ötmüş süd məhsullarının təkrar qablaşdırılaraq yenidən satışa çıxarılması ilə bağlı daxil olan məlumat əsasında keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, yoxlama zamanı müəssisədə kəsmiyin süzülməsi sahəsində istehlaka yararsız qatıq məhsulları, C₆H₇KO₂-Kalium sorbat (E202) qida əlavəsi aşkar edilib. Sözügedən qida qoruyucusunun istifadəsi ilə bağlı məhsulların resepturasında və etiket məlumatlarında isə hər hansı qeyd aparılmadığı müəyyən olunub. Qeyd edək ki, kalium sorbat məhsulun yararlılıq müddətini uzatmaq, bakteriyaların, kif və maya göbələklərinin qarşısının alınması üçün istifadə edilən qida əlavəsidir.  Yoxlama zamanı eyni zamanda qida obyektində izlənmə sisteminin olmadığı, gigiyena qaydalarına əməl edilmədiyi, istehsal prosesində ardıcıllığının təmin edilmədiyi, çarpaz çirklənmənin baş verməsinin qarşısının alınmadığı məlum olub. Belə ki, müəssisə quru məhsul (xammal) anbarı ilə təmin edilməyib, xammal məhsulları və qablaşdırma materialları emal sahəsində saxlanılır. Məhsulların qablaşdırılması və etiketlənməsi emal sahəsində həyata keçirilir. Bundan əlavə qida obyektinin soyuducu kamerasında mal qonşuluğu qaydalarının pozulması faktı müəyyən edilib. Müəssisənin həmçinin sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, divarlarların kif ilə örtüldüyü, həmçinin korroziya əlamətləri aşkarlanıb. İstehsal və yardımçı sahələrdə havalandırma sistemlərinin quraşdılmadığı, xüsusi dolabların təşkil edilmədiyi məlum olub. Müəssisədə qatıq, xama, ərikli kəsmik, şor məhsullarından nümunə götürülərək laboratoriyaya təqdim edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Nöqsanlar aradan qaldırılanadək müəssisədə süd məhsullarının istehsalı ilə bağlı müvəqqəti məhdudiyyətin tətbiqi barədə qərar qəbul olunub.

Belarus səfiri AQTİ-də olub
Belarus səfiri AQTİ-də olub

Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Görüşdə AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyalarının qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin edilməsindəki rolu xüsusi vurğulanıb. Bu sahədə hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin və birgə layihələrin reallaşdırılması imkanları müzakirə olunub. Görüş zamanı qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması və digər maraq doğulan məsələlər barədə fikir mübadiləsi aparılıb. Daha sonra Belarus nümayəndə heyəti AQTİ laboratoriyalarına baş çəkib, müasir standartlara uyğun həyata keçirilən müayinələrlə tanış olub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyev laboratoriya mütəxəssislərinin beynəlxalq səriştəlilik sınaqlarında əldə etdiyi nailiyyətləri qonaqların diqqətinə çatdırıb. Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç İnstitutun apardığı tədqiqatlarla yaxından tanış olub, laboratoriyaların işini yüksək qiymətləndirib. Belarusun müvafiq sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Video
Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir