Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA ilə Moldovanın Milli Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
AQTA ilə Moldovanın Milli Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Moldova Respublikasının Milli Qida Təhlükəsizliyi Agentliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. AQTA sədri Qoşqar Təhməzli və Moldova Respublikası Baş Nazirinin müavini, Regional İnkişaf və İnfrastruktur naziri Vladimir Boleanın imzaladığı Memorandumda baytarlıq sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. İclasın sonunda Azərbaycan-Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının yekunlarına dair protokolu təsdiqlənib. Sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, elmi-texniki və humanitar, sosial, səhiyyə, mədəniyyət, əqli mülkiyyət, ətraf mühit, idman və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

“Məktəblilər üçün kişmiş” layihəsi davam edir
“Məktəblilər üçün kişmiş” layihəsi davam edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması ilə bağlı layihəni davam etdirir. Layihədə iştirak etmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən 10 ümumi təhsil müəssisəsi seçilib. Layihəyə cəlb olunan 2400-ə yaxın ibtidai sinif şagirdinə həftədə bir dəfə olmaqla qablaşdırılmış paketlərdə kişmiş paylanacaq.  Layihənin əsas məqsədi şagirdlərə sağlam qəlyanaltı vərdişləri qazandırmaqdır. Layihə çərçivəsində kişmişin seçilməsi isə təsadüfi deyil. Kişmiş tərkibindəki dəmir sayəsində beyin funksiyalarını yaxşılaşdıran, sümük və sinir hüceyrələrini, ürək döyüntüsünü tənzimləyən, yüksək enerji qaynağı olmaqla yanaşı qanartırıcı xüsusiyyətə malik olan qida məhsuludur. Uşaqlarda anemiyanın qarşısının alınmasına kömək edir. Bu səbəbdən kişmişin tərkibindəki dəmir uşaqların zehni inkişafını əhəmiyyətli dərəcədə dəstəkləyən və müvəffəqiyyət nisbətini artıran qida məhsulu hesab edilir. Əlavə olaraq layihə çərçivəsində məktəblərdə sağlam, yetərli və balanslı qidalanma mövzusunda maarifləndirmə tədbirləri həyata keçiriləcək. Şagirdlərə sağlam qəlyanaltı vərdişlərinin qazandırılması və onların qəlyanaltıda təbii, sağlam qidalara üstünlük verməsi layihənin əsas gözləntisi hesab edilir. Qeyd edək ki, layihə Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyinin iştirakı ilə həyata keçirilir.

Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub

"Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihə çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) həkim nutrisioloq, diyetoloq, qida mühəndisi və influenserlərin iştirakı ilə info-tur təşkil olunub. İnfo-turda AQTİ-nin fəaliyyəti və laboratoriyaları haqqında ətraflı məlumat verilib.  Qeyd olunub ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı və regionlarda 17 laboratoriyası fəaliyyət göstərir. Ölkəmizdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunmasında mühüm rol oynayan bu laboratoriyalar müasir standartlara uyğun qurulub.  İştirakçılar əvvəlcə Nümunələrlə iş şöbəsi ilə yaxından tanış olublar. Burada laborator müayinələrə göndərilən nümunələr qəbul olunur. Əsas məqamlardan biri nümunənin sənədlərlə birlikdə təqdim edilməsi və laborator analizlər üçün yararlı olub-olmamasıdır. Məxfiliyin qorunması məqsədi ilə nümunə qəbul edildikdən sonra qablaşmanın üzərinə barkod vurulur. Barkodda yalnız nümunənin identifikasiya kodu, laboratoriyanın və nümunənin adı, nümunənin götürülmə və istehsal tarixi məlumatları qeyd olunur. Sonra isə nümunələr analiz üçün müvafiq laboratoriyalara təhvil verilir. Sonra qonaqlar Mərkəzi Fitosanitar Laboratoriyası, Kompleks Tədqiqatlar Laboratoriyası, Milli Referans Laboratoriyası ilə yaxından tanış olublar. Vurğulanıb ki, bu laboratoriyalarda ixtisaslı mütəxəssislər tərəfindən müasir standartlara uyğun analiz və müayinələr həyata keçirilir. Dünyanın qabaqcıl ölkələrinin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər və digər yüksək peşəkarlığa malik mütəxəssislər əhalinin, bitki və heyvan sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayır. Ekspertlərə laboratoriya əməkdaşlarının beynəlxalq səriştəlilik sınaqlarında qazandığı uğurlu nəticələr haqqında məlumat verilib.  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları ilə tanışlıq zamanı qeyd olunub ki, burada mobillik və çeviklik ön plandadır. Səyyar laboratoriyalar dövlət əhəmiyyətli tədbirlər zamanı su və qida məhsullarının müayinələri üçün əlverişlidir. Bu laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq bir çox fiziki-kimyəvi, mikrobioloji və PZR sınaqların aparılması üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub. AQTİ-nin fəaliyyəti ilə tanışlıqdan sonra ekspertlər İnstitutun işini yüksək qiymətləndirib, uğurlar arzu ediblər. Qeyd edək ki, "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə reallaşdırılır.

Körpələr üçün ən təbii qida: Ana südünün faydaları
Körpələr üçün ən təbii qida: Ana südünün faydaları

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NUDİA) birgə olaraq, sağlam qidalanmanın təşviqi məqsədilə "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" adlı yeni bir layihəyə başlayıb. Bu layihə cəmiyyətdə sağlam həyat tərzinin təşviqini və düzgün qidalanma vərdişlərinin inkişafını hədəfləyir. Layihənin ilk mövzusu körpənin həyatında mühüm yer tutan və ilk qida olaraq qəbul etdiyi ana südüdür. Ana südü körpənin sağlam böyüməsi və inkişafı üçün ən təbii və faydalı qidadır. Həyatının ilk altı ayında körpənin bütün qida ehtiyaclarını qarşılayaraq onun sağlamlığını təmin etmək üçün ideal qida mənbəyidir. Ana südü körpənin fiziki inkişafını dəstəkləyir, onun immun sistemini gücləndirərək infeksiyalara qarşı qoruyur. Ana südü körpənin psixoloji və emosional inkişafı üçün də çox önəmlidir. Təbii və zəngin tərkibi sayəsində ana südü başqa heç bir qida ilə müqayisə oluna bilməz. Ümumdünya Səhiyyə Təşkilatı ana südünün körpənin ilk 6 ayında yeganə qida mənbəyi olmasını tövsiyə edir. Bu dövr ərzində ana südü ilə qidalanan körpələr daha sağlam olur, həmçinin müxtəlif xəstəliklərə qarşı daha yaxşı müdafiə olunur. Ana südünün körpəyə verdiyi faydalar bununla bitmir. Ana südü ananın sağlamlığını da qoruyur, zahılıq dövründə orqanizmin sürətli bərpa olunmasına kömək edir və ananı süd verən dövrdə xəstələnməkdən qoruyur.

AQTA-da Moldovanın Kənd Təsərrüfatı üzrə İntervensiya və Ödənişlər Agentliyinin nümayəndələri ilə görüş keçirilib
AQTA-da Moldovanın Kənd Təsərrüfatı üzrə İntervensiya və Ödənişlər Agentliyinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Moldova Respublikasının Kənd Təsərrüfatı üzrə İntervensiya və Ödənişlər Agentliyinin səlahiyyətli nümayəndələri arasında görüş keçirilib.  Görüşdə AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva iki ölkə arasında baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sahələri üzrə əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib. Qonaqların diqqətinə çatdırılıb ki, ölkəmizdə heyvanların identifikasiyası və qeydiyyatı sistemi müasir üsullarla həyata keçirilir. Vizual qulaq birkaları və mikroçip kimi identifikasiya üsullarından geniş istifadə olunur. Bu mexanizm heyvan xəstəliklərinin izlənilməsi, diaqnostikası, xüsusilə də tətbiq edilmiş peyvənd, antibiotik və ya digər baytarlıq preparatları, həmçinin heyvana təyin edilmiş diaqnoz barədə məlumatların detallı şəkildə elektron məlumat bazasında toplanmasına imkan yaradır. Qeyd olunub ki, identifikasiya sahəsində beynəlxalq standartlar tətbiq edilir.  Görüş zamanı Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) və Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) üzrə Moldova ilə təcrübə mübadiləsi, sertifikatların qarşılıqlı tanınması və digər istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

AQTA-da ÜST nümayəndələri ilə görüş keçirilib
AQTA-da ÜST nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səlahiyyətli nümayəndələri ilə görüş keçirilib.  Görüşdə zoonoz xəstəliklərə epidemioloji nəzarət və eyni zamanda qida təhlükəsizliyi sahəsində ölkəmizdə tətbiq olunan “Erkən Xəbərdarlıq və Cavab (EWAR) Sistemi”nin real nəticələri müzakirə olunub.  Qeyd olunub ki, AQTA tərəfindən ölkəmizdə zoonoz xəstəliklərə nəzarət prioritet istiqamətlərdən biridir. Elə bu səbəbdən ölkəmizin xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyindən azad olma statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiqlənib. Növbəti hədəflər isə ölkəmizdə, eləcə də regionda dabaq xəstəliyinin (FMD) ləğv olunması və xəstəliyə müasir metodlarla nəzarətin təmin edilməsidir.  Görüşdə zoonoz xəstəliklərin erkən aşkarlanması, risklərin qiymətləndirilməsi və cavab tədbirlərinin vaxtında verilməsi ilə bağlı məsələlər müzakirə olunub. Qida təhlükəsizliyinə nəzarət tədbirləri və digər məsələlər üzrə məlumat verilib.  Qeyd edək ki, “Erkən Xəbərdarlıq və Cavab (EWAR) Sistemi” hər hansı xəstəlik və ya təhlükə ehtimallarını erkən aşkar edən sistemdir. Bu sistemin əsas məqsədi insanların həyatını qorumaq, xoşagəlməz halların təsirlərini minimuma endirməkdir.

Video
Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir