
Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi 36 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Səxavət İmran oğluna məxsus “Dostluq” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən olunub. Həmçinin soyuducuda etiketlənməsi aparılmayan qida məhsulları aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyətinə nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudiyyət qoyulub, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən, fiziki şəxs İsmayılova Fizulət Eldar qızına məxsus “Qurd Qapısı” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl olunmadığı, emal sahəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qida məhsullarının saxlanması ilə bağlı tələblərin yerinə yetirilmədiyi, soyuducu və dondurucuda müxtəlif ət məhsullarının çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, quru xammal anbarının və işçilər üçün soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, qida ilə təmasda olan səthlərin asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi məlum olub. Bununla yanaşı, yoxlama zamanı yeməklərin hazırlanması və ət emalı sahəsində mexaniki havalandırma sisteminin quraşdırılmadığı, emal sahəsində divarların tamlığının pozulduğu, soyuducu rəflərdə korroziya əlamətlərinin olduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimə cəlb olunmadığı, həmçinin istehlaka təqdim edilən ətlərin müvafiq müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, iaşə müəssisəsinin açıq sahəsində isti yeməklərin hazırlanması ilə bağlı fəaliyyətinə nöqsanlar aradan qaldırılanədək müvəqqəti məhdudiyyət qoyulub və icrası məcburi göstərişlər verilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Veyp istifadə edən yeniyetmələr arasında son dövrlərdə “Popkorn" xəstəliyinin yayılması ciddi narahatlıq yaradır. Veypin insan sağlamlığı üçün bir digər təhlükəsi isə tərkibindəki "diasetil" adlı kimyəvi maddə səbəbindən yaranan popkorn xəstəliyidir. Bu xəstəlik veyp istifadə edən yeniyetmələr arasında tənəffüs sistemi ilə bağlı sağlamlıq problemlərinə yol açır. Xəstəliyin adı isə çox maraqlıdır – "popkorn". Bəs niyə popkorn? Çünki bu xəstəliyin təsiri ilə ağciyərlərdən gələn səs popkorn xırıltısını xatırladır. Diasetil maddəsi qida sənayesində aromatizator kimi istifadə edilir və təhlükəsiz sayılır. Lakin veyp mayelərinə əlavə olunaraq inhalyasiya edildikdə, yəni nəfəsə çəkildikdə tənəffüs yollarına ciddi zərər vurur. Popkorn xəstəliyi özünü əvvəlcə adi bir respirator infeksiya kimi göstərir. Quru öskürək, nəfəs darlığı, döş qəfəsində ağrılar, halsızlıq və bəzən yüksək temperatur ilə müşahidə olunur. Lakin zamanla vəziyyət pisləşir, ağciyərlərdə geriyə dönməz dəyişikliklər baş verir. Unutmayaq ki, 39 ölkə veyp istifadəsini tamamilə qadağan edib, 82 ölkə isə yalnız ciddi tənzimləmələr əsasında satışına icazə verir. Əgər sağlamlığınızı qorumaq istəyirsinizsə, veypdən imtina etmək ən düzgün addım olacaq. Unutmayın ki, sağlamlığınız ən qiymətli sərvətinizdir!

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağa oğlu 26 ünvanında fəaliyyət göstərən fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus “Top Qapı” ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb və qida obyektinin mətbəx sahəsinin fəaliyyəti həmin nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb. Agentlik tərəfindən həmin qərarın icra vəziyyətinin yerində yoxlanılması məqsədilə aparılan baxış zamanı “Top Qapı” restoranının məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərara əməl etmədən və göstərilən nöqsanlar tam aradan qaldırılmadan fəaliyyət göstərdiyi və müəssisədə təmir işlərinin aparıldığı bir vaxtda müxtəlif qidaların emal olunduğu müəyyən edilib. Faktla bağlı sahibkar barəsində qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində Agentliyin qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati icraata başlanılıb və müəssisənin mətbəx sahəsinə nöqsanlar tam aradan qaldırılanadək yenidən müvəqqəti məhdudiyyət tətbiq olunub.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir. Aprel ayında keçirilməsi planlaşdırılan quru süd nümunəsində yağlılıq, nəmlik, quru maddə və laktozanın təyini sınaqlarında iştirak etmək üçün 30 aprel 2025-ci il son müraciət tarixi müəyyən olunub. Sınaqlarda iştirak etmək istəyən laboratoriyalar “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron poçtuna göndərməlidir. Səriştəlilik sınaqlarının nəticələri sınaqlar yekunlaşdıqdan sonra 1 ay müddətində İnstitutun rəsmi saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfedensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq. Həmçinin növbəti aylarda keçiriləcək səriştəlilik sınaqlarının proqramı ilə AQTİ-nin rəsmi saytı (afsi.gov.az) vasitəsilə tanış olmaq mümkündür. Saytda “Səriştəlilik sınaqları” adlı bölmədə aylar üzrə həyata keçirilməsi nəzərdə tutulan səriştəlilik sınaqlarının siyahısı və laboratoriyaların həmin sınaqlarda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması (Mikrobioloji sınaqlar)”, “Proqram”) yerləşdirilib. Kolbasa matriksində nitrat, nəmlik, nişastanın təyini sınaqları cari ilin may, ət nümunəsində Salmonella qida infeksiyasının təyini üçün sınaqlar isə iyul ayında keçiriləcək. Buğda matriksində zədələnmiş toxumlar, şüşəvariliyin, cücərmiş dənin, sürməli dənin, oqranoleptik göstəricilərin, yaş qlütenin miqdarının, nəmliyin, natura və zibil qarışığının, sendimentasiya indeksinin, eləcə də düşmə ədədinin təyini üzrə sınaqlar avqust ayında aparılacaq. Su nümunəsində codluq, pH, elektrik keçiricilik parametrləri üzrə sınaqlar sentyabr, şərab matriksində şəkərin, metil spirtinin kütlə qatılığının, titrlənən və uçucu turşuların kütlə qatılığının təyini sınaqları isə 2025-ci ilin noyabrında həyata keçiriləcək. Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təşkil olunan sınaqların məqsədi xarici keyfiyyətə nəzarət vasitəsi kimi dövlət və özəl laboratoriyalarda analiz nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin edilməsidir. Sınaqlar laboratoriya xidmətlərinin keyfiyyətinin artırılmasına, rutin analizlərin obyektiv qiymətləndirilməsinə və laboratoriya işçilərinin səriştəliliyinin artırılmasına şərait yaradır. Səriştəlilik sınaqlarında iştirakçıların fəaliyyəti laboratoriyalararası müqayisə yolu ilə əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq qiymətləndirilir. Qiymətləndirmə nəticələrinin beynəlxalq standartlara uyğunluğun təmin etmək üçün sınaqlar "ISO/IEC 17043 Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Başqırdıstan, Buryatiya, Tatarıstan respublikalarında, Zabaykalsk diyarında, Çelyabinsk vilayətində nodulyar dermatit, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda xırdabuynuzlu heyvanların çiçək, Macarıstanın Borşod-Abauy-Zemplen, Dyör-Moşon-Şopron inzibati ərazi vahidlərində, Amerika Birləşmiş Ştatlarının Aydaho, Alabama, Nebraska, Qərbi Virciniya, Corciya, Vaşinqton ştatlarında isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Aprelin 25-i saat 10:00-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq aprelin 24-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

Əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal edilən gilas tinglərindən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Aparılan müayinələr nəticəsində Çəyirdəklilərin bakterial ləkəliyi (Xanthomonas arboricola pv.Pruni) xəstəliyi aşkarlanıb. Fitosanitar karantin tələblərinə cavab verməyən sözügedən yük partiyası ilə bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək 17800 gilas tingi məhv edilib. Qeyd edək ki, Çəyirdəklilərin bakterial ləkəliyi patogen bağçılıq təsərrüfatlarına ciddi zərərvurma potensialına malik olmaqla, məhsuldarlığın və keyfiyyət göstəricilərinin azalmasına səbəb olur.

Fiziki şəxs Mikayılov Elvin Vaqif oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 19 ünvanında fəaliyyət göstərən "Şüa" ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, sanitar-gigiyenik qaydaların gözlənilmədiyi müəssisədə qida məhsullarının saxlanması rejiminə əməl olunmadığı, temperaturun monitorinqinin aparılmadığı, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, mal qonşuluğu prinsipi pozulmaqla saxlanılan və baytarlıq sənədləri olmayan balıq, toyuq, hindquşu məhsulları müəyyən olunub. Həmçinin soyuq qəlyanaltılar və isti yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, çalışan işçilərin soyunub geyinməsi üç sahənin ayrılmadığı, qida məhsullarının saxlandığı rəflərin korroziyaya uğradığı aşkar olunub. Müəssisədə çalışan işçilərin tibbi müayinədən keçmədən və gigiyenik təlimlərə cəlb edilmədən fəaliyyət göstərməsi kimi bir sıra nöqsanlar qeydə alınıb. Aşkar olunan faktla bağlı inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında aprelin 3-ü saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

AQTA-nın həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Allbuy” MMC və “Şamaxı Dairy Farm” MMC tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterinləri − “Kampesterin” və “Beta-sitosterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Palmitin, Olein yağ turşuları) aşkarlanıb. Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkarlar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ISO (International Organization for Standardization) beynəlxalq standartlarına dair iki sahə üzrə sertifikatlara layiq görülüb. Belə ki, cari ilin 5-7 mart tarixlərində AQTA-da beynəlxalq auditor tərəfindən keçirilən müvafiq standartlar əsasında inteqrasiya edilən idarəetmə sisteminin auditinin nəticələrinə əsasən, Agentlikdə idarəetmə sisteminin “Keyfiyyət İdarəetmə Sistemi üzrə” ISO 9001:2015 və “Antikorrupsiya İdarəetmə Sistemləri” ISO 37001:2016 standartlarına uyğunluğu təsdiq edilib və hər iki beynəlxalq standart üzrə sertifikatlar təqdim olunub. Xatırladaq ki, Agentlikdə 2024-cü ilin avqust ayından sözügedən hər iki standartın tətbiqi istiqamətində işlərə başlanılıb. ISO beynəlxalq standartlarının tətbiqi idarəetmə və əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsinə, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması, idxal-ixrac əməliyyatları da daxil olmaqla, ümumilikdə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması istiqamətlərində fəaliyyətinin daha da şəffaf və operativ qurulmasına, vətəndaşların məmnunluğunun artırılmasına öz töhfəsini verəcəkdir. Qeyd edək ki, ISO beynəlxalq standartları hazırda dünyada bir sıra mütərəqqi təşkilatlar və qurumlar tərəfindən tətbiq olunmaqdadır. AQTA fəaliyyətinin daha da təkmilləşdirməsi, eyni zamanda beynəlxalq standartların tətbiq edilməsi istiqamətindəki işlərini gələcəkdə də davam etdirəcəkdir.